Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2259/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, habelə həm onun nümayəndəsi olan, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş X3, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 vəkili Vəkil3, Cavabdeh1 (o, həm də digər Cavabdeh4 nümayəndəsi qismində çıxış edir), Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı iddia tələbləri üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş Bakı şəhəri 48 saylı notariat kontorunun notariusu X4 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin, tikililərin və avadanlıqların qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Rəşad Talıbov tərəfindən; həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X1 "xxxx" MMCnə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin və müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, əmlak kompleksinin və avadanlıqların qaytarılması” tələblərinə dair həmin məhkəmənin 06 may 2021-ci il tarixli qətnaməsindən Mikayıl Hacızadə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Talıbov X6 Abbas Yaşar oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292- 1293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kv.m ümumi, 1051 kv.m əsas, 195,6 kv.m köməkçi sahədən ibarət torpaq sahəsi və orada olan tikililərə dair onunla Cavabdeh2 arasında Bakı şəhəri 48 saylı notariat kontorunda 26.10.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın, sözügedən əmlakla bağlı Cavabdeh2 ilə həyat yoldaşı Cavabdeh4 arasında bağlanmış bağışlama müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin və orada olan tikililərin, həmçinin akkumulyator zavoduna aid avadanlıqların ona geri qaytarılması vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, dəymiş maddimənəvi zərərə görə 500 000 manatın cavadehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı kredit müqavilələri əsasında bankdan ümumilikdə 38 579 602 rubl kredit götürmüş, həmin kreditin əsas hissəsi hesabına Xanlar adlı dostundan ona 420 000 manat ödəməklə faktiki olaraq Xanlara məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kv.m ümumi, 1051 kv.m əsas, 195,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini (akkumlyator zavodu) satın almışdır. Belə ki, həmin əmlak kompleksi Xanlara məxsus "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC-dən müxtəlif vaxtlarda götürdüyü kreditlərin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.01.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən cəmi 536 233 ABŞ dollarının, "xxxx" MMC-dən 294 056 manatın bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X2 məxsus sözügedən əmlak kompleksinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması qət edilmiş, "xxxx" ASC ilə arasında olan razılaşmaya görə qeyd olunan qətnamənin icrası məqsədilə əmlakı hərracdan 100 000 manata almış, bundan sonra Xanların banka olan borcunun əsas hissəsi müxtəlif vaxtlarda ödənilmiş, 15.08.2015-ci il tarixdə əmlak adına qeydiyyata alınmışdır. Bundan sonra Mirzə adlı dostunun oğlu Cavabdeh3 akkumlyator zavodunun torpaq sahəsini və üzərində olan tikililəri 600 000 manata almaq istəyənlərin olduğunu demiş, Mirzə ilə çox yaxın münasibətlərdə olduğundan Elşənə inanmış, onun xahişi ilə zavodun torpaq sahəsini və üzərində olan tikililəri Cavabdeh1 satmağa razılaşmış, 29.09.2015-ci il tarixdə adı çəkilən şəxslə Bakı şəhərinin 48 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamış, lakin ona heç bir pul vəsaiti ödənilməmiş, Cavabdeh3 pulun bir həftə ərzində ödəniləcəyini bildirmişdir. 14 oktyabr 2015-ci il tarixinə qədər pul ödənilmədiyindən müqavilənin ləğv olunmasını tələb etmiş və həmin tarixli razılaşmaya əsasən müqavilə ləğv olunmuşdur. Amma yenə də Cavabdeh3 ondan əl çəkməmiş və Cavabdeh1la yaxın olduğunu, onun əvəzinə zamin durduğunu, onların əmlakı almaq istədiklərini demiş, zavodu məhz onlara satmasını xahiş etmiş, buna görə də zavodu Abbasa satmağa yenidən razılıq vermişdir. Lakin bu dəfə müqaviləni Cavabdeh2 ilə bağlamalı olmuş, 26.10.2015-ci il tarixdə onunla Cavabdeh2 arasında Bakı şəhərinin 48 saylı notariat kontorunda əmlakın 90 000 manata Cavabdeh2 satılmasına dair müqavilə rəsmiləşdirilmiş, lakin ona pul verilməmiş, Elşən and içərək yaxın günlərdə pulunun ödəniləcəyini, əgər ödənilməzsə şəxsən özünün ödəyəcəyini, yaxud onun “Bank VTB (Azərbaycan)” ASC-nə olan borcunu ödəyəcəyini bildirmiş, hətta həmin banka gedərək 40 000 000 rubldan artıq borcu ödəyəcəyi barədə iltizam yazmışdır. Bu yaxınlarda əldə etdiyi məhkəmə qətnamələrindən öyrənmişdir ki, “Bank VTB (Azərbaycan)” ASC-nə olan borcunda heç bir azalma olmamış, Elşənin banka verdiyi iltizam da yoxa çıxmışdır. Eyni zamanda öyrənmişdir ki, zavodu satdığı zaman Cavabdeh3 Cavabdeh1 600 000 manat borcu olmuş və onlar əlbir olaraq əmlakını mənimsəməyə, beləliklə də Elşənin Abbasa olan borcunun ödənilməsinə nail olmuşlar. Dostu Xanlardan zavodu alarkən onunla razılaşması belə olmuşdur ki, zavoddakı dəyəri 1 500 000 manatdan artıq olan avadanlıqlar Xanlara qaytarılacaqdır, lakin Xanlar köçüb Amerikaya getdiyindən əmlaklar zavodda qalmışdır. X5 (nümayəndəsi) isə "xxxx" MMC-nə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmamverdi qızına qarşı mütəqil tələb irəli sürərək, "xxxx" MMCnin 22.09.2014-cü il tarixli hərracın nəticələri haqqında № Y-308 saylı protokolunun, İddiaçı tərəfindən həmin əmlakın 29.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1, 26.10.2015-ci il tarixdə isə Cavabdeh2 satılması, sonuncu tərəfindən əmlakın Cavabdeh4 bağışlamasına dair müqavilələrin və onların nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə yerləşən, 0.11587 ha istifadədə olan torpaq sahəsinin, 1246 kv.m ümumi sahə olmaqla, 1051 kv.m əsas, 195.60 kv.m köməkçi sahəsi olan kompleksin, o cümlədən zavodda olan avadanlıqların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mikayıl Hacızadənin iddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı tələb etdiyi əmlaklar ona məxsusdur, həmin əmlakları heç kimə satmamış, zavodda olan avadanlıqları heç kimə təhvil verməmişdir. 2000-cı ildə Türkiyə vətəndaşı Yalçın Mutludan 3 500 000 ABŞ dollarına aldığı həmin əmlakların idarəçiliyini dayısı X7 tapşırmışdır və İddiaçı əmlakı 90 000 manata necə aldığını və dəyəri milyonlarla ölçülən avadanlıqların, maşın və texnikanın başqasına necə təhvil verildiyini bilmir. Bütün bu saxtakarlıqların və qanunsuzluqların kökündə "xxxx" MMC-nin, dəyəri 2 000 000 manatdan artıq olan əmlakı cəmi 100 000 manata İddiaçı satması dayanır və həmin hərrac, habelə hərracdan sonra əmlak barəsində həyata keçirilən əməliyyatlar etibarsız hesab olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələblərindən imtina etməsi səbəbi ilə onun iddiası üzrə mülki işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə Mikayıl Hacızadənin iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq hissədə baxılması üçün həmin məhkəməyə qaytarılmış, Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə İntiqam Talıbbovun iddia tələblərinə Cavabdeh3 aid hissədə xitam verilmiş (ölümü ilə əlaqədar), eyni tarixli qətnamə ilə isə İddiaçı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən Mikayıl Hacızadə tərəfindən, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən isə İddiaçı və və onun oğlu (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) Rəşad Talıbov tərəfindən apellyasiya şikayətləri verilərək qətnamələrin ləğv, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə(lər) çıxarılması xahiş olunmuş, hər iki şikayət müvafiq iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, obyektiv və hərtərəfli araşdırma aparmadığı, Cavabdeh2 vicdanlı alıcı hesab etməklə və iddia müddətinin ötürüldüyü nəticəsinə gəlməklə qanunu səhv tətbiq etdiyi irəli sürülmüşdür. Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və həm onun nümayəndəsi olan, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş X8, İddiaçı digər nümayəndəsi (vəkili) Arzu Cavabdov, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 vəkili Vəkil3 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 (o, həm də digər Cavabdeh4 nümayəndəsi qismində çıxış edir) və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2, üçüncü şəxs qismində prosesə cəlb olunmuş Bakı şəhəri 48 saylı notariat kontorunun notariusu Səadət Hüseynov şikayətlərin əsassız olduğunu bildirmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC, həmçinin üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC nümayəndələrini məhkəməyə göndərməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini hər iki qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həm İddiaçı, həm də Mikayıl Hacızadənin iddia tələbləri üzrə cavabdeh kimi göstərdikləri Cavabdeh3 14.05.2021-ci il tarixdə (Mikayıl Hacızadənin iddia tələbi üzrə qətnamə çıxarılmasından sonra) vəfat etdiyindən İddiaçı iddia tələbinin ona aid hissəsində işin icraatına 17.12.2021-ci il tarixli qərardadla xitam verilmiş, həmin qərardad İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kollegiya onu da qeyd edir ki, Mikayıl Hacızadə iddia ərizəsində Cavabdeh3 cavabdeh qismində göstərsə də, əslində ona qarşı tələb yönəltməmişdir və bu səbəblə də adı çəkilən şəxsin vəfat etmiş olması, apellyasiya icraatı zamanı hər hansı prosessual hərəkətlərin həyata keçirilməsini (icraatın dayandırılması, prosessual hüquq varisinin cəlb edilməsi və s.) zəruri etmir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kv.m ümumi, 1051 kv.m əsas, 195,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi 18.07.2006-cı il tarixli çıxarış əsasında X1 mülkiyyətində olmuş, həmin əmlak kompleksi "xxxx" MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC (bank) ilə bağlamış olduqları kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə 19.03.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.01.2012-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 536 233 ABŞ dolları, "xxxx" MMC-dən 294 056 manat borc məbləğlərinin tutularaq "xxxx" ASC-nə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş sözügedən əmlak kompleksinə yönəldilməklə onun açıq hərracda satılması və əldə olunmuş pul vəsaitindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin banka olan borclarının ödənilməsi, bankın tələbi tam ödənildikdən sonra qalan məbləğin X2 qaytarılması qət edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.01.2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçid ünvanda istifadədə olan 0,11587 ha torpaq sahəsində yerləşən 1246,60 kv.m ümumi, 1051 kv.m əsas, 195,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi Binəqədi rayon İcra şöbəsinin 04.06.2014-cü il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmış, "xxxx" MMC tərəfindən 22.09.2014-cü il tarixdə təşkil edilən hərracda əmlak 100 000 manata İddiaçı satılaraq həmin tarixdə “Hərracın nəticələri haqqında” Y-308 saylı Protokol tərtib olunmuş, 15.08.2015-ci il tarixdə əmlak İddiaçı adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan digər hallarına əsasən, İddiaçı əmlak kompleksinin Cavabdeh1 90 000 manata satılmasına dair onunla 29.09.2015-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlamış, 14.10.2015-ci il tarixli sazişlə həmin müqavilə ləğv edilmiş, 26.10.2015-ci il tarixdə isə İddiaçıla Cavabdeh2 arasında eyni notariat kontorunda əmlaka dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərək əmlak 90 000 manata sonuncuya satılmış, müqavilə üzrə razılaşdırılan məbləğ (90 000 manat) Cavabdeh2 tərəfindən notariusun "xxxx" ASC-də olan hesabına mədaxil edilmiş, 06.11.2015-ci il tarixdə əmlak Cavabdeh2 adına qeydiyyata alınmış, 19.02.2020-ci il tarixdə onun tərəfindən anası Cavabdeh4 bağışlanmış, 02.03.2020-ci il tarixdə sonuncunun adına müvafiq çıxarış verilmişdir. İddiaçı iddia tələblərini əsaslandırmaq üçün irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, mübahisəsi gedən əmlak əslində yaxın dostu və eyni zamanda Mikayıl Mikayılzadənin dayısı olan Xanlar Qasımova məxsus olmuş, əmlaka Xanlara məxsus şirkətlərin "xxxx" ASC-nə yaranan kredit borclarına görə tutma yönəldildikdən sonra bankla arasında olan razılaşma əsasında əmlakı hərracdan 100 000 manata almış, bundan sonra Xanların banka olan borcunun əsas hissəsini müxtəlif vaxtlarda ödəmiş, sonradan Mirzə adlı dostunun oğlu Cavabdeh3 əmlakı 600 000 manata almaq istəyənlərin olduğunu demiş, buna razılaşmış, lakin Elşən onu aldadaraq əmlakın Cavabdeh2 90 000 manata satılmasına nail olmuş, amma ona ümumiyyətlə pul verilməmiş və sonradan da əmlakın dəyəri ödənilməmiş, eyni zamanda Elşən verdiyi vədi yerinə yetirməyərək onun “Bank VTB (Azərbaycan)” ASC-nə olan kredit borcunu da ödəməmişdir. Mikayıl Hacızadə isə mübahisəsi gedən əmlakı heç kimə satmadığını, zavodda olan avadanlıqları heç kimə təhvil vermədiyini, idarəçiliyini dayısı X7 tapşırdığı əmlakı İddiaçı 90 000 manata necə aldığını bilmədiyini, hərracın saxta olduğunu iddia tələblərinin faktiki əsasları kimi irəli sürmüşdür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. İddia tələblərinə məhz bu kontekstdə qiymət verən kollegiyanın qənaətinə görə, nə İddiaçı, nə də Mikayıl Hacızadənin irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçı iddia tələblərini əsaslandırmaq üçün irəli sürdüyü faktiki halların məcmusunun təhlili belə qənaətə gəlməyə əsas verir ki, o, mübahisəsi gedən əmlakı Mikayıl Mikayılzadənin dayısı olan və yaxın dostu olaraq xarakterizə etdiyi Xanlar Qasımovla, eyni zamanda sonuncunun kredit borcunun olduğu bankla Xanlar Qasımovun borcunu ödəyəcəyi ilə bağlı razılaşma əsasında hərracdan əldə etmiş, sözügedən borcun bir hissəsini ödədikdən sonra əmlakı satmaq istəmiş, Mirzə adlı dostunun oğlu Cavabdeh3 təklif etdiyi (tapdığı) alıcı ilə (Cavabdeh2la) sərbəst iradəsi əsasında müqavilə bağlamış, müqavilədə əmlakın real dəyərindən ucuz göstərilməsinin (yaxud real dəyərindən aşağı qiymətə satılmasının) səbəbi isə Cavabdeh3la onun arasındakı hansısa münasibətin mövcudluğu, yaxud Cavabdeh3, onun “Bank VTB (Azərbaycan)” ASC-nə olan kredit borcunu ödəyəcəyinə dair verdiyi vəd olmuşdur. Başqa sözlə, müqavilənin digər tərəfi olan Cavabdeh2 İddiaçı aldatmaq üçün hər hansı aktiv (fəal) və ya passiv hərəkət (hərəkətsizlik) etməmiş, müqavilə, Cavabdeh2 hərəkətləri səbəbilə İddiaçı formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmamışdır. Əksinə, hazırkı məhkəmə icraatı başlandıqdan sonra İddiaçı hərəkətləri, yəni məhz Cavabdeh3la borc müqaviləsi bağlaması və iddiadan imtina edərək Cavabdeh2 və digərlərinə qarşı hər hansı tələbinin olmayacağını bildirməsi, Cavabdeh3 vəfat etdikdən sonra isə yenidən müvafiq tələbləri irəli sürməsi belə qənaətə gəlməyə əsas verir ki, əgər o həqiqətən də aldadılmışdırsa, bu aldatma Cavabdeh2 tərəfindən deyil, Cavabdeh3 tərəfindən həyata keçirilmişdir. Müqavilə bağlandığı zaman əmlakın real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 90 000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı İddiaçı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh3 vəfat etmiş olması, İddiaçı müvafiq borc müqaviləsinə istinadla onun vərəsələrinə qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Yuxarıda şərh olunan mövqeyinə uyğun olaraq kollegiya, Mikayıl Hacızadənin “İddiaçı tərəfindən əmlakın 29.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1, 26.10.2015-ci il tarixdə isə Cavabdeh2 satılması, sonuncu tərəfindən əmlakın Cavabdeh4 bağışlamasına dair müqavilələrin və onların nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına verilmiş dövlət reyestrində çıxarışın ləğv olunması” tələbləri üzrə gəlinən nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Kollegiya həmçinin hesab edir ki, iddiaçılar tərəfindən alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mikayıl Hacızadənin "xxxx" MMC-nin 22.09.2014-cü il tarixli hərracın nəticələri haqqında № Y-308 saylı protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1292-1293-cü keçiddə yerləşən, 0.11587 ha istifadədə olan torpaq sahəsinin, 1246 kv.m ümumi sahə olmaqla, 1051 kv.m əsas, 195.60 kv.m köməkçi sahəsi olan kompleksin, o cümlədən zavodda olan avadanlıqların ona qaytarılması” tələbləri üzrə gəlinən nəticəni də əsaslı hesab edən kollegiya, bununla bağlı həmçinin aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yuxarıda qeyd olunduğu kimi, Mikayıl Hacızadəyə məxsus əmlak 2009-cu ildə ipoteka ilə yüklü edilmiş, mübahisələndirilən hərracın keçirilməsinə əsas təşkil edən qətnamə 2012-ci ildə çıxarılmış, hərrac isə 22.09.2014-cü il tarixdə, yəni təxminən 7 il əvvəl keçirilmişdir - hər hansı şəxsin 2009-cu ildə ipotekaya qoyduğu əmlakın taleyindən 12 ildən artıq müddət ərzində xəbərdar olmaması isə inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mikayıl Hacızadə, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmişdir – hansı ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakının satılması ilə bağlı hərracın gizlin keçirilməsi, yaxud saxta olması barədə Mikayıl Hacızadənin arqumentləri inandırıcı deyildir. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən müvafiq iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2021 saylı iş üzrə 06 may 2021-ci il və 17 dekabr 2021-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri rüsum ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2259/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2259/2022
16.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver