Məhkəmə qərarları › İş №2(103)-2256/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2256/2025

02.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2256/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 3685/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh (borc verən) ilə iddiaçının (borc alan) arasında xx.xx.2023-cü il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsindən görünür ki, cavabdeh 10.000 manat pulu notariusun depozit hesabı vasitəsilə iddiaçıya borc verir, iddiaçı isə həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürür (iş v. 10). 2.Bundan 11 ay sonra - xx.xx.2024-cü il tarixdə özünü “SLS” Hüquq Servis firmasının direkoru kimi təqdim edən iddiaçı ilə cavabdehin arasında sadə yazılı formada müqavilə bağlanıb, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə hüquqi xidmət göstərməyi öhdəsinə götürüb (iş v. 11). Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. 4.İddia ərizəsində tələb belə əsaslandırılıb ki, cavabdeh qeyri-yaşayış sahəsinin sənədləşdirilərək reyestr çıxarışının alınmasında köməklik göstərilməsi üçün iddiaçıya müraciət etmiş, bunun müqabilində cavabdeh iddiaçıya 7.000 manat pul verəcəyini vəd etmiş və xx.xx.2023-cü il tarixdə iddiaçıya bir il müddətində qüvvədə olan etibarnamə vermişdir. Həmin tarixdən başlayaraq iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı FHN-nin müvafiq qurumuna müraciət edərək müvafiq sənədləri əldə etmiş, sənədlərin əldə edilməsi ilə əlaqədar tərəfindən pul xərclənmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, çəkilən bütün xərclər sonda iddiaçıya ödəniləcək və zəhmət haqqı tam şəkildə veriləcək. Bu səbəbdən iddiaçı qeyd olunan xərcləri özü ödəmiş və həmin xərclərin əvəzinin cavabdeh tərəfindən ona ödəniləcəyinə inanmışdır. İddiaçı şifahi razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. 2023-cü ilin iyul ayında müəyyən sənədlərin əldə edilməsi ilə bağlı 10.000 manat məbləğində pul verilməsi zərurəti yaranmış, iddaçı bunu cavabdehə bildirdikdə cavabdeh pulun müvafiq quruma verilməsi üçün borc müqaviləsi adı ilə verəcəyini bildirmişdir. İddiaçı isə işlərin dayanmaması və çəkdiyi zəhmətin hədər getməməsi üçün cavabdehin dediyinə razılıq vermiş və xx.xx.2023cü il tarixdə aralarında notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilədə göstərilən pul iddiaçıya borc verilməmiş, müqavilə bağlandıqdan sonra dərhal iddiaçı pulu müvafiq qurumun əməkdaşına vermiş, müvafiq sənəd əldə edilmiş, bunu cavabdehin özü də görmüşdür. Bir müddətdən sonra cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq 10.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Halbuki, iddiaçı ilə cavabdehin arasında borc münasibəti olmamışdır. 5.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir Apellyasiya instansiyası məhkəməsində icraat 9.Kredit müqaviləsinin etibarsızlığı iddia ərizəsində belə əsaslandırılıb ki, 10.000 manat pul borc verilməyib, cavabdehə aid olan qeyri-yaşayış sahəsinə dair müəyyən sənədlərin əldə edilməsi üçün müvafiq quruma 10.000 manat pul verilməsinə zərurət yaranıb, 10.000 manat pul bu məqsədlə cavabdeh tərəfindən iddiaçıya verilib, iddiaçı isə həmin pulu müvafiq qurumun əməkdaşına verib. Belə əsaslandırma onu təsdiq edir ki, iddaçı kredit müqaviləsinin uydurma əqd kimi etibarsız sayılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Kredit müqaviləsinin uydurma əqd sayılması üçün iddiaçının istinad etdiyi həmin hallar sübut olunmalıdır. Lakin iddiaçı bu halları təsdiq heç bir sübut təqdim etməyib, o cümlədən müvafiq qurumun pulu alan əməkdaşının kimliyini bildirməyib və pulun həmin əməkdaşa ödənildiyi təsdiq edən sənəd təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3685/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar