Məhkəmə qərarları › İş №2(103)-2224/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2224/2025

02.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2224/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və oğlunun katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-393/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.4 kv.m və 8.5 kv.m köməkçi sahədən ibarət 21A saylı fərdi yaşayış evi İddiaçı2 adına xx.xx.2009-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ev və torpaq sahəsi kredit öhdəliyinin təminatı qismində "xxxx" ASC Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(022)-67/2013 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin evdə yaşayanların məcburi qaydada çıxarılması, evin açıq hərracdan satılması və dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 6.906,35 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın İddiaçı2 məxsus olan Biləsuvar şəhəri, S.Rufullayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ilkin satış qiymətinin 17.000 manat müəyyən edilməsi, bankın kredit tələbinin evin satılmasından əldə edilən vəsait hesabına ödənilməsi, ev satıldıqda həmin evdə qeydiyyatda olanların, o cümlədən evdə yaşayan digər şəxslərin bir ay ərzində həmin evi tərk etmədikləri təqdirdə onların məcburi qaydada çıxarılmaları, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

3. Biləsuvar rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 541 nömrəli sifariş məktubunda qeyd edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli 2(022)-67/2013 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, ilkin satış dəyəri 17.000 manat olmaqla, İddiaçı2 məxsus, Biləsuvar şəhəri S.Rufullayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur.

4. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2013-cü il tarixli 01 saylı bildirişindən görünür ki, sifariş məktubu üzrə ilkin hərracın keçirilməsi xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixli 02 saylı bildirişindən görünür ki, sifariş məktubu üzrə hərracın keçirilməsi xx.xx.2014-cü il tarixə təyin edilmiş və bu barədə sifarişçi icra bölməsinə, borclulara və tələbkara bildirişlər göndərilmişdir. xx.xx.2014-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, ilkin hərrac baş tutmadığından, ipoteka predmeti hərraca 14.450 manata çıxarılacaq.

5. Təkrar hərrac baş tutmadığından tələbkara xx.xx.2014-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif ünvanlanmış, "xxxx" MMC ilə ipotekasaxlayan "xxxx" ASC (rebrendinqdən sonra "xxxx" ASC) arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 18/08 nömrəli protokola əsasən ipoteka predmeti ipoteka saxlayan tərəfindən 10.837,5 manata əldə edilmişdir.

6. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, ipoteka predmeti bank tərəfindən əldə ediləndən sonra, Biləsuvar rayon İcra Qrupuna və "xxxx" MMC-yə borclunun banka 6.906,35 manat kredit borcu olması, bank tərəfindən hərrac xərclərinə görə 1.026 manat pul vəsaiti xərcləndiyi, ümumilikdə borc məbləğinin 7.933 manat təşkil etdiyi, beləliklə də ipoteka predmetinin hərracda son satış qiyməti ilə borc arasında 2.906 manat fərq yarandığı, həmin fərqin borclunun cari hesabına köçürüldüyü barədə məlumat verilmişdir.

7. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Biləsuvar Filialının adına ********** nömrə ilə qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “açıq hərracın yekunları barədə 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açıq hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 18/08 saylı protokolun etibarsız hesab edilməsi və həmin protokolun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən xx.xx.2009-cu il tarixdə 25 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Biləsuvar filialından 18 ay müddətinə illik 22% dərəcəsi ilə 10.000 manat pul götürülmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə mülkiyyət hüququ ilə İddiaçı2 məxsus fərdi yaşayış evinə ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2010cu il tarixə kimi kredit borcu üzrə vaxtında olmaqla 5.256 manat məbləğində ödəniş edilmişdir. Lakin maddi çətinliklər səbəbindən kredit borcunun ödənilməsində fasilə yaranmışdır. xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 2.650 manat, cəmi 3.150 manat kredit borcu ödənmişdir. Beləliklə, kredit müqaviləsinə əlavə olunmuş cədvəl üzrə 8.406 manat (5.650 manat + 3.150 manat) pul ödənilmişdir. Öhdəliyin vaxtında və ya lazımınca icra edilməməsi qənaətinə gələn "xxxx" ASC-nin Biləsuvar filialı Biləsuvar Rayon Məhkəməsində iddia qaldırmışdır. Biləsuvar Rayon Məhkəməsində iddianın qismən təmin edilməsi barədə xx.xx.2013-cü il tarixli 2(022)-67/2013 saylı qətnamə qəbul edilmişdir. Məhkəmədə iddia qaldırılarkən iddiaçıların kredit müqaviləsi üzrə banka 4.308,35 manat əsas borc, 659 manat faiz, 3.878 manat dəbbə olmaqla, cəmi 8.845,35 manat borclu olduğu göstərilmişdir. Lakin məhkəmənin qətnaməsi ilə dəbbə pulu 1.939 manat edilməklə borc tələbi cəmi 6.906,35 manat qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra xx.xx.2013-cü il tarixdə banka 150 manat pul ödənilmişdir. Nəticədə iddiaçılar banka 6.756,35 manat (6.906,35 manat - 150 manat) borclu qalmışlar. Bank isə mövcud vəziyyəti, yəni kredit borcunu ödəmək barədə iddiaçıların mövqeyini və təşəbbüslərini nəzərə almayaraq maddi və mənəvi ziyan vurmaqla əsassız varlanmağa çalışmışdır. Belə ki, iddiaçıların məlumatı olmadığı halda xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC adında hərrac təşkilatçısı tərəfindən Biləsuvar rayon İcra Qrupunun icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun sifarişi ilə, "xxxx"ın tələbi əsasında İddiaçı2 məxsus Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 21A saylı fərdi yaşayış evinin satılması barədə açıq hərrac keçirilmişdir. Hərracın qalibi "xxxx" olmuşdur. Əmlakın ilkin hərrac qiyməti 17.000 manat, satış qiyməti isə 10.837,50 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixdə açıq hərrac keçirilməsinə və bu barədə 18/08 saylı yekun protokolunun tərtib edilməsinə baxmayaraq xx.xx.2014-cü il tarixdə 300 manat, xx.xx.2014-cü il tarixdə 1.000 manat, xx.xx.2014-cü il tarixdə 1.000 manat, cəmi 2.300 manat "xxxx"ın hesabına iddiaçılar tərəfindən pul ödənilmişdir. Bankdan alınmış çıxarışa əsasən kredit müqaviləsi üzrə 10.856 (5.256 + 3.150 + 150 + 2.300) manat pul ödənilmişdir. Buna baxmayaraq, girov qoyulmuş ev də hərracdan satılmış və pulu mənimsənilmişdir. Nəticədə cavabdehlər iddiaçıları aldatmış və əsassız varlanmışlar. İşin faktiki halları iddiaçıların aldadıldıqlarını bir daha təsdiq edir. Belə ki, hərracın keçirilməsi qaydası pozulmuşdur. Girov qoyulmuş evin satılmasından iddiaçıların xəbəri olmamışdır. Halbuki, həmin evdə 11 nəfər ailə üzvü yaşamışdır və yaşayırlar. Evin mülkiyyətçisi təqaüdçüdür. Onların artıq satılmış, mülkiyyətlərində olmayan evdən çıxarılması barədə heç bir məlumatları olmamış, xəbərdarlıq edilməmişlər. Biləsuvar Rayon Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsinin nəticə hissəsində göstərilmişdir ki, bankın kredit tələbi evin satılmasından əldə edilən vəsait hesabına ödənilsin. Ev satıldıqda həmin evdə qeydiyyatda olanlar, o cümlədən evdə yaşayan digər şəxslər bir ay ərzində həmin evi tək etmədikləri təqdirdə onlar məcburi qaydada çıxarılsınlar. Cavabdeh olaraq "xxxx" ASC-nin Biləsuvar filialı isə açıq hərrac keçirildikdən sonra da qanunsuz olaraq hazırkı iddiaçılardan kredit ödənişi (2.300 manat) qəbul etmiş və evin öz xeyrinə özəlləşdirilməsini bildirməmiş və orada yaşayanların evdən çıxarılması barədə heç bir tələb irəli sürülməmişdir. Göründüyü kimi, cavabdehin məqsədi yalnız əsassız varlanmaq olmuşdur. Bildirir ki, açıq hərrac zamanı ilkin dəyəri 17.000 manat müəyyən edilmiş fərdi yaşayış evinin və evin yerləşdiyi 0,6 ha torpaq sahəsinin 10.837,50 manata satılması da həqiqətə uyğun deyildir. Belə ki, satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi də cavabdehlərin iddiaçılara qəsdən maddi və mənəvi ziyan vurulması məqsədindən irəli gəlir. Halbuki girov predmeti olan evin yerləşdiyi 0,6 ha torpaq sahəsi Biləsuvar şəhərinin mərkəzində olduğundan torpaq sahəsinin 0,1 ha-nın 4 min manat, evin isə 50-60 min manat civarında bazar qiyməti vardır. Həyətdə iki ev mövcuddur. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən bilərəkdən yol verilmiş qanunsuz hərəkətlərdən 2024-cü ilin aprel ayının axırlarında xəbər tutulmuşdur. Belə ki, girov evin mülkiyyətçisi (iş üzrə iddiaçı) İddiaçı2 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə qalan borcların ödənilməsinə imkan yarandığını bildirmişdir. Borcu tam şəkildə ödədikdən sonra girov qoyulmuş evin çıxarışını götürmək və həyətdə tikilmiş ikinci evin daşınmaz əmlakın dövlət reyestrinda qeydə alınması zərurəti yaranmışdır. Bu məqsədlə artıq ləğv edilmiş "xxxx"ın səlahiyyətlərini yerinə yetirən Əmanətlərin Sığortalanması Fondunun qaynar xətti ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, girov qoyulmuş ev bankın balansındadır. Evin yüklülüyü barədə dəqiq məlumat almaq üçün reyestr xidmətinə müraciət etdikdə məlum olmuşdur ki, sözügedən ev hal-hazırda mülkiyyət hüququ ilə banka məxsusdur, açıq hərrac qaydasında satılmışdır. Gözlənilməz məlumat iddiaçıları sarsıtmış və iztirablarına səbəb olmuşdur. Çünki ev böyük bir ailənin yeganə yaşayış evidir. Cavabdehlərin qanunsuz hərətəklərindən məlumatları olmamışdır, digər tərəfdən kredit müqaviləsi üzrə borcun çox hissəsi ödənilmişdir. İşin faktiki halları göstərir ki, iddiaçılar cavabdehlər tərəfindən aldadılmışdır. Əsassız olaraq hərracdan sonra 2.300 manat pul alınmışdır. Hərraca qədər 8.500 manat pul ödənilməsi, evin isə 10.837 manata satılması halında hərracdan sonra 2.300 manat pulun aldadılaraq alınmasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi açıq hərracın təşkilatçısı olan "xxxx" MMC və sifarişçi Biləsuvar rayon İcra Qrupu tərəfindıən hərracın keçirilməsi qaydaları pozulmuş və qanunsuz olaraq 18/08 saylı xx.xx.2014-cü il tarixli protokol tərtib edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, İddiaçı1 Şəhid qardaşıdır.

10. Cavabdeh Əmanətlərın Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə Elektron kabinet vasitəsilə təqdim edilmiş ərizədə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi xahiş olunmuşdur. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində açıq hərrac keçirilib və hərracın yekunları barədə18/08 saylı Protokol tərtib edilib. Həmin tarixdən isə artıq 10 il keçmişdir. İddiaçı tərəfindən ümumi iddia müddəti belə ötürülmüşdür.

11. Məhkəmənin sübutların cəlb edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq hərrac təşkilatı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı2 mülkiyyətində olan Biləsuvar şəhəri, S.Rufullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi ilə bağlı sənədlər üzərindən uzun müddət keçdiyi üçün arxivləşdirilmişdir. Göstərilən məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə aktın, 2002- 2015-ci illərə aid arxiv sənədlərinin elmi-texniki cəhətdən qaydaya salınması barədə podrat müqaviləsinin və görülmüş işlərin təhvil-təslim aktının surətindən görünür ki, 2002- 2015-ci illər aralığına aid sənədlərin arxivləşdirilməsi və məhv edilməsi üçün Milli Arxiv İdarəsi yanında X2 Salan Mərkəzlə podrat müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəliklər xx.xx.2022-ci il tarixədək icra edilmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 393/2025 nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia təmin edilməmişdir.

13. Məhkəmə ilkin olaraq iddiaçıların məhkəmə qətnaməsi qəbul edildikdən və hətta açıq hərrac keçirildikdən sonrakı dövrdə ödənişlərə dair dəlili ilə bağlı bildirmişdir ki, təqdim edilmiş ******************** nömrəli hesabdan çıxarışa əsasən iddiaçının qeyd etdiyi ödənişlər öz əksini tapmışdır.

14. İddiaçıların məhkəmə qətnaməsindən və icradan məlumatsız olmalarına dair dəlilləri İddiaçı1 sonuncu məhkəmə baxış iclası zamanı izahatı ilə təkzib edilmişdir. Belə ki, iddiaçı məhkəmə icraatından və icra icraatından da məlumatlı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, icra məmuru ona kredit ödənişlərini etdiyi halda heç kimin onu evdən çıxara bilməyəcəyini demişdir. O da bundan arxayın olaraq sonrakı tarixlərdə qeyd etdiyi məbləğlərdə ödəniş etmişdir.

15. Borclunun və ipoteka qoyanın hərracdan məlumatlı olub-olmaması ilə bağlı halı aydınlaşdırmaq məqsədilə verilmiş sorğular əsasında hərrac təşkilatçısı tərəfindən təqdim edilmiş sənədlərə əsasən mübahisələndirilən dövrə aid sənədlərin qanunvericiliyin tələblərinə əsasən məhv edildiyi müəyyən edilmişdir. Belə olan halda sübutetmə yükü iddiaçıların üzərinə düşür ki, iddiaçılar da hərracdan məlumatsız olmalarına dair halı sübuta yetirə bilməmişlər. Əksinə məhkəmə qətnaməsində ipoteka predmetinin açıq hərracdan satışının qət edilməsi və iddiaçının da məhkəmə qətnaməsindən məlumatlı olması işin araşdırılmış hallarından müəyyən olunur.

16. İddiaçıların digər dəlilləri - evin dəyərindən ucuz qiymətləndirilməsi, icra məmuru tərəfindən sifariş verildikdən sonra iki ay müddətində hərracın keçirilməməsi, habelə hazırda ipoteka predmetini əldə etmiş bankın şəxslərin mülkiyyətdə olan yaşayış sahələrindən çıxarılması tələbinin irəli sürülməməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz. İlk növbədə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar bu halı mübahisələndirməmişlər. Habelə sonrakı mərhələdə ipoteka predmetinin açıq hərracdan satış dəyərinin 10.837,50 manat müəyyən edilməsi təkrar hərracın baş tutmaması nəticəsində həmin əmlakın ipoteka saxlayana güzəşt faizləri tətbiq edilməklə təklif edilməsidir ki, bu hal da qanunla tənzimlənən haldır. İpoteka predmetinin açıq hərracdan satışı barədə icra qurumu tərəfindən sifariş xx.xx.2013-cü il tarixdə göndərilmiş, açıq hərracın keçirilməsinə dair ilk bildiriş xx.xx.2013-cü il tarixdə göndərilməklə hərrac xx.xx.2014-cü il tarixə təyin edilmişdir. Bundan sonrakı dövrdə isə açıq hərracın baş tutmaması nəticəsində qanunvericiliyə uyğun prosedur həyata keçirilmişdir. Göründüyü kimi iddiaçının sifariş verildikdən 2 ay müddətində hərracın keçirilməməsinə dair dəlilləri əsassızdır. Bundan başqa ipoteka predmetini əldə etmiş bankın fərdi yaşayış evində yaşayan şəxslərin həmin yaşayış sahəsindən çıxarılması isə mülkiyyətçinin öz mülahizəsinə görə həyata keçirəcəyi hüququndan irəli gəlir ki, hazırki halda bankın bu hüququndan istifadə etməməsində qanun pozuntusu halı yoxdur.

17. İddiaçının özünün də bildirdiyi kimi hesablamasına əsasən banka çox cüzi məbləğdə borcu qalmışdır və mübahisədən xəbərdar olmasına baxmayaraq 10 ilə yaxın müddətdə həmin cüzi məbləğdə hesab etdiyi borcu ödəməmişdir. Yalnız 2024-cü ildə fərdi yaşayış evinin sənədləşməsi ilə bağlı müraciəti nəticəsində sanki daşınmaz əmlakın bankın mülkiyyətinə keçməsindən xəbər tutmasına dair dəlilləri də əsaslı hesab edilə bilməz. Bu hal iddiaçının özünün də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halı qəbul etməsinə dəlalət edir. Fərdi yaşayış sahəsində daimi yaşayan və yaşayış sahəsi kimi istifadə edən şəxsin məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş həmin əmlakın digər şəxsin mülkiyyətinə keçməsindən 10 ilə yaxın müddətdə xəbərsiz olması ağlabatan sayıla bilməz.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər hərracın etibarsız hesab edilməsinə əsas vermir. Belə olan təqdirdə cavabdeh tərəfindən tətbiqi barədə ərizə verdiyi iddia müddəti baxımından mübahisənin qiymətləndirilməsinə əsas yoxdur.

19. İddiaçıların nöqteyi-nəzərindən 10 ildən artıq müddətdə davamlı yaşadıqları fərdi yaşayış evinin bu müddət ərzində onların mülkiyyətində olmamasının hazırda 10 ildən sonra müəyyən edilməsi halında, əvvəlki vəziyyətin bərpasının qeyri-mümkünlüyü hər nə qədər ədalətsiz görünsə də, iddiaçılar özü bu müddət ərzində ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin aqibətinə etinasızlıq nümayiş etdirmişlər.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə, 25-ci maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İV hissəsinə, 129-cu maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 319.1, 319.5, 372.1, 373.1 ,375.2, 384.0.4, 416.1, 416.2, 560.1, 560.2, 560.3.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1, 41.2, 41.3, 41.5, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 82.3, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, qeyd edilmişdir ki, Biləsuvar rayon İcra şöbəsi icra sənədi üzrə evinin hərracda satılması üçün "xxxx" MMC sifariş verilməsi ilə bağlı, "xxxx" MMC isə 4 dəfə hərrac keçirilsə də, 1 dəfə də olsun, onlara nə rəsmi, nə də ki şifahi məlumat verməmişlər. Xəbərləri olsaydı, qanunsuz keçirilmiş hərracdan bir il sonrakı müddətdə banka 2.300 manat kredit ödəməzdilər. 6.000 manat borc qaldığı halda, ev 10.837 manata satıldıqdan sonra bu günə kimi artıq vəsait iddiaçıya qaytarılmamışdır. Məhkəmə qənaətə gəlmişdir ki, sübutetmə yükü iddiaçıların üzərinə düşdüyündən hərrac təşkilatçısının arxiv sənədlərini iddiaçılar tapa bilməmişlər. Hərrac təçşkilatçısı sənədləri məhv etsə də, iddiaçılar həmin sənədləri tapmağa borcludur?

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş və hərrac barədə məlumatı olduğunu qeyd etmişdir. İddiaçılar Fondun xərclərini ödəyib yenidən evi mülkiyyətlərinə keçirə bilərlər.

25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçılara hərracla bağlı hər hansı məlumat verilməmişdir. İddiaçı hərracdan bir il sonra 2.600 AZN pul ödəniş etmişdir. Əgər hərrac barədə məlumatı olsaydı, ödəniş icra etməzdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

28. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (iş üzrə 2014-cü ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Maddə 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdən müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(022)-67/2013 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı1 və İddiaçı2 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, onlardan 6.906 manat 35 qəpik pul vəsaitinin tutulması, tələb üzrə tutmanın İddiaçı2 məxsus olan Biləsuvar şəhəri S.Rufullayev küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 21A saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.

34. İşdən həmçinin müəyyən olunur ki, Biləsuvar rayon İcra Qrupunun sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satışı təşkil edilmiş, cavabdeh hərrac təşkilatı tərəfindən xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə keçirilmiş ilkin və təkrar hərrac baş tutmamış, təkrar hərrac baş tutmadığından tələbkara xx.xx.2014-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif ünvanlanmış, alış qiyməti 10.837,5 manata olmaqla, mənzilin ipoteka saxlayan tərəfindən əldə edilməsi barədə xx.xx.2014-cü il tarixli protokol tərtib edilmişdir.

35. İcra işində olan və iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi ilə bağlı bildirişlərdə iddiaçıların ünvanları qeyd edilmiş, lakin uzun müddət keçdiyinə görə hərrac təşkilatı tərəfindən sənədlər arxivləşdirildiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

36. İddiaçı1 birinci instansiya məhkəməsinin iclasında ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, icra məmuru icra barədə ona təxminən 2014-cü ilin əvvəllərində məlumat vermişdir. Sonradan isə pulu ödədiyi üçün arxayın olmuşdur ki, heçnə olmayacaq.

37. Göründüyü kimi, iddiaçıların icra sənədindən, keçirilmiş hərraclarla bağlı məhkəmənin qətnaməsindən və orada ifadə olunan hüquqi mövqedən məlumatı olmuşdur.

38. İddiaçılar girov predmeti olan evin yerləşdiyi 0,6 ha torpaq sahəsi Biləsuvar şəhərinin mərkəzində olduğundan torpaq sahəsinin 0,1 ha-nın 4 min manat, evin isə 50-60 min manat civarında bazar qiymətinin olduğunu, həyətdə iki evin mövcud olduğunu bildirsələr də kollegiya qeyd edir ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti icra sənədində göstərilmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac baş tutmadığından ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış, təkrar hərrac baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə etmişdir.

39. Bundan başqa, ipoteka predmeti yalnız 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.4 kv.m və 8.5 kv.m köməkçi sahədən ibarət 21A saylı fərdi yaşayış evi olmuş, digər (ikinci) ev olmamışdır.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıların 10 ilə yaxın müddətdə kredit borcunu ödəmədən ipoteka predmetinin hüquqi müqəddaratı ilə maraqlanmaması, ipoteka predmetinin 2015-ci ildən bankın mülkiyyətində keçməsi barədə məlumatlı olmaması, bu barədə yalnız 2024-cü ildə məlumat əldə etməsi inandırıcı deyil.

41. Məhkəmə kollegiyası iddiaçı tərəfindən banka əlavə kredit ödənişlərin edilməsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-393/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Appelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar