Məhkəmə qərarları › İş №2(103)-2232/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2232/2022

29.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2232/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus 2015-ci il buraxılışlı, «Medcedes-Benz E220 CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünü "xxxx" MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manat 23.01.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. Cavabdeh2 iddiaçının bundan əvvəl avtomobilini alması, ödənişi isə alqı-satqı günü deyil, daha gec verməsi iddiaçıda etibar qazandırmışdır. Buna görə də iddiaçı cavabdehə 19.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda etibarnamə verərək, cavabdehin əldə müştərisi olduğuna inanaraq pulun 23.01.2021-ci il tarixədək ödənilməsini gözləmişdir. 23.01.2021-ci il tarixdə iddiaçı cavabdehin ofisinə gedərək avtomobilin alqı-satqısından əldə olunmuş pulu tələb etdikdə, qarşı tərəf bildirdi ki, pul 1 həftəyə olacaq. Daha sonra iddiaçı 27.01.2021-ci ildə Rusiya Federasiyaya getmiş, 16.02.2021-ci il tarixdə isə Azərbaycana qayıdanda isə cavabdehin oturduğu ofisi (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, A.Y.Plaza 2/21) artıq bağlanmışdır. Daha sonra iddiaçı ona məxsus nəqliyyat vasitəsini axtarmağa başlamışdır, yekun olaraq həmin nəqliyyat vasitəsinin turbo.az saytında ABU DHABİ CARS tərəfindən satışa çıxarıldığını görmüşdür. Məsələ ilə bağlı, ABU DHABİ CARS-a getdikdə öyrənmişdir ki, nəqliyyat vasitəsini Cavabdeh1 tərəfindən salonda satmaq məqsədilə qoyulmuşdur. Bundan sonra iddiaçı Cavabdeh1la telefon əlaqəsi saxlayaraq, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. İddiaçı Cavabdeh1lə Nərimanov Parkı ərazisində görüşərək, ona satılmış nəqliyyat vasitəsinin pulunu Cavabdeh2 tərəfindən bugünədək verilmədiyi bildirmişdir. Daha sonra, iddiaçının qardaşı X3 AR DİN Nərimanov RPİ-nin 16-cı PB-nə şikayət ərizəsi yazaraq, onun və qardaşının etibarından sui-istifadə olunaraq aldadıldığını bildirmişdir. Məlum olmuşdur ki, Cavabdeh2 barədə araşdırma aparılır, onun şəriki Ələkbərov Orxan barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. İddiaçı Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 4-cü maddəsinə rəhbər tutaraq «Mercedes- Benz E220 CDİ» markalı, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili, 22.02.2021-ci il tarixə olan bazar dəyərini müəyyən etmək məqsədilə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin 26.08.2021-ci il tarixli «Mercedes-Benz E 220 CDİ» markalı, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin müəyyənləşdirilməsi Rəyinə əsasən, qeyd olunan nəqliyyat vasitəsinin 22.02.2021-ci il tarixə olan bazar dəyərinin 48.000 manat təşkil etdiyi barədə hesabat təqdim etmişdir. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmçil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardad çıxarılmalıdır. Belə ki, Cavabdeh2 ilə əlbir olan X1 barədə Bakı şəhəri Nərimanov rayon Prokurorunun vəzifəsini icra edən ədliyyə müşaviri Elgiz Qənizadə cinayət işinin başlanılması haqqında 08.05.2021ci il tarixli qərar qəbul etmişdir. Toplanmış materiallardan müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə əlbir olan X1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını ələ keçirmək məqsədi ilə direktoru olduğu "xxxx" MMC adından vətəndaşlara formal alqı-satqı müqavilələri bağlayaraq, ayrı-ayrı ölkələrdən müxtəlif markalı avtomobillərin gətirilməsini vəd verərək, müxtəlif vətəndaşlara külli miqdarda zərər vurmuşdur. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 X1 ilə əlbir olması istisna deyildir. Cavabdeh2 dələduz əməlləri nəticəsində iddiaçının etibarından sui-istifadə edərək, aldatma yolu ilə iddiaçıya məxsus «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmlak hüquqlarını əldə edərək, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmçinin iddiaçıya dəymiş zərər pul vahidində, yəni 50.000 manat dəyərində nəzərə alınmalı. Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən «MercedesBenz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki **-LN-***, hazırki 99-OD141 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı barədə 22.01.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilərək, AD994712 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmçinin nəqliyyat vasitəsinin və ya onun dəyərinin, yəni 50.000 manat iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması, Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardadın çıxarılması barədə məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pul tutulması, iddia tələbinin Cavabdeh1 oğluna Vaqif oğluna münasibətdə və qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, 19.01.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 notariat qaydada vermiş olduğu etibarnamə əsasında «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. (qətnamə səh 4, abzas 3) və 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən AR DİN BDYPİ Qİİ-nə yazılmış 22.01.2021-ci il tarixli ərizənin surətindən görünür ki, buraxılış ili 2015-ci il, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı, 99-LN099 qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanlı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən **-OD-*** tranzit nişanı 22.01.2021-ci il tarixdə təhvil almışdır (qətnamə səh 4, abzas 4 və 5). Eyni zamanda məhkəmə qətnamədə göstərir ki, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili 19.01.2021-ci il tarixli etibarnamə əsasında 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmışdır (qətnamə səh 4, abzas 10). Göründüyü kimi məhkəmə yuxarıda qeyd edilən mubahisəli avtomobilin 41.000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını (qətnamə 4 səhifə, abzas 3), daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41.000 manata satıldığını qeyd edir (qətnamə səh 4, abzas 10). Göründüyü kimi məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alqı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil (qətnamə səh 4, abzas 3), məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müyyən edildiyini qeyd edərək ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir (qətnamə səh 4, abzas 10). Belə ki, Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir (etibarnamə iş materiallarına əlavə edilmişdir). Digər bir halda ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Kərim Xudayev) 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini (qətnamə şikayətə əlavə edilmişdir) məhkəməyə təqdim etmiş, məhkəmə yalnız həmin qətnamənin mövcudluğunu qətnaməsində göstərsə də, ona qiymət verməmişdir(qətnamə səh4, abzas 7). Həmin qətnamə ilə iddiaçının iddiası rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi qüvvəyə mindiyindən hazırki işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxarkən həmin hissələrə istinad etməmişdir. Misal olaraq məhkəmə mubahisəli avtomobilin 41.000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını göstərmiş (qətnamə 4 səhifə, abzas 3), daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41.000 manata satıldığını qeyd edir (qətnamə səh 4, abzas 10) və sonuncu hala da əsaslanaraq qətnamə qəbul edir. Halbuki, iş materiallarında olan mötəbər sübut olan alqı-satqı müqaviləsinin surətindən görünən yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi cavabdehə qarşı iddia rədd edilməli olacaqdı. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Z.Babayev şikayəti müdafiə edərək, təmin edilməsini, iddianın tam rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan AD№ 422777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil 07.01.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş matriallarında olan 19.01.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 notariat qaydada vermiş olduğu etibarnamə əsasında «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən AR DİN BDYPİ Qİİ-nə yazılmış 22.01.2021-ci il tarixli ərizənin surətindən görünür ki, buraxılış ili 2015-ci il, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanlı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən **-OD-*** tranzit nişanı 22.01.2021-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan İddiaçı sifarişi ilə "xxxx" MMC-nin 26.08.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əvvəlki dövlət qeydiyyat nişanlı **-LN-*** olan, hazırki **-OD-*** olan, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı minik avtomobilin 22.02.2021-ci il tarixə olan bazar qiyməti 48.000 manat təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamə yalnız iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də, kollegiya qətnaməni tam deyil, yalnız mübahisələndirilən hissədə - 41000 manatın iddiaçıya ödənilməsi hissəsində yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pulun tutulması, iddia tələbinin Cavabdeh1 münasibətdə, həmçinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41.000 manata satmış və pulu iddiaçıya verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı hazırda sözügedən Mercedes Benz E220 CDİ minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41000 manata satmışdır. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddia etsə də, əslində sözügedən avtomobillə bağlı alqı-satqı müqaviləsi üzrə İddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41000 manata şəxsən satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi mübahisənin həllində Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır. İş materiallarından görünür ki, İddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində tərəf (satıcı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alqı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir. Kollegiya həmçinin cavabdehin məhkəmə iclasında videobağlantı vasitəsilə iştirakını təmin etmiş və Cavabdeh1 izahatında 41000 manatın iddiaçıya verilməsini bildirmişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı sözügedən avtomobilin alqı satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yerinə yetirilməsində pozuntu aşkar edilmədiyindən hazırki işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübut etmə yükü də iddiaçının üzərinə düşür. Çünki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir. Beləliklə bu qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar eidlməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı avtomobilin alqı-satqı müqaviləsi üzrə tərəf olduğundan, 41000 manatın Cavabdeh2 tərəfindən alınması sübuta yetirilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar