Məhkəmə qərarları › İş №2(103)-2227/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2227/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2227/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə hüquqlarının bərpa edilməsi və xidmət göstərilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "istifadə hüquqlarının bərpa edilməsi və xidmət göstərilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin dileri olan "xxxxxxx” mağazasından Cavabdeh MMC adına “İD- **********94” nömrəli abunə müqaviləsi üzrə ***-***-**-** mobil nömrəsini (SİM kart №-si İMSİ: **********96421) satış dəyərini ödəməklə əldə etmiş və həmin tarixdə nömrə Cavabdeh MMC tərəfindən iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı nömrəni aldıqdan sonra aktivləşdirməyə cəhd etsə də, bu mümkün olmamış və nömrə işləməmişdir.28 və xx xxxx 2019-cu il tarixlərində, müvafiq olaraq, saat 21:30 və saat 14:00 radələrində ***-***-**-** nömrəsinin işləməməsi ilə əlaqədar iddiaçı ona məxsus +994 55 *** ** ** mobil nömrəsi ilə X16 Mərkəzinə zəng edərək sözügedən nömrə ilə əlaqədar məlumat istəmişdir. Operator +99477 ***-**-** nömrəsinin iddiaçıya aid olub olmamasını yoxlamaq üçün onun şəxsiyyət vəsiqəsinə dair məlumatları ondan soruşmaqla, eyniləşdirmə aparmış və təsdiq etmişdir ki, nömrə Cavabdeh MMC-nin məlumat bazasında, həqiqətən də, iddiaçının, yəni İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı operatordan nömrənin işləməməsi səbəblərini soruşduqda, operator ona bildirmişdir ki, Nar Mobile Xidmətləri Mərkəzinə müraciət edərək həmin nömrənin dublikatını almalıdır və 3500 (üç min beş yüz manat) məbləğində ödəniş etməlidir və yalnız bundan sonra nömrədən istifadə edə bilər. Həmin ərəfələrdə iddiaçı yaşadığı Bakı şəhərindən kənarda istirahət edirdi və bu məsələni aydınlaşdırmaq üçün istirahətdən geri qayıdaraq, şəxsən Nar Mobile Xidmət Mərkəzinə getməyə qərar vermişdir. Bundan sonra, xx xxxx 2019-cu il tarixində saat 12:00 radələrində Nar Mobile Xidmət Mərkəzinin Sahil filialına (Bül-bül pr-ti 38, “Aptek Həyat”-ın yaxınlığında) müraciət etmişdir. X10 müraciətin məzmununu soruşduqda, iddiaçı izah etmişdir ki, xx xxxx 2019cu il tarixdə X16 Mərkəzinə zəng edən zaman, oradan ona ***-***-**-** mobil nömrəsinə dublikat almalı olduğunu bildiriblər və bunun üçün müraciət edir. Orada operator iddiaçıdan şəxsiyyət vəsiqəsini istəmişdir. “Nar Mobile”-in daxili sistemində nömrəni yoxlayaraq iddiaçıya məxsus olduğunu təsdiqlənmiş və telefon vasitəsi ilə kimdən isə məlumat almaq üçünzəng etmişdir. Operator həmin telefon danışığından sonra iddiaçıya bildirmişdir ki, məhz bu nömrəyə dublikat verilməsi və hər hansı digər xidmətin göstərilməsi rəhbərlik tərəfindən qadağan edilmişdir. İddiaçı isə öz növbəsində, bunun səbəbinin ona rəsmi (yazılı) şəkildə təqdim edilməsini tələb etmiş və müştəriyə, yəni iddiaçıya qarşı bu ayrı- seçkiliyin onun istehlakçı və müştəri hüquqlarının pozulması anlamına gəldiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hər hansı rəhbər şəxs tərəfindən iddiaçıya qarşı yol verilən bu cür qeyri-peşəkar və qanunsuz hərəkətlər yolverilməzdir və şikayət etməyi üçün rəhbərliklə görüşmək istədiyini Xidmət Mərkəzi əməkdaşının diqqətinə çatdırmışdır. X10 buna cavab olaraq bildirmişdir ki, bu nömrə ilə bağlı heç bir yazılı məlumat verə bilməz və heç bir xidmət göstərə bilməz. Bu sözlərdən sonra iddiaçı ondan dəfələrlə xahiş etmişdir ki, bu şifahi verdikləri, amma yazılı vermədikləri məlumatları səs yazısı olaraq, şirkətin rəhbərliyinin qanunsuz hərəkətlərindən şikayət etmək üçün ona təqdim etsin, lakin, o bildirmişdir ki, müştərilərə xidmət zamanı onsuzda bütün müraciətlər, o cümlədən videogörüntü və səsyazısı vasitəsi ilə qeydə alınır. Bundan sonra, iddiaçı hüquqşünas olan dostuna zəng edərək oraya dəvət etmiş və o, gəldikdən sonra onun da iştirakı ilə bir daha nömrənin dublikatının verilməsini və ya imtina məktubunun rəsmi təqdim edilməsini xahiş etmişdir. Lakin, həmin operator xanım Ülkər Babayeva bildirmişdir ki, kimin müraciət etməyindən asılı olmayaraq, sözügedən nömrəyə heç bir xidmət etməyəcəkdir.Bu hadisədən sonra, iddiaçı bir daha Xidmət Mərkəzinə zəng etmiş və onun ad və soyadını soruşduqdan sonra ona nömrəsi ilə bağlı heç bir məlumat verilməyəcəyini bildirmişlər, iddiaçı həmin operatora da bu əməllərinin qanunsuz olduğunu bildirmişdir. İddiaçının ən son öyrəndiyi məlumat o olmuşdur ki, ona aid ***-***-**-** mobil nömrəsini ona heç bir məlumat verilmədən, razılığı olmadan, qanunsuz şəkildə başqa şəxsin adına rəsmiləşdirilib. İddiaçı yaranmış problemin həlli üçün Cavabdeh MMC-nin Baş icraçı direktoru Gunnar Pahnkeyə məktubla müraciət etsə də, bu günədək cavablandırılmamışdır.Bütün bunlar həm də iddiaçıya zərər vurulması faktı ilə müşayiət olunmuşdur. Belə ki, iddiaçı istirahəti üçün xərclədiyi pulları əvvəlcədən ödəsə də, istirahətini yarıda qoyaraq, geri dönmüş və istifadə etmədiyi istirahətə görə ödədiyi pullar (3000 manat) istirahət mərkəzi tərəfindən ona qaytarılmayaraq, itkiyə getmişdir.Bundan başqa, iddiaçı istər Çağrı mərkəzinə, istərsə də Nar Mobile Xidmət Mərkəzinə müraciət etdiyi zaman ona qarşı kobud ifadələrin işlədilməsi, habelə, mobil nömrəsinə xidmət göstərilməməsi və onun heç bir razılığı olmadan adından çıxarılaraq, üçüncü şəxsin adına keçirilməsi nəticəsində iddiaçı xeyli əsəbləşmiş, haqsızlığla məruz qalmağına görə günlərlə psixi sarsıntılar və mənəvi iztirablar keçirmişdir. Beləliklə, “Cavabdeh" MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçının şəxsinə mənəvi zərər vurulmuşdur. Habelə, həmin günlərdə iddiaçı mənəvi iztirablar keçirdiyindən xəbərdar olan dostlarının, yaxınlarının və eləcə də, etibarını qazandığı biznes tərəfdaşları olan şəxslərin yanında onun işgüzar nüfuzuna xələl gətirmiş, əsəb gərginliyi keçirməyi həmin şəxslərin yaddaşında barəsində mənfi düşüncələr yaranmasına, xüsusən, biznes tərəfdaşlarının yanında ona qarşı inamsızlıq yaranmasına gətirib çıxarmışdır.Bu minval ilə iddiaçı səhhətinin düzəlməsinə görə müəyyən addımlar atmaqla yanaşı (həkim məsləhəti, dərman və s.), həm keçirdiyi stressdən sağalmaq üçün vaxt itirmiş, həm də itirdiyi vaxt ərzində dostları və biznes tərəfdaşları ilə görüşlərə gedə və müzakirələr apara bilməmişdir. Nəticədə, iddiaçıya təxminən 45000 manat məbləğində mənəvi zərər vurulmuşdur. İddiaçının “İD-**********94” nömrəli abunə müqaviləsi üzrə dəyərini ödəyərək əldə etdiyi 077- ***-**-** mobil nömrəsi qanuni əsaslarla onun adına qeydiyyata alınmışdır və Cavabdeh MMC tərəfindən həmin nömrəyə aidiyyəti mobil xidmətlər göstərilməli idi. Bu azmış kimi, “Cavabdeh“ MMC tərəfindən nömrənin iddiaçıya heç bir xəbərdarlıq edilmədən və razılığı alınmadan qeydiyyatı adından çıxarılaraq özgəninkiləşdirilməsi iddiaçının hüquqlarının kobud pozuntusudur və pozulmuş hüquqlarının bərpa olunması məqsədilə ***-***-**-** mobil nömrəsi iddiaçının adına rəsmiləşdirilərək və nömrəyə aidiyyəti tarif (“Premium”) üzrə mobil xidmətlər göstərilməklə, nömrədən istifadə bərpa hüquqları Cavabdeh MMC tərəfindən təmin olunmalı, habelə iddiaçıya vurulmuş 3000 manat məbləğində maddi və 45000 manat məbləğində mənəvi zərər “Cavabdeh" MMC tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanan “İD-**********94” nömrəli abunə müqaviləsinin 4.1.1-ci maddəsində (“Cavabdeh öhdəlikləri”) müəyyən olunur ki, Cavabdeh Abunəçini ona dair məlumatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 (MHM) üzərindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə identifikasiya edərək, «Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər»ə uyğun olaraq ”Cavabdeh” MMCnin və MHM-in vahid məlumat bazasında onlayn rejimdə elektron formada daxil etdikdən və Abunəçi tərəfindən hazırkı Müqavilə imzalanan tarixdə qüvvədə olan tariflərdən Abunəçinin seçdiyi Tarif üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən sonra Nömrə/nömrələr və SİM kartla / SİM kartlarla təmin edir və Nömrənin/nömrələrin rabitə xəttini 24 saat müddətində aktivləşdirir.Göründüyü kimi, iddiaçının Sim kartın əldə edilməsi üçün tələb olunan bütün ilkin öhdəliklərini (məlumatlarını təqdim etmə, qeydiyyata aldırma və ödəniş etmə) icra etməyinə və həmçinin, Cavabdeh MMC tərəfindən onun nömrəsi öz adına Cavabdeh MMC-nin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 (MHM) məlumat bazasına daxil edilməsinə (qeydiyyata alınmasına) baxmayaraq, Cavabdeh MMC həmin nömrəni aktivləşdirməkdən əsassız olaraq imtina etmiş və beləliklə, nömrədən və həmin nömrəyə göstərilməli olan telekommunikasiya xidmətlərindən istifadə etməyinə əngəl yaratmışdır. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən heç bir tutarlı əsas olmadan, iddiaçıya aid ***- ***-**-** mobil nömrəsinə xidmət göstərilməsindən imtina olunmuş, məlumat bazasında həmin nömrənin adına qeydiyyatı silinmiş və hətta nömrə yeni şəxsin adına qeydiyyata alınmış və bununla, abunə müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən üzərinə düşən öhdəliklərin icrasından əsassız olaraq imtina olunmuşdur.Sözügedən nömrənin iddiaçının adına qeydiyyatda olmasına dair X16 Mərkəzinin operatoru tərəfindən iddiaçıya 29 iyul tarixdə (saat 14:00 radələrində) 055-666-66- 66 nömrəsindən zəng etdiyi zaman bildirilmişdir. Bundan başqa, 28 iyul tarixdə saat 21:30-da X16 Mərkəzinə zəng edərək, bəhs olunan nömrəyə xidmət göstərilməməsinin səbəbini aydınlaşdırmağa çalışmışdır. Göstərilənlərə əsasən iddiaçıya aid ***-***-**-** mobil nömrəsindən istifadə hüquqlarının bərpa edilməsi, bu məqsədlə həmin nömrənin Cavabdeh MMC-nin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 (MHM) məlumat bazasında adına qeydiyyatın bərpa olunması və həmin mobil nömrəyə aidiyyatı mobil telekommunikasiya xidmətlərinin göstərilməsinə dair öhdəliyin “Cavabdeh" MMC-nin üzərinə qoyulması və Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 3000 manat məbləğində maddi və 45000 manat məbləğində mənəvi zərərin əvəzi qismində, cəmi 48000 manat məbləğin Cavabdeh MMC tərəfindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6046/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6046/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə əsaslandırılılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "Cavabdeh" MMC ilə X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli abunə müqaviləsinə əsasən, sonuncu 077 ***-**-** saylı nömrənin abunəçisidir. İş materiallarında olan “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, "xxxxxxx" MMC tərəfindən heç bir şəxsə, o cümlədən vətəndaş İddiaçı ***-***- **-** kombinasiyalı mobil nömrə təqdim edilməmiş (istifadəsinə verilməmiş və ya satılmamış) və hər hansı məbləğdə ödəniş qəbul edilməmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli nömrə ilə əlaqədar tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda, işin materiallarında iddiaçı tərəfindən sözügedən müqavilə ilə əlaqədar cavabdehə 3000 manat pulun ödənilməsinə dair sübuta rast gəlinməmişdir. İddiaçı tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut özü tərəfindən imzalanan müqavilədir ki, həmin müqavilə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Belə ki, tərəflər arasında bağlanılması güman edilən müqaviləni yalnız iddiaçı imzalamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli nömrənin sahibi X9r. Birinci instansiya məhkəməsi iddianı maddi və mənəvi zərərin tutulması hissəsində rədd edərkən, həmin tələbin iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyinin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). İş materiallarından göründüyü kimi, iddiaçının sübut qismində təqdim etdiyi müqavilə yalnız onun tərəfindən imzalanmışdır, satici Cavabdeh MMC qrafasında isə onun səlahiyyətli şəxsinin imzası yoxdur. Həmçinin, müqavilənin giriş hissəsində onun tərtib edilmə tarixi, “Abunəçi” qrafasında isə abunəçiyə aid məlumatlar göstərilməmişdir. Başqa sözlə, həmin müqavilədən onun nə vaxt, kimlər arasında bağlanması, abunəçinin kimliyi müəyyən edilmir. Azərbaycan Respublikası MM-nin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə görə, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, müqavilə öz hüquqi təbiətinə görə, onun tərəfləri arasında hüquq və vəzifələr yaradan hüquqi aktdır. Müqavilə bağlanarkən onun qanunvericiliklə müəyyən edilmiş forma va məzmununa riayət edilməlidir, yəni müqavilədə onun kimlər arasında və hansı şərtlər daxilində bağlanması öz əksini tapmalıdır. Əgər müqavilə yazılı formada tərtib edilirsə, müqavilə tərəfləri imzalamaqla, yaxud qanunvericilkilə müəyyənləşdirilmiş digər üsullarla təsdiq edilməlidir. Lakin göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası olaraq tərtib edilmə tarixi, müqavilə tərəfinin kimliyi bəlli olmayan, həmçinin xidmət göstərməli olan Cavabdeh MMCnin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış müqaviləyə istinad etmiş, həmçinin 3000 manat pulun ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Üstəlik, Cavabdeh MMC İddiaçı ilə xxxxxxx MMC arasında belə bir müqavilənin bağlanmadığını, onlara 3000 manat pulun ödənilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisli mobil nömrə hələ 2010-cu ildən X11 adlı şəxsin istifadəsinə verilmişdir və hal-hazırda da onun istifadəsindədir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin formasına riayət olunmaması onun əhəmiyyətsizliyinə dəlalət edir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi müqavilənin mətnində yuxarıda sadalanan qüsurlar mövcuddur, bu səbəbdən də həmin müqavilə mötəbər sübut kimi qəbul edilə bilməz. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyinin yuxarıda sadalanan müddəalarına əsaslanaraq, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “istifadə hüquqlarının bərpa edilməsi və xidmət göstərilməsi öhdəliyinin quyulması” tələbinə dair hazırkı iddianı təmin etməməklə, düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin iddiaçıya dəymiş maddi və mənəvi zərərin tələb edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır. Belə ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, bunun cavabdehin təqsiri ucbatından baş verməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya maddi və mənəvi ziyan vurulmasında təqsirinin sübuta yetirilməməsini nəzərə alaraq, iddianın maddi və mənəvi ziyanla bağlı hissəsinə prosessual qənaət prinsipinə uyğun olaraq əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməlihüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X12 Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6046/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar