Məhkəmə qərarları › İş №2(103)-2245/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2245/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2245/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2245/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 19 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı ünvana qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.369,30 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahə, ev 4, mənzil 44 (abonent kodu: **********00440) ünvanı üzrə cərimə kimi yazılmış olan 3.378,30 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahə, ev 4, mənzil 44 (abonent kodu: **********00440) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama aparılarkən akt tərtib edilərək sayğac yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, guya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahə, ev 4, mənzil 44 (abonent kodu: **********00440) ünvanı üzrə cərimə kimi yazılmış olan 3.369,30 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən X4 məxsus yaşayış evinə (abonent kodu: **********10000) üzrə 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək hesablanmış 2.290,40 (iki min iki yüz doxsan manat qırx qəpik) manat məbləğində borcun silinməsi, 42,90 (qırx iki manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu maddələrinə, “X5”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək öz izahatında bildirmişdir ki, 2016-cı ildən etibarən akt tərtib olunan mənzildə yaşayış yoxdur. Fotoları çəkilən ev də həmin ev deyil. X2 onun həyat yoldaşıdır.

11. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

12. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»

13. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

20. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, , iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün 19 avqust 2023-cü il tarixdə sayğac quraşdırılmış və iddiaçıya **********00440 saylı abonent kodu verilmişdir. İş materiallarında 31 may 2018-ci il tarixli, ******* saylı, 13 iyun 2018-ci il tarixli, ******* saylı, 31 iyul 2018-ci il tarixli, ******* saylı aktlardan görünür ki, abonentin sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2016-cı ildə 440.10 manat, 2017-ci ildə 1.436,40 manat, 2018-ci ilə 1.492,80 manat olmaqla, ümumilikdə 3.369,30 manat borc hesablanmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır.

32. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-dən hesabdan çıxarışdan görünür ki, iddiaçının yaşadığı ünvanda 2016-cı ildən 2018-ci ilədək elektrik enerjisindən sərfiyyat minimal həddə olmuşdur və bu da həmin ünvanda yaşayışın olmadığını deməyə əsas verir. Bu halda Cavabdeh İB tərəfindən həmin dövr ərzində qazdan qeyri-qanuni istifadə əsası ilə aktların tərtib olunması da əsassız hesab edilməlidir.

33. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

34. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

36. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

37. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar