Məhkəmə qərarları › İş №2(103)-2249/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2249/2025

15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2249/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 16.059,12 manat məbləğində borcun silinməsi öhdəliyin Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında (abonent kodu **********00050) ailəsi ilə birlikdə yaşayır. İddiaçı qeyd edir ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən həmin ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş və 19.228,32 manat borc hesablanmışdır. Daha sonra Birlik hazırkı iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 19.228,32 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iddiaya dair 2(003)-1302/2024 saylı mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə Birliyin iddiasının qismən təmin edilməsini və iddiaçıdan cavabdeh Birliyin xeyrinə 3.169,2 manat məbləğində pulun tutulmasını, iddianın 16.059,12 manat məbləğində borcun tutulması hissəsini isə, həmin hissədə iddianın əsassız olması əsası ilə rədd etmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, Birlik tərəfindən 16.059,12 manat məbləğində borc iddiaçının abonent hesabından silinməmişdir. İddiaçı, cavabdeh Birliyin bu kimi hərəkətini qanunsuz hesab etdiyi üçün qeyd edilən həmin məbləğin onun abonent hesabından silinməsini tələb edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 2(003)-1302/2024 saylı qətnamə ilə müəyyən edilmişdir ki, Birliyin hazırkı iş üzrə iddiaçıya hesabladığı borcun 16.059,12 manat hissəsi əsassızdır. Buna görə də, həmin məbləğ iddiaçının abonent hesabından silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birlik tərəfindən iddiaçıya qarşı irəli sürülmüş və 2(003)-1302/2024 saylı mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbində qeyd edilən borc xx.xx.2023-cü il tarixə kimi hesablanmış borc olmuşdur. Həmin iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra isə Birlik tərəfindən hazırkı iş üzrə iddiaçıya 1.283,04 manat məbləğində borc hesablanmışdır. Belə olan halda müəyyən edilir ki, hazırkı işə baxmış Rayon Məhkəməsinin sildiyi 16.059,12 manat məbləğində borcun daxilində sonradan hesablanmış 1.283,04 manat məbləğində borc da olmuşdur. Bu səbəbdən də hazırkı iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və Birliyə qarşı irəli sürülmüş iddia təmin edilməməlidir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

7. Apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Birliyin nümayəndəsi və iddiaçı apellyasiya baxışı iclasına gəlməmişlər.

8. İş üzrə iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. O bunu işi ilə bağlı olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq sübutlarını Məhkəməyə təqdim etməmişdir.

9. Cavabdeh Birliyin nümayəndəsi X3 ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini və şikayətin təmin edilməsini xahiş etmiş, lakin apellyasiya baxışı iclasında iştirak edə bilməməsinin səbəblərini açıqlamamışdır.

10. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. İşdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan, cavabdeh Birliyin apellyasiya şikayətinin məzmunundan müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qaz itkisinin yarandığı müəyyən etmiş və bununla bağlı iddiaçıya 19.228,32 manat məbləğində borc hesablanmışdır. Bundan sonra Birlik hazırkı iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 19.228,32 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair 2(003)-1302/2024 saylı mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə Birliyin iddiasının qismən təmin edilməsini və iddiaçıdan cavabdeh Birliyin xeyrinə 3.169,2 manat məbləğində pulun tutulmasını, iddianın 16.059,12 manat məbləğində borcun tutulması hissəsini isə, həmin hissədə iddianın əsassız olması əsası ilə rədd etmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

12. Hazırkı iş üzrə iddiaçı bildirir ki, 2(003)-1302/2024 saylı iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini alsa da, Birlik tərəfindən 16.059,12 manat məbləğində borc iddiaçının abonent hesabından silinməmişdir. Buna görə də o, cavabdeh Birliyin bu kimi hərəkətini qanunsuz hesab etdiyi üçün qeyd edilən həmin məbləğin onun abonent hesabından silinməsi öhdəliyin Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

13. Cavabdeh Birlik isə iddia tələbinə etiraz edərək, bildirir ki, 2(003)-1302/2024 saylı mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbində qeyd edilən 19.228,32 manat məbləğində borc xx.xx.2023-cü il tarixə kimi hesablanmış borc olmuşdur. Həmin iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra hazırkı iş üzrə iddiaçıya əlavə olaraq 1.283,04 manat məbləğində borc hesablanmışdır. Belə olan halda müəyyən edilir ki, hazırkı işə baxmış Rayon Məhkəməsinin sildiyi 16.059,12 manat məbləğində borcun daxilində sonradan hesablanmış 1.283,04 manat məbləğində borc da olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir.

14. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Birlik tərəfindən iddiaçının adına tərtib edilmiş “Abonent saldosundan” (abonent kodu: **********00050) görünür ki, 2(003)-1302/2024 saylı mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbində qeyd edilən 19.228,32 manat məbləğində borc xx.xx.2023-cü il tarixə kimi hesablanmış borc olmuşdur. Birliyin apellyasiya şikayətində qeyd edilən 1.283,04 manat məbləğində borc isə sonrakı müddət üçün hesablanmışdır.

15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

16. Qeyd edilən maddi hüquq normalarının tələblərini və Birliyin hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair 2(003)-1302/2024 saylı mülki iş üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnamə ilə müəyyən edilmiş halları nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehə 16.059,12 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmir. Birliyin apellyasiya şikayətində göstərdiyi 1.283,04 manat məbləğində borcun silinməsi ilə bağlı iddiaçı tərəfindən Birliyə qarşı iddia tələbi irəli sürülməmişdir, həmin məbləğ hazırkı iş üzrə məhkəmə baxışının predmetini təşkil etmir. Çünki MPM-in 218.3-ci maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

17. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətinin həllinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya şikayəti əsassızdır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

18. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

19. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

22. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

23. Cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh Birlik hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

24. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar