Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2251/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh5 nümayəndəsi və vəkili, Cavabdeh4 Bəybala qızının isə vəkili Güləhmədov Ziyamin Yunus oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4130/2021 saylı, 23 dekabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 5ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariait ofisinin 09 mart 2021-ci il tarixdə 2V-199 reyestr nömrə ilə X7 mülkiyyətində olan ünvan 7 saylı evin və ünvan 5ndə yerləşən sahəsi 195,7 kv m olan qeyri-yaşayış binasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 11 mart 2021-ci il tarixdə 2V-211 reyestr nömrə ilə Cavabdeh4 Bəybala qızının ona çatan payın cavabdeh X5 bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi və bütün əməliyyatlar nəticəsində verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 saylı evin 5/6 hissəsi atası Nuxbala Emin oğlunun xüsusi mülkiyyətində olub. O, iddiaçı X3,xx xxxxxxx 1960-ci ildə həmin evdə anadan olmuşdur. Həmin evdə beş nəfərdən ibarət ailələri atası - Nuxbala Emin oğlu, anası - Zəhrəxanım Seyfulla qızı, o, bacısı Quliyeva Afət və qardaşı Eminov Azər. 2014cü ilə kimi, həmin evdən qovulana qədər orada yaşamışdır. Bacısı Afət ərə gedib və Hollandiyaya köçüb, ailəsi ilə daimi orada yaşayır. X2 06 iyul 2004-cü ildə, atası Nuxbala Emin oğlu 18.01.2005-ci ildə Bakı şəhərində vəfat etmişlər. Atasının vəfatından dərhal sonra qardaşı Azər Eminov cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinə müraciət edərək, 18 fevral 2005-ci il tarixli, 2v-1-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan əlavə, mərhum qardaşı Azər Eminov yenə də cavabdeh 12 saylı notariat ofisinə müraciət edərək, 15.04.2019-cu il tarixdə 2v-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, yenə də ərizəsində yeganə vərəsə olduğunu göstərmiş, onu və bacısını vərəsəlik hüququndan məhrum etməyə çalışmışdır. Bu şəhadətnaməyə əsasən mərhum atası Nuxbala Emin oğlu ilə mərhum qardaşı Azər Eminovun ikisinin şərikli mülkiyyətində olan ünvan 5ndə yerləşən, ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binası bütövlükdə Azər Eminovun mülkiyyətinə keçmişdir. X1 04 sentyabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, vərəsəlik məsələləri ilə vəkili vasitəsilə maraqlandıqda yuxarıda qeyd etdikləri ona məlum olmuşdur. Bundan sonra qardaşının arvadı və qızlığı - cavabdehlər Cavabdeh4 və Səbinə X6suz yolla əldə etdiyi əmlaka vərəsə hesab edilmişlər. Cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində 09 mart 2021-ci ildə cavabdehlər Cavabdeh4 və Şəbinə Orucovaya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Cavabdeh4 ona çatan payı elə həmin gün qızı olan Cavabdeh5 bağışlamışdır. Beləliklə, mərhum atasının mülkiyyətində olmuş ünvan 5ndə yerləşən, ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binası onların nəslinə heç bir aidiyyəti olmayan Cavabdeh5 mülkiyyətinə keçmişdir. Bundan sonra, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 yenə də cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edərək, ünvan 7 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və evin mülkiyyətçiləri ikisi olmuşlar. Hesab edir ki, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Azər Eminova verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bundan sonra bağlanan bütün notariat əməliyyatları milli qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla tərtib edilmiş, buna görə də etibarsız hesab edilməlidirlər. Belə ki, yuxarıda qeyd etdiyi kimi, onlar ailədə üç övlad olmuşlar: iki bacı və bir qardaş. Eminov Azər isə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən yeganə vərəsə olmasını qeyd etmiş, onu və bacısının mövcudluğunu gizlətmiş, bununla da cavabdeh 12 saylı notariat ofisinə yalan məlumat təqdim etməklə həqiqətə uyğun olmayan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa müvəffəq olmuşdur, miras qalmış mülkün ona çatası payı 1/3 hissə olduğu halda o, bütün mülkə qanunsuz sahib olmuşdur. Bu şəhadətnamə əsasında qardaşı digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən 29 aprel 2006-cı il tarixdə **********76-10301 reyestr nömrəli, 10607360 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra da həmin mülkün bir hissəsini özgəninkiləşdirmişdir. Qardaşının bu hərəkətlərindən onun xəbəri yox idi. Yalnız onun vəfatından sonra vəkilə müraciət etmiş və öyrənmişdir ki, mərhum qardaşı notariusları aldadaraq, özünü yeganə vərəsə kimi göstərmiş və qanunsuz olaraq atadan qalmış əmlaka yiyələnmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4130/2021 saylı, 23 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən mülkün vərəsəliyini faktiki qəbul etmişdir. Buna görə də, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən sahəsi 195.7 kv. m olan qeyri-yaşayış sahəsi üzrə vərəsəliyi qəbul etmiş hesab olunur. ünvan 7 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azər Eminova 18 fevral 2005-ci il tarixdə verilmişdir. Bir anlığa qətnamənin müəllifinin məntiqi ilə razılaşsaq, ünvan 5ndə yerləşən ümumi sahəsi 195,7 kv.m olan qeyri-yaşayış binasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 15 aprel 2019-cu il tarixdə verilmişdir, bəs burada iddia müddəti hansı qaydada tətbiq edilir? Məhkəmə bilərəkdən qanunun tələblərini pozmuşdur. Belə ki, iddaçının atasından miras qalmış hər iki əmlak: həm ünvan 7 saylı ev, həm də ünvan 5ndə yerləşən ümumi sahəsi 195,7 kv.m. olan qeyri-yaşayış sahəsinə dair notariat işlərinin surətləri məhkəmə iclasında hakimə təqdim edilmiş və o, həmin notariat işlərini mülki işə əlavə etmişdir. Həmin hər iki işdə iddiaçının mərhum qardaşı Azər Eminov notariat kontoruna iki dəfə saxta arayışlar təqdim etmişdir ki, o, yeganə vərəsədir və ondan başqa vərəsə yoxdur. Qətnamədə qardaşının saxta arayışlar təqdim etməsinə hüquqi qiymət verilməmişdir. Hesab edir ki, bu hal bütün vərəsəlik sənədlərinin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 nümayəndəsi və vəkili, Cavabdeh4 Bəybala qızının isə vəkili Güləhmədov Ziyamin Yunus oğlu apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ünvan 3 ünvanladığı məktubda hazırki məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinin, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə məhkəmə iclasında olmayan cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1134.2, 1146, 1159.1.1, 1243, 1246-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının atası Nuxbala Emin oğlu 18.01.2005-ci ildə vəfat etmiş, bununla da onun ölümündən sonra miras işi açılmışdır. Daha sonra 18.02.2005-ci il tarixdə iddiaçının qardaşı X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ünvan 4 ünvanında yerləşən mənzil miras qalmışdır. Daha sonra 15.04.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.01.2005-ci ildə ölmüş Nuxbala Emin oğlunun vərəsəsi X9r və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.03.2019-cu il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 195.7 kv.m olan qeyri yaşayış binasının mərhuma məxsus payından ibarətdir. Göründüyü kimi, iddiaçı mirasın açıldığı 2005-ci ildən, atasının ölümündən məlumatlı olaraq miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş və miras əmlaka sahiblik və faktiki idarə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia ərizəsi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v- 1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 5ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15 aprel 2019-cu il tarixdə verimiş şəhadətnamə isə 2005-ci il tarixdə iddiaçının atasının ölümü ilə bağlı açılmış vərəsəlik işinin davamıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə 2005, nədə 2019-cu il tarixlərdə iddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı heç bir müraciəti olmamışdır. Bundan əlavə məhkəmə iclasında iddiaçının miras əmlakı faktiki qəbul etməklə sahiblik və faktiki idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 5ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissələrində təmin edilmədiyindən, iddia tələbi qalan hissələrdə də təmin edilə bilməz. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini bütövlükdə birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı mübahisəli evə və qeyri-yaşayış sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri irəli sürsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qanunsuz olduğunu və bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin o, istinad etdiyi halları sübut edə bilmir. İkincisi, iddiaçı mübahisəli evdən 1981-ci ildən ərə getdiyini, 1997-ci ildə nikahı pozulduqdan sonra yenidən valideynlərinin yaşadığı həmin miras evə qayıtdığını və 2002ci ilə kimi bu evdə yaşadığını, həmin tarixdən sonra yenidən başqa ünvana köçüb yaşasa da, valideynləri vəfat edənədək bu evə gəlib-getdiyini, 18 yanvar 2005-ci ildə atası vəfat etdikdən sonra yenidən həmin evə qayıtdığını, lakin həmin ilin novruz bayramından sonra mərhum qardaşı Azər Eminov tərəfindən evdən qovulduğunu bildirsə də bu hallar da mirasın onun tərəfindən faktiki olaraq qəbul edildiyini təsdiq etmir. Əksinə işdən açıqaşkar görünür ki, iddiaçı həmin evdə miras açılmamışdan əvvəl də, sonra da yaşamamış və mirası qəbul etdiyini hansısa formada nümayiş etdirməmişdir. Mümkündür ki, iddiaçı miras qoyan atası öldükdən sonra bir müddət, konkret olaraq özünün göstərdiyi təxminən 2 ay müddətində yas mərasimi ilə əlaqədar həmin evdə qalmış olsun. Ancaq bu o demək deyil ki, iddiaçı həmin müddətdə miras əmlak olan evə faktiki sahiblik etmiş yaxud həmin evin faktiki idarəçiliyini həyata keçirmişdir. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir. Üçüncüsü, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Miras qoyan atasının 18 yanvar 2005-ci ildə ölməsi ilə əlaqədar həmin ilin mart ayına kimi qeyd olunan evdə qalması mirası qəbul etməyə yönələn hərəkət kimi qiymətləndirilə bilməz. Əksinə, mərhum qardaşı tərəfindən miras evdən qovulmasını bəyan edirsə demək qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməli olduğunu da bilmişdir. Mərhum qardaşından qorxduğu üçün miras əmlakı qəbul etmək üçün 16 il müddətində hər hansı bir tədbir görməməsi də onun bu miras əmlakı faktiki olaraq qəbul etməməsinə dəlalət edir. Ona görə də, iddiaçı atası öldükdən sonra mübahisəli evdə qısa müddətdə qalması təsdiq olunsa belə bu ona hansısa üstün imtiyaz verə bilməzdi. Dördüncüsü, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi təsdiq olunmur. Çünki, şahidlərin ifadələri bilavasitə sübut edilməli olan halları təsdiq etmir. Bakı şəhəri Yasamal rayonu 40 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən təsdiq edilmiş cavabdeh tərəfindən təqdim edilmiş aktda bir neçə qonşunun iddiaçının ərə getdikdən sonra mübahisəli evdə yaşamadığını, iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi müraciətdə isə digər qonşuların müraciətində iddiaçının 1981-ci ildə ərə getdiyini, 1997-ci ildə nikahı pozulandan sonra yenə də həmin evə qaydıraq valideynləri ilə birgə yaşadığını, atasının vəfatından sonra isə 3 ay qeyd olunan evdə yaşadığını, həmin ilin Novruz bayramından sonra mərhum qardaşı Azər Eminov tərəfindən qovulduğunu göstərmişlər. Göründüyü kimi, həm şahidlərin, həm də qonşuların bir qismi iddiaçının miras qoyan atası vəfat etdikdən sonra bir-iki ay müddətində həmin evdə yaşadığını, digər şahid və bir neçə qonşu isə iddiaçının ərə getdikdən sonra həmin evdə yaşamadığını bəyan edirlər. Bu cür vəziyyətdə hansı məlumatların mötəbər olduğunu müəyyən etmək də mümkünsüz olur. Eyni zamanda şahid ifadələri ilə də iddiaçının miras əmlakı faktiki olraq qəbul etməsi təsdiq olunmur. Beşincisi, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə iddia tələbləri əsassız olduğundan və təmin edilməsi üçün əsas olmadığından onlardan törəyən digər tələblər də təmin edilə bilməz. Çünki, əsas tələblərin təmin edilməməsi avtomatik olaraq digər tələblərin də təmin edilməməsini labüd edir. Altıncısı, iddiaçı iddia ərizəsi ilə 07.06.2021-ci ildə məhkəməyə müraciət etmiş, yəni mübahisəli evə dair 18.02.2005-ci il tarixli, qeyri-yaşayış sahəsinə dair 19 aprel 2019-cu il tarixli mərhum X4 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsızlığını mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2 və 1272-ci maddəsində müəyyən edilmiş kəsici müddətləri də ötürmüşdür. Belə ki, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Ona görə bu da iddianın təmin edilməsini istisna edən haldır. Bununla bağlı, Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüuquqi mövqeyə görə...Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Lakin məhkəmələr tərəfindən N.Nadirovun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə də iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürsə də Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, iddiaçı mərhum qardaşından qorxduğu üçün miras əmlakı qəbul etmək üçün hər hansı bir tədbir görmədiyini bəyan etməklə faktiki olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə müddəti ötürdüyünü təsdiq etmiş olur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4130/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4130/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2251/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2251/2022
04.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver