Məhkəmə qərarları › İş №2(103)-2234/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2234/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2234/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1134/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh X1 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1134/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh 2011-ci il tarixində daimi yaşayış üçün Almaniyaya getmişdir və hazırda orada yaşayır, beləliklə, onun yaşayış yerinə ehtiyacı qalmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayəti müdafiə etdilər və təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 05.03.1999-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X4 ünvan 1 ünvanını 01.10.1996-cı ildə 702 saylı reyestr kitabının 105419-cu səhifəsində 30/105419 nömrə ilə qeydiyyata alınmış, BTİ BQİ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən ona mülkiyyət hüququ ilə məxsus olan 3 otaqlı mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 162844 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 14.04.2019-cu il tarixdə 702 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 aprel 2020-ci il tarixli vətəndaş tərəfindən yazılmış 16602 nömrəli elektron ərizədən çıxarışdan görünür ki, X2 müraciətində səhhəti ilə bağlı Almaniya Respublikasına getdiyini, müalicəsinin uzun müddət davam etdiyini və tez zamanda Azərbaycana qayıtmaq niyyətində olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Araşdırmalar zamanı müəyyən olmuşdur ki, tərəflər arasına mənzillə bağlı münasibətlər 01 sentyabr 2000-ci ildən əvvəl yaranmışdır, beləliklə, hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Kollegiya bununla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin göstərilən Qərarı Mənzil Məcəlləsinin 123-cü maddəsi üçün də keçərlidir. Eyni zamanda cavabdeh Prokurorluğa ünvanladığı müraciətində Azərbaycan Respublikasına qayıtmaq istədiyini və ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi tələbinin əsassız olduğunu qeyd etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin (iddiaçının anasının) hal-hazırda Almaniyada olmasını və daimi əsaslarla yaşamaq üçün ora köçməsini əsas gətirsə də, bununla bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut təqdim etmədiyindən apellyasiya şikayəti əsasızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1134/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar