Məhkəmə qərarları › İş №2(103)-2256/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2256/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2256/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi, borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış, müqavilə əsasında satıcı alıcıya müqavilədə nəzərdə tutulan malları, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür.

2. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış, müqavilə əsasında satıcı alıcıya müqavilədə nəzərdə tutulan malları, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür.

3. 21 iyul 2023-cü il maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh3 arasında imzalanmış xx.xx.2022-ci il tarixli borc 40017937 müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan çıxarışda hesabata salınmışdır. xx.xx.2023-cü il tarixdə verilmiş 1,379,99 manat kredit tam bağlanıb və bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin tam həcmi 0 manatdır.

4. Cavabdeh3 xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində 40014916 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi və təhvil almadığı 1799,99 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 sistemində borc 0 manat təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 40014916 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1799,99 manat artıq borc qalığı Cavabdeh3 öhdəliyidir.

5. 17 may 2023-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı 40014916 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1799 manat 99 qəpik tutulmuşdur. Borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1824 manat 99 qəpik pul tutulmuşdur.

6. xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Cavabdeh3 İddiaçı qarşı olan tələb hüququ Cavabdeh2 MMC-yə keçmişdir.

7. Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürsounun vəkili Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardımla bağlı 1350 manat ödəniş edilmişdir.

8. 04 aprel 2023-cü il tarixli bildirişdərn və xəbərnamədən görünür ki, "xxxx" QSC tərəfindən icra qeydinin aparılacağı barədə İddiaçı bildiriş göndərilmiş və 17 aprel 2023-cü il tarixdə "Həsənov" imzası ilə qəbul edilmişdir.

9. İddiaçı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış ərizədən görünür ki, iddiaçı 23 mart 2023-cü il tarixdə müraciət etmiş və həmin ərizə 24 iyun 2023-cü il tarixdə qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 qəbul etdiyi xx.xx.2023-cü il tarixli icra qeydin ləğv edilməsi, "Optimal Elektronika” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsini ləğv edilməsi və 1799,99 (bir min yeddi yüz doxsan doqquz manat doqsan doqquz qəpik) borcun silinməsi, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1350 (bir min üç yüz əlli) manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, ümümilikdə 1450 (bir min dörd yüz əlli) manatın Cavabdeh2 QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin xüsusi notariusu Xəlilov İkram Mehrab oğlunun qəbul etdiyi xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, Cavabdeh3 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və 1799,99 manat borcun silinməsi, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1350 (bir min üç yüz əlli) manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 1450 (bir min dörd yüz əlli) manatı cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı tərəfindən Cavabdeh3 MMC mağazasından “Carrier 42QHA018N” markalı kondisoneri 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında 1799,99 (bir min yeddi yüz doqsan doqquz manat, doqsan doqquz qəpik) azn əldə etmişdir. Malı əldə edəndən sonra 3 gün müddətində mal işləməmişdir və bu barədə İddiaçı Cavabdeh3 MMC-nin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Qeyd olunan “Carrier 42QHA018N” markalı kondisoneri Cavabdeh3 MMC-nin sen-is işçiləri akt tərtib edərək təhvil almışdılar və müəyyən edilmişdir ki, qeyd olunan kondisionerin istəhsal qüsuru vardır, kondisionerin istehsal qüsuru olduğuna görə yenisi ilə əvəz edilmişdir. Kondisioneri yenisi ilə əvəz edəndə xx.xx.2022-ci il tarixində İddiaçı və Cavabdeh3 MMC tərəfindən yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Yeni alqı-satqı müqaviləsi bağlandığı zaman İddiaçı bildirilmişdir ki, əvvəl bağlanan 40014916 nömrəli nisyə alqısatqı müqaviləsi qüvvədən düşür və yeni bağlanan nisyə alqı-satqı satqı müqaviləsi ilə əvəz olunur. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan kondisioner aksiyada olduğuna görə daha ucuz 1379,99 manat İddiaçı təklif edilir. Bundan əlavə olaraq, köhnə 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə bağlı ödənilmiş ilkin ödənişi 200 (iki yüz) azn manatı yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ödənişi olaraq qəbul etmişdilər. Bildirmək istəyirəm ki, 40017937 nömrəli. xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasında mənim tərəfimdən hər ay ödəniş edərək, xx.xx.2023-cü il tarixində müqavilə üzrə ödənişləri tam bitirmişdi. 2023-cü ilin iyun ayında İddiaçı Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən zəng edilmişdir və İddiaçı Yurycvnanı icra şöbəsinə dəvət etmişdir. İddiaçı icra şöbəsinə gələrək bilmişdir ki, onunla bağlı ünvan 1 xx.xx.2023-cü il tarixində icra qeydi apararaq. xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə bağlı 1799 manat 99 qəpik və ödənilmiş 25 manat ümümilikdə 1824 manat 99 qəpik “Ferrum Kapital“' QSC-nin xeyrinə tutulması ilə bağl icra qeydini Nərimanov Rayon İcra Şöbəsinə təqdim etmişdir. İlkin olaraq qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında ona satılmış “Carrier 42QHA018N” markalı kondisonerin istehsal qüsuru olduğuna görə, qeyd olunan müqavilə ləğv edilmişdir və onun əvəzinə İddiaçı və “Optimal Elektronika" MMC tərəfindən yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu barədə məlumatı Cavabdeh3 MMC tərəfindən pul tələbini “Ferrum Kapital" QSC-yə güzəşt edəndə məlumat verməli idi. Bundan əlavə olaraq, icra qeydi ilə bağlı notariusa müraciət etmkdən öncə, bununla bağlı Cavabdeh2 QSC tərəfindən İddiaçı bildiriş göndərilməli idi, lakin heç bir bildiriş Cavabdeh2 QSC tərəfindən İddiaçı göndırilməmişdir. İddia ərizəsində qeyd edilən faktlarla bağlı müraciət ərizəsini cavabdehlərə xx.xx.2023-cü il tarixində göndərilmişdir. Müraciət ərizələrdə xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi (öhdəliklərə xitam verilməsi), İddiaçı Cavabdeh3 MMC-yə və “Ferrum Kapital" QSC-yə borcun olmaması barədə arayışı verilməsi və bu barədə məlumatları Nərimanov Rayon İcra Şöbəsinə təqdim edilməsi cavadbehlərdəıı xahiş edilmişdir. ünvan 1 ünvanlanan müraciət ərizəsində isə xx.xx.2023-cü il tarixli, 8İ-4092 reyestr nömrəli icra qeydini ləğv edilməsi xahiş edilmişdir. Qeyd olunan müraciətlərə cavab verilməsini xx.xx.2023-cü il tarixində xahiş edilmişdir, əks halda məhkəməyə müraciət edilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilən məbləği, həmçinin ödənilən dövlət rüsumunu cavabdelılərdən tutulması ilə bağlı tələb irəli sürülməsi bildirilmişdir. Cavabdehlərə ünvanlanan xx.xx.2023-cü il tarixli müraciətlər cavabsız qalmışdır.

13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Hacıyev Aydın Məhəmməd oğlu iddia tələbini qismən qəbul etdiklərini, qeyd edilən müqavilə artıq ləğv edildiyindən tələbin bu hissədə rədd edilməsini, icra qeydinin ləğvi hissəsində təmin edilməsini xahiş etmişdir. Tərəflərindən "xxxx" QSC-yə müqavilənin ləğvi barədə məlumat verildiyini, icra qeydi ilə bağlı hərəkətlərin "xxxx" QSC tərəfindən edildiyindən tələbin onlara qarşı yönəldilməsini əsassız hesab edir.

14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh “Ferrum Kapital" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Quliyev Süleyman İsmayıl oğlu iddia tələbini pulun müştərək qaydada tutulması hissəsində qəbul etmədiklərini, onların da zərərçəkmiş tərəf olduğunu, Cavabdeh3 tərəfindən əslində mövcud olmayan tələbin onlara ötürüldüyünü bildirmiş, iddia tələbinin onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Tərəflərindən iddiaçıya 04 aprel 2023-cü il tarixdə bildiriş göndərildiyini, həmin bildirişin iddiaçıya çatdırıldığını, yalnız bundan sonra icra qeydinin aparıldığı, lakin iddiaçının yalnız icra qeydinin çıxarıldıqdan iki ay sonra müqavilənin əslində ləğv edilmiş olduğunu və məhsulun əldə edilmədiyi barədə cavabdehi məlumatlandırdığını əlavə etmişdir. Belə olan halda "xxxx" QSC-nin heç bir öhdəlik daşımadığından hesab edir ki, tələblərin onlara yönəlməsi əsassızdır və təmin edilməməlidir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat ofisinə qarşı alğı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli icra qeydin ləğv edilməsi, İddiaçı ilə "Optimal Elektronika” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, 1799.99 (bir min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borcun silinməsi, hüquqi yardım göstəriliməsi ilə bağlı vəkilə ödənilmiş 1350 manat pulun 200 manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 300 manatı Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 423.2, 424.2-424.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətəndaşa vəkil tərəfindən göstərilən hüquqi yardım yalnız tərəflər arasında bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqavilə əsasında həyata keçirilir. İş üzrə təqdim edilmiş müqavilənin məzmunundan görünür ki, iddiaçı vəkillə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamışdılar və göstərilən hüquqi yardıma görə vəkillə 1350 (bir min üç yüz əlli) manat nağdsız qaydada ödəniş olunmuşdur. Qeyd olunan müqavilə iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qeyd olunan məbləği ağlabatan hesab etməmişdir. Məhkəmə faktiki olaraq bu hissədə qətnaməni əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə tərəfindən göstərilən hüquqi yardıma görə 200 manatı ağlabatan məbləğ hesab edilməsi, faktiki olaraq AR Mülki Məcəlləsinin 390-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxardır. Qeyd olunan maddə ilə müəyən edilmişdir ki, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Məhkəməyə təqdim edilən müqavilə və ödəniş qəbzindən görünür ki, iddiaçı göstərilən hüquqi yardımla bağlı vəkilə 1350 (bir min üç yüz əlli) manat ödəniş olunmuşdur və haqlı olaraq qeyd olunan ödənişi cavabdehlərdən tutulmasını tələbində xahiş etmişdir. İddiaçının iddia tələbi ilə məhkəməyə müraciəti xx.xx.2023-cü il tarixində daxil olmuşdur və 8 məhkəmə iclas keçirdilərək qətnamə xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. İddiaçının vəkili və nümayəndəsi bütün məhkəmə iclaslarında iştirak etmişdir və zəruri olan bütün hüquqi sənədləri hazırlayaraq məhkəməyə təqdim etmişdir. Bundan əlavə olaraq, məhkəmədən öncə iddiaçının vəkili və nümayəndəsi cavabdehlərə zəruri olan ərizələri tərtib edərək göndərmişdir, cavabdehlərin ofisinə gedərək işin məhkəməyədək həll edilməsi ilə bağlı görüşlər keçirmişdir və icra qeydin icrasını dayandırılması ilə bağlı Nərimanov Rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmişdir. Yuxarıda qeyd olunan faktlara baxmayaraq, məlum olmayan səbəbdən Nərimanov rayon Məhkəməsinin hakimi iddiaçının vəkilin və nümayəndəsinin hüquqi yardımla bağlı gördüyü işləri faktiki olaraq 200 (iki yüz) manata dəyərləndirmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən görülən işləri və faktiki məhkəməyə təqdim edilmiş sübutları əsasında hüquqi yardıma görə ödənilmiş 1350 (bir min üç yüz əlli) manat tam şəkildə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırkı halda apelyator şikayətində iddia tələbinin iddia tələbinin təmin edilməyən hissəsində qətnaməni mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materialları ilə müəyyən olunur ki Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi və təhvil almadığı 1799,99 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan 29 iyun 2022-ci il tarixli Sazişə əsasən Cavabdeh3 İddiaçı qarşı olan tələb hüququ Cavabdeh2 MMC-yə keçmişdir. "xxxx" QSC tərəfindən iddiaçıya bildiriş göndərilmiş, müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən notariusa müraciət edilərək 17 may 2023-cü il tarixdə icra qeydi aparılmışdır. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə müqavilənin ləğv edilməsi barədə məlumat verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bu hal məhkəmə qaydasında mübahisələndirilmiş, iddiaçının tələbi qismən təmin olunmuş, qəbul edilmiş məhkəmə qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir.

32. İş materiallarından görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürsounun vəkili Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardımla bağlı 1350 manat ödəniş edilmişdir.

33. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Hazırkı mülki işdən görünür ki, iddiaçının tələbi tam təmin edilməmişdir. Belə ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat ofisinə qarşı alğı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, İddiaçı ilə "Optimal Elektronika” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, 1799.99 (bir min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borcun silinməsi, hüquqi yardım göstəriliməsi ilə bağlı vəkilə ödənilmiş 1350 manat pulun 200 manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 300 manatı Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

35. Həmçinin məhkəmə haqlı olaraq hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin hallarını, iddiaçı və cavabdehin mənafelərini nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat məbləğində xərcin tutulmasını daha ağlabatan hesab etmişdir.

36. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə edir ki, məhkəmə tələbi yalnız "xxxx" MMC-yə münasibətdə təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki məhkəmə prosesi zamanı tədqiq edilən sübutlarla "xxxx" MMC-nin əslində ləğv edilmiş müqavilə üzrə tələb hüququnun "xxxx" QSC-yə ötürüldüyü təsdiqini tapmışdır. "xxxx" QSC-yə "xxxx" MMC tərəfindən məlumat verilməsi ilə bağı sübut mülki işin materiallarında yoxdur. İddiaçının "xxxx" QSC-yə göndəridiyi bildirişlərin isə, icra qeydi artıq aparıldıqdan sonra çatması da mülki işin materialları ilə öz təsdiqini tapır. Belə olduğu halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, "xxxx" QSC-nin hərəkətkərində təqsir müəyyən edilməmişdir və iddiaçıya dəymiş maddi ziyanı "xxxx" tərəfindən ödənməlidir.

37. Apellyasiya şikayətinin dəlillərinə ümumimilikdə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsinin iddianın yoxlanılan hissədə təmin edilməməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar