Məhkəmə qərarları › İş №2(103)-227/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-227/2023

28.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-227/2023 (Açar sözlər: qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması) Bakı şəhəri, 28 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh, üçüncü şəxs X1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – Cavabdeh (Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs kimi cəlb edilən) qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar Hissəsi Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh tərəfindən aparılan qeyriqanuni tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsi əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina 1987-ci il tarixdə inşa edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzilİstismar hissəsinin təminatındadır. Bina 23 mərtəbəli 1 bloklu olmaqla 36 xüsusi təyinatlı mənzildən ibarətdir. ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq yaşadığı mənzilin eyvanında artırma işləri apararaq binanın konstruksiya quruluşunda dəyişiklik etmişdir. Qeyri-qanuni tikinti işlərinin dayandırılması ilə əlaqədar edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq vətəndaş Cavabdeh apardığı tikinti işlərini davam etdirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh tikinti işlərini aparmaq üçün heç kimdən icazə almadığını və yaşadığı mənzilin eyvanının artırılmasını ailə üzvlərinin sayının çox olması səbəbindən mənzilin otaq sayını artırmaq istəməsi ilə əlaqələndirmişdir. O, qanunsuz tikinti işlərini dayandırmaq barədə mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqlarla tanış olduğunu, həmçinin xəbərdarlıqlara baxmayaraq tikinti işlərini dayandırmadığını da etiraf etmişdir.

5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzilİstismar Hissəsi əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim: Rəna Qafarova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı bina 1987-ci il tarixdə inşa edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin təminatındadır. Bina 36 xüsusi təyinatlımənzildən ibarətdir. ünvan 3 ünvanında yaşayan vətəndaş Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq yaşadığı mənzilin eyvanında artırma işləri apararaq binanın konstruksiya quruluşunda dəyişiklik etmişdir. Qeyri-qanuni tikinti işlərinin dayandırılması ilə əlaqədar edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq vətəndaş Cavabdeh apardığı tikinti işlərini davam etdirmişdir. İlkin araşdırma zamanı izahatı alınmış Cavabdeh tikinti işlərini aparmaq üçün heç kimdən icazə almadığını və yaşadığı mənzilin eyvanının artırılmasını ailə üzvlərinin sayının çox olması səbəbindən mənzilin otaq sayını artırmaq istəməsi ilə əlaqələndirmişdir. O, qanunsuz tikinti işlərini dayandırmaq barədə mənzil-istismar sahəsi tərəfindən verilmiş xəbərdarlıqlarla tanış olunduğunu, həmçinin xəbərdarlıqlara baxmayaraq tikinti işlərini dayandırmadığını da etiraf etmişdir. Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işləri barədə onunla qonşuluqda, ünvan 4 ünvanında, yaşayan vətəndaş Əli-zadə Ofeliya Əmrulla qızı tərəfindən edilmiş çoxsaylı şikayətlər əsasında cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması məqsədi ilə balanssaxlayıcı təşkilat olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsində mülki qaydada iddia tələbi ilə müraciət olunmuşdur. Məhkəmə iclasının gedişatında Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü fəslində yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılmasının qaydaları əks olunmuşdur. Bu məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (dövlət və özəl mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları) qərarı əsasında aparılır. Cavabdeh ünvan 3 ünvanında tikinti işlərini aparmaq üçün nə Bakı Şəhəri İcra Hakimirrətinə, nə də Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə müraciət etməmiş və adı çəkilən orqanların tikintinin aparılması barədə heç bir qərarı olmamışdır. Eyni zamanda Məhkəmə üçüncü şəxs qismində prosesə cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyətinin prosesdə iştirakını təmin etməmiş Məhkəmə tərəfindən bu işlə əlaqədar üçüncü şəxsin mövqeyi dəqiqləşdirilməmişdir (müvafiq sorğular göndərilməklə). Məhkəmə öz qətnaməsində qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Birinci instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.1-ci bəndinə istinad edərək iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə müraciət etmək hüququnun olmadığını göstərmişdir (Bu Qayda Azərbaycan Respublikası ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Bu Qaydaya uyğun olaraq Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsi ilə həyata keçirir). Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi ünvanında yerləşən 23 nömrəli yaşayış binası Müdafi Nazirliyinin mənzil fonduna aid olduğu üçünAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.12-ci maddəsinə əsasən balans saxlayıcı təşkilat tərəfindən yaşayış fondundan istifadə və onun saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarət edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi birinci instansiyasıməhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan RespublikasıMənzil Məcəlləsinin tələbləri pozulmuşdur. Qeyd olunanlardan əlavə iddia tələbi ilə məhkəməyə müraciət eilməsinə əsas səbəblərdən biri cavabdehin qanunsuz hərəkətlərindən onunla qonşuluqda, ünvan 4 ünvanında, yaşayan vətəndaş Əli-zadə Ofeliya Əmrulla qızı tərəfində çoxsaylı şikayətləri olmuşdur. Lakin Məhkəmə qətnamə qəbul etməzdən əvvəl işin hərtərəfli, obyektiv araşdırılması üçün vətəndaş Əli-zadə Ofeliya Əmrulla qızınımaraqlı şəxs qismində işə cəlb etməyərək, onun fikirlərini öyrənməmişdir. Birinci instansiyası məhkəməsi işin gedişatında Cavabdeh tərəfindən aparılan tikinti işlərinin qanuni olub-olmaması barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və ya Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəylərini almamış, müvafiq ekspertizaların keçirilməsini təmin etməmiş, bununla da işin obyektiv araşdırmamışdır. Bundan başqa bildirmək istəyirəm ki, şikayətçi vətəndaş Əli-zadə Ofeliya Əmrulla qızı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə eilmiş müraciət baxılması üçün Səbail Rayon İcraHakimiyyətinə göndərilsə də müraciətə baxılması barədə vətəndaşa heç bir məlumat verilməmiş, eyni zamanda adı çəkilən təşkilat tərəfindən ünvan 3 ünvanında aparılan qanunsuz tikinti işlərinə heç bi münasibət göstərilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi P.Bayramov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X11 şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə görə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.

14. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən, bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa;

15. Həmin Məcəllənin 87-ci maddəsinə görə, ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.

16. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir: 89.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri; 89.1.2. sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri; 89.1.3. mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri; 89.1.4. ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr; 89.1.5. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektlərinin layihələri; 89.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri; 89.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.

Apellyasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Odur ki, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. İş materiallarına əlavə olunmuş Bakı Qarnizonu Mənzil-X5 195 saylı 26 noyabr 2021-ci il tarixli əmrindən görünür ki, 1 nömrəli Mənzil-İstismar sahəsinin vəzifəli şəxslərinə Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 23, mənzil 11 ünvanında aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməsi əmr edilmişdir.

21. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsinin 315 saylı 02 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi oğlu X8, X6 ibarətdir.

22. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Sahəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsindən Cavabdeh ünvanlanmış 05 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona yaşadığı evdə aparılan qanunsuz tikinti işlərinin (eyvanın artırılması) təcili olaraq dayandırılması və sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmişdir.

23. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Sahəsi 1 nömrəli №-li Mənzil-İstismar Sahəsi tərəfindən 14 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, 1 saylı MİS-nin mühəndisi Sarıyev R., texnik Muradov M. və dalandar Teymurov A. həmin aktı tərtib etmişlər ondan ötrü ki, A.Abbaszadə küçəsi, 23 saylı binanın 7-ci mənzilində yaşayan Əlizadə F.-in müraciətinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, həmin binanın 11-ci mənzilin sahibi vətəndaş Cavabdeh mənzilində su borusunda baş vermiş nasazlıq nəticəsində 7-ci mənzilin dəhlizin, hamam və s/q, tavan və divarların təmiri sıradan çıxmışdır və vətəndaş Əlizadə F.-ə maddi ziyan dəymişdir.

24. İş materiallarına əlavə olunmuş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küşəsində istifadədə olan 0,04245 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 9 mərtəbəli binada, 44.22 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 385 nömrəli reyestr kitabının 35842 nömrəli vərəqində qeydiyyata alınmışdır.

25. İş materiallaına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə ünvanlanmış 24 yanvar 2022-ci il tarixli 49 saylı məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının mübahisəli tikilinin sökülməsinə dair iddia qaldırmağa subyektiv hüququnun olmadığını bildirmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “...əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir və Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir.”.

27. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edilməsini zəruri hesab edir ki, hazırda mübahisələndirilən tikili Müdafiə Nazirliyinin balansında olan binada yerləşir. Qeyd edilən binada təhülkəsizlik qaydalarına riayət edilməsinə görə cavabdehliyi Müdafiə Nazirliyi daşıyır.

28. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi isə əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması səlahiyyətinə malikdir.

29. Belə olan halda, hazırda Müdafiə Nazirliyi tikilinin sökülməsinə dair iddia qaldırmaqla Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin səlahiyyətlərinə müdaxilə etmiş olmur.

30. Başqa sözlə, Müdafiə Nazirliyi tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaqla, həmin tikilinin özü tərəfindən dayandırılması, təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının alınması, aradan qaldırılması iddiasında olmur. Müdafiə Nazirliyi balansında olan tikilinin sökülməsinə dair iddia qaldırmaqla, həmin tikilidə təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmiş olur.

31. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman tikilinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması xüsusi bilik tələb etdiyindən, məhkəmə mühəndis texniki ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

32. Ekspert qarşısında Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı binada 11 saylı mənzilin eyvanında aparılmış artırma işləri şəhərsalma-tikinti və təhlükəsizlik qaydalarına uyğundurmu? – sualı qoyulmuşdur.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5718 saylı rəyinə əsasən, Bakı şəhəri Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 23 saylı binada 11 saylı mənzildə yenidənqurma işləri aparılaraq (5,5x1.9) metr, (3.0x1.9) metr və 5.0x1.9) metr ölçüdə əlavə tikililərin inşa edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir.

34. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, həmin rəyin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur.

35. Kollegiya iş materialları, apellyasiya şikayətinin dəlilləri və ekspertin rəyinə əsasən qeyd edir ki, mübahisəli tikili qanunvericiliyin tələblərinə uyğun inşa edilmədiyindən və onun mövcudluğu tikintidə təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətditindən, binanın balansında olduğu Müdafiə Nazirliyi həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur.

36. Kollegiya həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən 87-ci maddəsinə istinad edərək vurğulayır ki, ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarət olsa da, cavabdeh tikinti işləri apararkən onun etibarlılıq və təhlükəsizlik baxımından normativ tələblərə uyğunluğunu təsdiq edən hər hansı ekspert rəyi almamışdır. Bundan başqa, cavabdehin inşa etdiyi tikili qeyd edilən məcəllənin 89-cu maddəsinin tələblərinə əsasən ekspertizadan keçirilməsi tələb olunmayan tikililərin dairəsinə daxil deyildir.

37. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işləri dayandırılmalı və binanın fasad görünüşünün əvvəlki vəziyyətə qaytarılmalıdır.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

41. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

42. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikinti işləri dayandırılsın və binanın fasad görünüşü əvvəlki vəziyyətə qaytarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X4, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar