Məhkəmə qərarları › İş №2(103)-227/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-227/2021

02.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili X11, Cavabdeh3, onun nümayəndəsi və vəkili X12, Tərcüməçi X5 qızının iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Ofisinə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın qanunsuz hesab edilməsi, miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2820/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Ofisinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə X22 tərəfindən bütün daşınmaz əmlakının və 13.02.2018-ci il tarixli müqavilə üzrə bütün hüquqlarının Cavabdeh3 adına verilməsinə dair 20.04.2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 13 saylı Notariat Ofisinin ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz hesab edilməsi, ona mərhum bacısı X15 ölümündən sonra miras kimi qalan ünvan 1 ünvanda yerləşən 12 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 13 saylı Notariat Ofisinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar A.Qurbanovun mərhum bacısı O.Petroçuk vəfat etdiyindən ərizə ilə əmlakın yerləşdiyi yerin notariat orqanına, yəni Bakı şəhəri 13 saylı Notariat Ofisinə müraciət edərək, mərhum bacısının qanun üzrə vərəsəsi olduğunu, odur ki, bacısının ölümü ilə əlaqədar vərəsəlik işi açılmasını, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, sonradan onlara məlum olmuşdur ki, onlara məlum olmayan, notariat orqanı tərəfindən adı gizli saxlanılaraq açıqlanmayan şəxsə miras əmlakın guya vəsiyyət edildiyi bildirilmiş, ona görə də ərizə ilə 12 saylı Notariat Kontoruna müraciət etmişlər və 12 saylı notariat kontoru ərizələrinə cavab olaraq bildirmişdir ki, «20.05.2018-ci il tarixdə vəfat etmiş X16 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri 12 saylı Notariat Kontoruna daxil olmuş 22.10.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, mərhumun bütün əmlakının başqa şəxsə vəsiyyət olunması barədə qüvvədə olan vəsiyyətnamə mövcud olduğundan, həmçinin nümayəndəsi olduğunuz İddiaçı birinci dərəcəli vərəsə olmadığından miras əmlakdan pay almaq hüququna malik deyildir, eyni zamanda bildiririk ki, vəsiyyət üzrə vərəsənin ərizəsi əsasında tərəfimdən vərəsəlik işi açılmışdır». Hazırda isə notariat orqanından həmin vəsiyyətnamə işinin təsdiq olunmuş surətini əldə etmək istəsələr də, 12 saylı notariat kontorunun notariusu həmin sənədi onlara verməyəcəyini bildirmişdir. Nəhayət, çoxsaylı şikayət ərizələrindən sonra həmin sənədləri əldə etmişlər və hazırda onlara məlum olmuşdur ki, mərhum X22 ölən günədək ona məxsus olan, nədən ibarət olmasından, harada yerləşməsindən asılı olmayaraq bütün daşınmaz əmlakını və 13.02.2018-ci il tarixli 3M065 reyestr nömrəli müqavilə üzrə bütün hüquqlarını Cavabdeh3 vəsiyyət etmişdir. Qeyd etmək istəyir ki, X15 ölümü haqqında şəhadətnamədən görünür ki, 20.05.2018-ci il tarixdə vəfat etmiş və ölümün səbəbi kimi isə serebral ateroskleroz xəstəliyi göstərilmişdir. Sözügedən vəsiyyətnamə isə X15 ölümündən təxminən 1 ay əvvəl verilmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh3 Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu X21 ilə əlbir olaraq mərhumənin anlaqsız, öz-özünü idarə edə bilməməsindən sui-istifadə edərək, onun imza etmək qabiliyyətinin belə olmamasını nəzərə almadan qanunsuz olaraq ona məxsus mülkiyyəti ələ keçirmək məqsədi ilə bir neçə şəxsin iştirakı ilə Cavabdeh3 adına vəsiyyətnamə rəsmiləşdirmişlər. İş materiallarından aydın olur ki, 01.06.1935-ci il təvəllüdlü X22 ömrünün son dövrlərində «Hipertoniya xəstəliyi İİ mərhələ, serebral ateroskleroz» xəstəliyindən əziyyət çəkmiş, 19.09.2017-ci il, 17.03.2018-ci il və 10.04.2018-ci il tarixlərdə 1 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Qonşuların dediyinə görə, onun son vaxtlarında öz hərəkətlərini dərk etmədiyi, insanları bəzən tanıdığı, bəzən isə tanımadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, iddialarının faktiki əsası kimi irəli sürdükləri hallar, yəni X15 öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib etməsi öz təsdiqini tapmışdır. Mübahisəli mənzili daha əvvəl sağlam olduğu müddətdə heç kimə vəsiyyət etmədiyi, mübahisələndirilən 20.04.2018-ci il tarixli vəsiyyətnamə tərtib edilərkən isə onun serebral ateroskleroz xəstəliyindən əziyyət çəkməsi, mütəmadi olaraq müalicə olunması, vəziyyətinin ağır, nitqinin qeyri-adekvat olması, habelə yaxınlarını (qohumlarını, tanışlarını, qonşularını) bəzən tanıyıb, bəzən isə tanımaması ilə bağlı işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərə alaraq hesab edirlər ki, 20.04.2018-ci il tarixli vəsiyyətnamənin X15 iradəsini əks etdirmədiyi qənaətinə gəlmək daha məntiqlidir. Həmin vəsiyyətnamənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması baxımından isə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Vəsiyyətnamədən aydın olur ki, mübahisələndirilən 20.04.2018-ci il tarixli vəsiyyətnamə notarial formada olmaqla yanaşı, texniki vasitələrdən istifadə etməklə tərtib edilmiş sadə yazılı formalı vəsiyyətnamədir. Həmin vəsiyyətnamə Bakı şəhəri 12 saylı Notariat Kontorunun xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş, şahidlər X13, X4 və Ramina Adilovna tərəfindən imzalanmışdır. Bununla belə, vəsiyyətnamə vəsiyyət edən deyil, onun yerinə kimsə başqa şəxs imza etmişdir. Çünki, vəsiyyətnamədə olan imzanın X18 məxsusluğu ciddi şübhə doğurur. Vəsiyyətnaməni qayda olaraq vəsiyyət edənin özü imzalamalıdır, vəsiyyətnamənin kənar şəxs tərəfindən imzalanmasına vəsiyyət edənin xahişi ilə yalnız bunu zəruri edəcək hallar olduqda yol verilir ki, qanunverici bu halları fiziki qüsurlar, xəstəlik və ya başqa səbəblər kimi müəyyənləşdirmişdir. Belə halda vəsiyyətnamədə vəsiyyət edənin hansı səbəbdən onu imzalaya bilmədiyi göstərilməlidir. Hesab edirlər ki, 20.04.2018-ci il tarixli vəsiyyətnamə mərhumə X15 xəstə olması səbəbindən onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bunu müəyyən etmək üçün videogörüntülərə baxış keçirilməsini zəruri hesab edirlər. Şərh olunanlardan görünür ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən mərhumə X15 serebral ateroskleroz xəstəliyindən əziyyət çəkməklə anlaqsız vəziyyətdə olmuş, suallara qeyri-adekvat cavablar vermişdir (baş vermiş hər hansı hadisəyə və hala düzgün münasibət bildirə bilməmiş, sözləri qeyrişüuri şəkildə ifadə etmişdir). Bütün bunlar, 20.04.2018-ci il tarixli vəsiyyətnaməyə dair hüquqi proseslər barəsində mərhumə X15 tam sərbəst iradəsinin mövcud olmamasını, həmçinin vəsiyyətnamənin forma və məzmunu da qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmədiyini göstərir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2820/2019 saylı, 01 oktyabr 2019cu qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmşilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, bildirərək izahatında qeyd etmişdir ki, mülki iş üzrə iddiaçı qismində adı keçən İddiaçı nümayəndələri və vəkilləri mülki iş materiallarında mövcud olan və onun tərəfindən 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X6 adına verilmiş, 3 (üç) il müddətinə qüvvədə olan və Ukrayna Respublikasının Zaporojye vilayətinin Berdyansk şəhərinin xüsusi notariusu Senatorova N. V. tərəfindən təsdiq edilmiş etibarnamə əsasında iştirak edirlər. Belə ki, məhz həmin etibarnamə üzrə verilmiş səlahiyyətlər əsasında X17 məhkəmədə nümayəndə və vəkil qismində iştirak edən şəxslərlə müvafiq olaraq hüquqi yardım barədə müqavilə imzalamış və nümayəndə qismində iştirak etmək üçün etibarnamə vermişdir. Hazırda da, iddiaçı tərəfin nümayəndəsi və vəkili qeyd olunan etibarnamə üzrə verilmiş səlahiyyətlər əsasında məhkəmə baxışında iştirak edir. Cavabdeh tərəf olaraq mübahisə predmeti olan miras əmlakın vəsiyyət edildiyi və hüquqlarını müdafiə etdiyi X2 mərhum X15 heç bir yaxın qohumunun olmadığına əmin olması səbəbindən iddiaçı tərəflə bağlı araşdırma aparmaq qərarına gəldik. Bununla bağlı dəfələrlə qarşı tərəfə miras əmlakı vəsiyyət edən X9rdaşı olduğunu iddia etdikləri İddiaçılə görüntülü olaraq telefon əlaqəsinin saxlanılmasına yardımçı olmalarını xahiş etsək də, bundan imtina etdilər. Bu hal onlarda olan şübhələri daha da artırdı. Buna görə də, cavabdehin Ukrayna Respublikasında fəaliyyət göstərən vəkili vasitəsi ilə rəsmi qaydada verilən sorğuya cavab olaraq həmin şəxslə bağlı məlumatlar Ukrayna Respublikasının Ədliyyə Nazirliyinin Berdyansk şəhər-rayon vətəndaş vəziyyətləri qeydiyyat şöbəsi tərəfindən 12 mart 2021-ci il tarixdə təqdim olunmuşdur. Verilən məlumatlardan müəyyən olur ki, hazırki mülki iş üzrə iddianın məhkəməyə verilməsi üçün əsas olmuş etibarnaməni verən Ukrayna Respublikası vətəndaşı İddiaçı 30.06.2020-ci il tarixdə ölmüşdür. Bundan savayı sorğuya verilən rəsmi cavabdan o da məlum olmuşdur ki, iddiaçı qismində adı keçən və mübahisə predmeti olan miras əmlakın vəsiyyətçisinin qardaşı olduğu iddia olunan 09.02.1968-ci il doğumlu İddiaçı X22 ilə heç bir qohumluq əlaqəsi yoxdur və o şəxs onun vərəsəsi ola bilməz. Belə ki, 14.03.1968-ci il tarixdə Ukrayna Respublikasının Ədliyyə Nazirliyinin Zaporojye vilayətinin Berdyansk şəhər-rayon vətəndaş vəziyyətləri qeydiyyat şöbəsində 287 № ilə qeydiyyatı aparılan və 12.09.2018-ci il tarixdə təkrar nüsxəsi verilən İ-3KC № 369969 saylı şəhadətnaməyə əsasən İddiaçı atası kimi X24, anası qismində isə X10 qeyd olunmuşdur. Buradan müəyyən olur ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan miras əmlakın vəsiyyətçisi olan X19 atasının X20, anasının isə X1 görə onlar bir-biriləri ilə qardaş və bacı deyillər. Bununla yanaşı iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş 09.02.1968-ci il doğumlu İddiaçı aid doğum haqqında şəhadətnamənin surətində isə ata adı qrafasında X24 əvəzinə X20 yazılmışdır. Bu fakt onu deməyə əsas verir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin əslinin üzərində ata adı qrafasında qanunsuz dəyişikliklər edilmiş və sənəd saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan 16 aprel 2002-ci il tarixli Vəsiyyətnamədən (Завещание) görünür ki, X22 tərəfindən Bakı şəhəri, ünvan 2, mənzil 12 Cavabdeh3 vəsiyyət edilmişdir. İş materiallarında olan 18 aprel 2018-ci il tarixli Vəsiyyətnamədən (Завещание) görünür ki, X22 tərəfindən Bakı şəhəri, ünvan 2, mənzil 12 Cavabdeh3 vəsiyyət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 1 nömrəli Şəhər Poliklinikasının 05 noyabr 2018-ci il tarixli məktubundə qeyd edilmişdir ki, 1935-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşamış X22 aşağıdakı xəstəliklərlə poliklinikaya müraciət etmişdir:

1. 19.09.2017-ci il D-z “Hipertoniya Xəstəliyi İİ m. Serebral ateroskleroz”

2. 17.03.2018-ci il D-z “Hipertoniya Xəstəliyi İİ m. Serebral ateroskleroz”

3. 10.04.2018-ci il D-z “Serebral ateroskleroz” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2020-ci il tarixli rəyindən görünür ki, mülki işin 179-cu vərəqəsində olan 18 aprel 2018-ci il tarixli vəsiyyətnamədə “ПОДПИСЬ” qrafasındakı “Петрочук” soyadından ibarət imza X22 tərəfindən icra olunmuşdur. Həmin imza təbbidaimi-daxili “çaşdırıcı” amillərin təsiri altında (qəca və yaşlı şəxslər tərəfindən, yaş həddilə əlaqəli orqanizmdə olan dəyişikliklərə, xəsətliklə müşahidə olunan ahıl və yaş dövrü) icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” X26 26 yanvar 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarının və təqdim olunmuş tibbi sənədlərin təhlilinə əsasən belə güman etmək olar ki, X15 adından olan və 18 aprel 2018-ci il tarixdə Bakı şəhəri 12 saylı Dölət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə tərtib olunan zaman X14 qeyd olunan serebral ateroskleroz nəticəsində vaskulyar demensiya nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməni əsaslandırması ilə razılaşmasa da, aşağıdakılara əsasən yekunda iddianın rədd edilməsi nəticəsinə gəldiyindən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı olduğundan ümumilikdə əqdlərin etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən vəsiyyətnaməyə hüquqi qiymətin verilməsi zəruridir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından aydın olur ki, X15 adından olan və 18 aprel 2018-ci il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə tərtib olunan zaman X14 qeyd olunan serebral ateroskleroz nəticəsində vaskulyar demensiya nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddiasının faktiki əsası kimi irəli sürdüyü hallar, yəni Olqa Petroçukun öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib etməsi öz təsdiqini tapmışdır. Bununla belə kollegiya hesab edir ki, vəsiyyətnamənin etibarsızlığına dəlalət edən əsaslar olsa da, hazırki iddia tələbinin təmin edilməsi gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaranmasına səbəb olacaq və məhkəmə işi əsassız olaraq uzanacaqdır. Belə ki, Mülki Məcəllənin 1222-ci maddəsinə əsasən əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsaən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Kollegiya qeyd edir ki, X22 tərəfindən 16 aprel 2002-ci il tarixdə yazılmış Vəsiyyətnaməyə (Завещание) əsasən X22 tərəfindən Bakı şəhəri, ünvan 2, mənzil 12 Cavabdeh3 vəsiyyət edilmişdir. Göründüyü kimi 2-ci vəsiyyətnamə verilməzdən hələ 16 il əvvəl O.Petroçuk sağlamkən öz iradə ifadəsini 2002-ci ildə bildirib, həmin vəsiyyətnamə hazırda mübahisələndirilən 18 aprel 2018-ci il tarixli vəsiyyətnamə ilə eyni məzmunda olmaqla hazıradək qüvvədədir. Hazırki mübahisədə 18 aprel 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi 16 aprel 2002-ci il tarixli vəsiyyətnamənin qüvvəsinə təsir etməyəcək və tərəflər arasında yeni mübahisələrin açılmasına səbəb olacaqdır.

Həmçinin cavabdeh tərəf məhkəmə iclasında 2-ci dəfə eyni məzmunlu vəsiyyətnamənin verilməsində məqsədin cavabdehin soyadında edilmiş dəyişikliklə və binanın söküntüsü ilə bağlı ünvan dəyişikliyinin baş verə biləcəyi ilə bağlı olması kimi izah etmişdir. Kollegiya həmçinin cavabdehin “iddiaçının vəfat etmiş şəxslə heç bir qohumluq əlaqəsinin olmaması, Ukrayna Respublikası vətəndaşı X7 isə 30.06.2020-ci il tarixdə ölməsi və sənədlərdə saxtakarlığa yol verilməsi” ilə bağlı cavabdeh tərəfin izahatına və təqdim etdiyi sənədlərə qiymət verərək hesab edir ki, cavabdeh qeyd olunanların əsaslılığını təsdiq edə biləcək, həmçinin İddiaçılə X7 eyni şəxs olması ilə bağlı hər hansı sübut növünü məhkəməyə təqdim edə bilməmiş, bununla da kollegiya işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2820/2019 saylı, 01 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar