Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2270/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, cavabdeh “Cavabdeh2 BOKT” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC və “Cavabdeh2 BOKT” ASC-nə qarşı, üçüncü şəxslər Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və təkrar hərracın keçirilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-4624/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MMC və “Cavabdeh2 BOKT” ASC-nə qarşı, üçüncü şəxslər Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzillə bağlı keçirilmiş hərracın və “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli 01 nömrəli protokolun etibarsız sayılması, cavabdeh “Cavabdeh2 Bokt” ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və təkrar hərracın keçirilməsinin Cavabdeh1 MMC-nin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-1396/2018 saylı qətnaməsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin 27 saylı mənzili ilkin satış qiyməti 78.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Cavabdeh1 MMC tərəfindən hərrac keçirilmiş və həmin mənzil satılmışdır. Həmin hərrac və onun nəticələri etibarsız sayılmalıdır. Belə ki, baş tutan hərrac prosesləri barədə ona heç bir məlumat verilməmişdir. Digər cavabdeh “Cavabdeh2 Bokt” ASC-nin vəzifəli şəxslərindən olan Turan adlı şəxs onlara bildirmişdir ki, hərraca baş qoşmasınlar, onlara qrafik açılsın, hər ay pulu ödəsinlər, hərracı dayandırmaq onlarlıqdır. İddiaçı buna görə hər ay ASC-yə pul ödəməyə başlamışdır. Ümumilikdə 8000 manata yaxın pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh "Cavabdeh1” MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu K.Məmmədov küçəsi 3 saylı evin 27 saylı mənzili barəsində hərrac keçirilmiş və Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 01 nömrəli protokol tərtib edilmişdir. Həmin mənzili digər cavabdeh “Cavabdeh2 Bokt” ASC əldə edərək adına rəsmi reyestrdə qeydiyyatdan keçirmişdir. Göründüyü kimi, hərrac onun xəbəri və iştirakı olmadan baş tutmuş və bu iştiraksızlıq digər cavabdeh “Cavabdeh2 Bokt” ASC-nin onun etibarından suiistifadəsi nəticəsində yaranmışdır. Bu səbəbdən Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzili barəsində keçirilmiş hərracı və “Hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli 01 nömrəli protokolu etibarsız sayılmalı, cavabdeh “Cavabdeh2 Bokt” ASC-nin adına verilmiş çıxarış ləğv edilməli və təkrar hərracın keçirilməsi Cavabdeh1 MMC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-4624/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini qətnamənin maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh2 Bokt” ASC-nin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya lazımi qaydada məlumat verilmiş və iddiaçı tərəfindən poçt xəbərnaməsini imza atılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC, üçüncü şəxslər Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrini məhkəməyə göndərməmişlər, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya onun qununiliyini və əsaslılığını tam yoxlayır. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzil ilkin satış qiyməti 78000 manat məbləğində, 15% endirimlə olan qiyməti 66300 manat, 25% endirimlə satış qiyməti isə 49725 manat məbləğində müəyyən edilərək Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzil Cavabdeh2 BOKT ASC-nə 49725 manata satılmışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03/147-1 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03/147 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin 27-xx xxxxxxx 2018-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzili Cavabdeh1 MMC tərəfindən müvafiq olaraq xx.xx.2018-ci il tarixlərində saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzili Cavabdeh1 MMC tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il tarixlərində saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. İş materiallarında oan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 saylı evin, 27 saylı mənzili xx.xx.2019-cu il tarixdə Cavabdeh2 BOKT ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona məlumat verilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-4624/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2270/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2270/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver