Məhkəmə qərarları › İş №2(103)-2261/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2261/2023

15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2261/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı XXX İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2261/2023 (Açar sözlər: borcun silinməsi) Bakı şəhəri 15 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı XXX İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6067/2022 saylı 09 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün cavabdehlə müqavilə bağlanmış sayğac quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə ona 4525,35 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş 0105019, 0292873, ******* saylı aktlardan görünür ki, həmin ünvanda sayğacdankənar təbii qazdan istifadə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı XXX İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu:**********00000) əsassız olaraq yazılmış 4500 manat cərimə borcunun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçının özünə məxsus fərdi yaşayış evi üçün cavabdehlə müqavilə bağlanmış sayğac quraşdırılmışdır. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə qaz istifadə etməsini əsas gətirərək cərimə borcu hesablanmışdır. İddiaçı hesab edir ki, ona yazılan cərimə borcu əsassızdır və silinməlidir. İddiaçı qeyd edir ki, məişət qaz qurğusu ilə yazılan məbləğdə qaz istifadə edilməsi mümkün deyildir. Həmçinin, o, kənar xətt vasitəsi ilə qazdan istifadə etməmişdir və bununla bağlı sübut yoxdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 dekabr 2022-ci il tarixli 2(011)-6067/2022 saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış 4500 manat məbləğində borcun silinməsi, Cavabdehndən 65 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9- cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi ve prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır Belə ki, "Azəriqaz" İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş Daha sonra həmin Aktlar əsasında "Dəymiş ziyanın bərpasına dair" Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 4 500 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdehe ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

11. Maddə 13. 9-cu bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

12. 6.4-cü bəndi Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

13. 6.5-ci bəndi Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

14. 6.6-cı bəndi Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

15. 6.7-ci bəndi Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydala

16. 5.1-ci bəndi. əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

28. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6067/2022 saylı iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar