Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2259/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2nın Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, iddia ərizəsini imzalamayan şəxsin sonrakı hərəkətləri ilə iddianı müdafiə etdiyi qənaətinə gəlinməsi, prosessual hüquq varisi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 prosessual hüquq varisi X2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 və İddiaçı2nın Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı1 və İddiaçı2 24 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.1997-ci il tarixdə Pənah, xx.xx.1999-cu il tarixdə Nigar adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.
2. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 74 saylı evin 14 saylı mənzili xx.xx.2002-ci il tarixdə İddiaçı1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 74 saylı evin 14 saylı mənzilinin ½ hissəsinə İddiaçı1, ½ hissəsinə İddiaçı2 mülkiyyət hüququnun tanınması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 74 saylı evin 66,20 kv.m. ümumi sahədən ibarət 14 saylı mənzili ½ hissədə İddiaçı2, ½ hissədə X1 adlarına qeydiyyata alınmışdır.
5. İddiaçı1, İddiaçı2 və Cavabdeh 24 mart 2005-ci il tarixindən etibarən ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Tatarıstan Respublikasının Nijnekamsk rayonunun Şeremetyevka kəndində qeydiyyatda olan İddiaçı2, xx.xx.2023-cü il tarixdə həmin rayonun notariat kontorunda İddiaçı1 “ünvan 1 ünvanında yerləşən mənzilə olan ümumi mülkiyyət hüququnun ona aid ½ hissəsinin bütün hüquqmüəyyənedici və hüquqi qeydiyyata alan sənədlərini almaq” və “ünvan 1 ünvanında yerləşən mənzilə olan ümumi mülkiyyət hüququnun ona aid ½ hissəsini xx.xx.1997-ci il təvəllüdlü oğlu X4 bağışlamaq” səlahiyyətlərini ehtiva edən 3 il müddətli etibarnamə vermişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 74 saylı evin 14 saylı mənzili hazırda X2 mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı1, keçmiş həyat yoldaşı İddiaçı2nın adından da imzaladığı iddia ərizəsi ilə Cavabdeh (cavabdeh) qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) cavabdehə 12 000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 74 ünvanında yerləşən 14 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 ilə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh anadan olmuş, ünvan 2 ünvanında yerləşən mənzili nikahları dövründə əldə etmişlər. Həmin mənzil üzərində hər birinin ½ hissədə payı müəyyən edilmiş, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq icraya yönəldilmişdir. ünvan 2 ünvanında yerləşən mənzil ½ hissədə onun, ½ hissədə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh, mübahisəli mənzil alındığı vaxtdan - 2004cü ildən həmin evdə yaşamağa başlamış və qeydiyyata alınmışdır. Hal-hazırkı vaxtadək həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdehlə münasibətləri pozulduğundan, artıq cavabdehlə eyni ünvanda yaşamaları mümkün deyildir. Cavabdehin qeyd olunan ünvanda qeydiyyatda olması səbəbindən mülkiyyətçi olaraq mənzil üzərində müstəqil sərəncam verə bilmirlər. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdeh 2004-cü ildə yetkinlik yaşına çatmadığı zaman ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata alındığından, mülkiyyətçinin ailə üzvü olduğundan, məhkəmə qaydasında ona kompensasiya verilməklə istifadə hüquqları itirilməli və mənzildən çıxarılmalıdır.
10. Məhkəmə icraatı dövründə İddiaçı1 ərizə verərək təklif etdikləri kompensasiya məbləğini 18 000 manat müəyyənləşdirdiyini bildirmiş, cavabdehə 18 000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsini və həmin mənzildən çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini, ailə üzvləri ilə münasibətinin gərgin və mənzildə birgə yaşayışın qeyri-mümkün olmasına baxmayaraq 18 000 manat kompensasiya məbləği ilə razılaşmadığını, yalnız 60 000–70 000 manat məbləğində kompensasiya müqabilində istifadə hüququna xitam verilməsinə razıl olacağını bildirmişdir.
12. Məhkəmə tərəfindən "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil ilə müqayisədə analoji xüsusiyyətlərə malik mənzilin real bazar dəyəri 230 000 manat, son üç il ərzində aylıq kirayə məbləğinin dəyəri 500 manat təşkil edir.
13. Birinci instansiya məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 18 000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74 ünvanında yerləşən 14 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74 ünvanında yerləşən 14 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi, ödənilmiş dövət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri, məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, təklif edilən kompensasiya məbləğinin ədalətli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbləri təmin edilməlidir.
15. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 228.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına istinad etmişdir.
16. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehin vəkili (cavabdeh qətnamənin icrası qaydasında pasport qeydiyyatından çıxarıldığı və şəxsiyyət vəsiqəsi deaktiv edildiyi üçün şikayəti onun vəkili imzalamışdır) onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, təklif olunan kompensasiya məbləğinin yetərsiz olduğu, cavabdehin anası İddiaçı1 atasının iradəsindən kənar şəkildə ona qarşı iddia qaldırdığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz
17. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
18. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, İddiaçı1 və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.
19. Cavabdeh həmçinin bildirmişdir ki, ona 80 000 manat kompensasiya ödənilərsə, mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etməyəcəkdir.
20. Apellyasiya baxışı zamanı iddia ərizəsinin birgə iddiaçıların adından İddiaçı1 tərəfindən imzalandığı, lakin İddiaçı2 ona verdiyi etibarnamədə İddiaçı1 belə bir səlahiyyət verilmədiyi, həmçinin İddiaçı1 İddiaçı2 məhkəmə prosesində təmsil etmək səlahiyyətinə sahib nümayəndə də ola bilməyəcəyi (boşandıqları üçün artıq yaxın qohum sayılmadıqları səbəbilə) müəyyən edildiyindən İddiaçı2 özünün məhkəmə iclasında iştirakı zəruri hesab edilmiş, o, Rusiya Federasiyasında yaşadığından onun iclasda iştirakı texniki vasitə ilə təmin olunmuşdur.
21. İddiaçı2 “WhatsApp” proqram təminatı vasitəsilə iştirak etdiyi iclasda verdiyi izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşına etibarnaməni qızlarına qarşı iddia qaldırmaq üçün deyil, mənzildə özünə məxsus ½ hissə payı oğulları Pənah Qəniyevə bağışlama müqaviləsini rəsmiləşdirmək üçün vermiş, qızı Nigara qarşı məhkəmədə iddia qaldırılmasından xəbəri olmamışdır. Nigara ödənilən 18 000 manatı o göndərsə də, bu pulun qətnamənin icrası üçün olduğunu bilməmiş, həmin məbləği qızının cehiz pulu kimi göndərmişdir. Qızının qeydiyyatdan çıxarılmasını istəmir, iddia tələbini müdafiə etmir.
22. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən gec şikayət verdiyi üçün qətnamə icraya yönəldilmiş, icra icraatı zamanı cavabdeh icra şöbəsinə ərizə yazaraq qətnamə əsasında ona ödənilməli olan 18 000 manat kompensasiya məbləğini qəbul etmiş və Nərimanov Rayon Polis İdarəsi tərəfindən qətnamə icra olunaraq o, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 74 ünvanında yerləşən 14 saylı mənzildən qeydiyyatdan çıxarılmış, bundan sonra mənzil bağışlama müqaviləsi əsasında X4 bağışlanmış, mənzil üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
23. Bu səbəblə məhkəmə kollegiyasının müvafiq qərardadı ilə iddiaçılar, prosessual hüquq varisləri qismində X5 ilə əvəz olunmuşlar.
24. Bundan sonra davam etdirilən məhkəmə iclasında iddiaçıların prosessual hüquq varisi iddia tələbini müdafiə etdiyini və qətnamənin qanuni olduğunu bildirərək onun dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası tərəfindən Pənah Qəniyevə kompensasiya məbləğini artırmaq təklifi edilmiş, lakin o, məbləği artıra bilməyəcəyini, məhkəmənin, qiymətləndirmə rəyini əsas götürərək ədalətli kompensasiya müəyyənləşdirdiyini, bacısının da həmin məbləği aldığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.
34. Maddə 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.
35. Maddə 58. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
36. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
37. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
38. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
39. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
45. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla).
46. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
47. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: ...152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;
50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarı
53. Bənd 6.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir.
54. Bənd 6.2. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPMnin 259.0.3 maddəsi qaydasında baxılmamış saxlanıla bilməz.
55. Bənd 6.3. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. Kollegiya ilk növbədə iş üzrə müəyyən olunan prosessual problemə münasibət bildirməyi zəruri hesab edir; çünkü həmin problem qətnamənin ləğvinə səbəb olacaqsa, mübahisənin mahiyyəti ilə bağlı qiymətləndirmə aparılmasına zərurət qalmayacaqdır.
58. Prosessual qanunvericilik, iddianın müştərək qaydada bir neçə iddiaçı tərəfindən qaldırıla biləcəyini müəyyənləşdirsə də, hər bir iddiaçının digər tərəfə dair prosesdə müstəqil çıxış etdiyini (§ 33), hər bir fiziki şəxsin şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə biləcəyini, iddia ərizəsinin iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı olduğunu nəzərdə tutmuşdur (§ 36, 37),
59. İşin hallarından görünür ki, iddia ərizəsi birgə iddiaçıların adından İddiaçı1 tərəfindən imzalanmışdır – halbuki, İddiaçı2 ona verdiyi etibarnamədə İddiaçı1 belə bir səlahiyyət verilməmişdir.
60. İddiaçı1 İddiaçı2 məhkəmə prosesində təmsil etmək səlahiyyətinə sahib olan nümayəndə də ola bilməz; çünkü onlar artıq yaxın qohum deyildirlər.
61. İddiaçı1 tərəfindən verilən iddia ərizəsində və sonradan verilən əlavədə kompensasiya məbləği yalnız onun öz adından deyil, həm də İddiaçı2 adından təklif olunduğu üçün, kollegiya hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyin tələbi pozulmaqla icraata götürülmüşdür.
62. Bununla belə kollegiyanın qənaətinə görə, iş üzrə qətnamə çıxarılmasından sonra baş verən proseslər həmin pozuntu ilə əlaqədar qətnamənin ləğv olunmasına və iddianın İddiaçı2 münasibətdə baxılmamış saxlanılmasına zərurət olmadığı nəticəsinə gəlməyə əsas yaradır.
63. Belə ki, iddia ərizəsi İddiaçı2 tərəfindən imzalanmayaraq onun tərəfindən sonradan da müdafiə olunmasa da, işin hallarından görünür ki, onun İddiaçı1 etibarnamə verməkdə məqsədi mənzilin özünə aid ½ hissəsinin oğlu Pənah Qəniyevə bağışlanması olmuş, iddia ərizəsi məhz bu səbəblə, yəni bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə etiraz edən Cavabdeh pasport qeydiyyatından çıxarmaq üçün məhkəməyə verilmiş, İddiaçı2 qətnamə ilə müəyyənləşdirilən 18 000 manat kompensasiya məbləğini Cavabdeh ödənilməsi üçün Rusiya Federasiyasından bilavasitə özü göndərmiş, bundan sonra Cavabdeh pasport qeydiyyatından çıxarılmış və mənzil İddiaçı2 iradəsinə uyğun şəkildə bağışlama müqaviləsi əsasında Pənah Qəniyevin mülkiyyətinə keçirilmişdir.
64. İddiaçı2 həmin pulu “cehiz pulu kimi” göndərdiyini bildirsə də, məbləğin məhz qətnamə ilə müəyyənləşdirilən məbləğ olmasını, həmçinin Cavabdeh evlənməyə hazırlaşmadığının müəyyən edildiyini nəzərə alan kollegiya bu arqumenti inandırıcı hesab etmir.
65. Beləliklə müəyyən olunan odur ki, sözügedən prosessual pozuntu ilə çıxarılmış qətnamə əsasında olsa da belə, mənzil İddiaçı2 iradəsinə uyğun olaraq Pənah Qəniyevin mülkiyyətinə keçmişdir və prosessual qənaət prinsipi baxımdan qətnamənin həmin pozuntuya görə ləğvi (bir hissədə baxılmamış saxlanılması) məqsədəuyğun sayılmamalıdır.
66. Bu kontekstdə kollegiyanın qənaətinə görə, cavabdeh üçün məhkəmə tərəfindən müəyyənləşdirilən kompensasiyanın məbləğinin adekvat olub-olmadığına qiymət verilərək mübahisə həll edilməlidir.
67. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
68. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, təklif olunan 18 000 manat kompensasiya məbləğinin cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsaslıdır.
69. Belə ki, həmin məbləğlə cavabdeh təqribən 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh əmək qabiliyyətlidir və göstərilən müddət ərzində özünə məxsus yaşayış sahəsi əldə edə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği mənzilin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1774/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov