Məhkəmə qərarları › İş №2(103)-2248/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2248/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2248/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2913/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2019cu il tarixli, ******* saylı akta əsasən ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış İtron “G-4” markalı 1102AQİ********** nömrəli qaz sayğacı yeni “İTRON” G-4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akta görə İddiaçı məxsus ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir.

3. X2 əməkdaşları tərəfindən tərtib olunmuş 2021-ci il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar aktı”nın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanına baxış keçirilmiş, sayğacdan kənar xəttin aşkar olunmadığı, əvvəllər mövcud olmuş kənar xəttin qonşuya məxsus olduğu və kəsildiyi, hazırda hər iki qonşunun qazdan qanuni yolla istifadə etdiyi qeyd edilmişdir.

4. Abonentin saldosuna əsasaən İddiaçı qaz sərfiyyatına görə borcu 4276,80 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə hesablanmış 4276,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanında quraşdırılmış “İtron” tipli, “G-4” markalı 1102AQİ********** saylı qaz sayğacına baxış keçirilmiş, ******* saylı akt tərtib olunaraq qaz sayğacı çıxarılmış və yerinə yeni “İTRON” G-4 X7 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Daha sonra smart qaz kartına pul yükləmək istədikdə, karta yüklənmiş məbləğdən borca silinməsi məlum olmuş, bu barədə Cavabdehnə müraciət etdikdə 4276.80 manat məbləğində borcun hesablandığı məlum olmuşdur. Belə ki, “İTRON” G-4 markalı 1102AQ1********** saylı qaz sayğacına baxış keçirilmiş və tərtib olunmuş aktla əsasən guya sayğacın düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə borc hesablanmışdır. Əsassız hesablanmış borca dair məlumatın verilməsini tələb etdikdən sonra isə Cavabdeh İB tərəfindən mənzilə baxış keçirilmiş, 2021-ci il tarixində akt tərtib olunaraq qaz sayğacında hər hansı bir kənar xətt aşkar edilmədiyi qeyd edilmişdir. Buna baxmayaraq, hazırki günə cari borcu 4276.80 manat təşkil edir. Halbuki, sözü gedən torpaq sahəsində bir neçə fərdi yaşayış evi vardır ki, onların hər birinə məxsus da ayrıca qaz sayğacı mövcuddur. Digər qaz sayğaclarına hesablanmış borc məbləği əsassız yerə ona məxsus qaz sayğacına yüklənmiş və ödənilməsi tələb edilmişdir. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir.

7. 18.10.2022-ci il tarixli, 3/1237 saylı ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik izlər vardır. Rəyin tədqiqi hissəsində qeyd edilənə əsasən, aşkar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizmini və yaranma müddətini müəyyən etmək mümkün deyil.

8. 07.12.2022-ci il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvanını təbii qazla təmin edən qaz xəttinə yerində baxış keçirilmiş və qaz xəttinə müdaxilə olunması ilə bağlı hallar aşkar edilməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 dekabr 2022-ci il tarixli 2(011)-2913/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmiş, iddiaçına məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 4276,80 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 62,77 manatın dövlət nəfinə tutulması, ekspertiza tədqiqatının dəyəri 64 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə göstərmişdir ki, işin araşdırılmış halları ilə iddiaçıya məxsus ünvan 1 ünvanında istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən bağ evində qaz xəttinə sayğaca müdaxiləni sübuta yetirilmədiyi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir.

11. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 77.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilmiş, daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 4276.80 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

18. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

19. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

21. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

22. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

23. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

24. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

25. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

26. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

27. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

28. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

29. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

38. İddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmişdir. Belə ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

39. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli və borc silinməlidir.

40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2913/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar