Məhkəmə qərarları › İş №2(103)-2270/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2270/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2270/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və X6 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1858/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin cehiz əşyaları yığılan bir otağın onun və uşaqlarının istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzilməişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun keçmiş əri, X14 isə keçmiş qaynanasıdır. Belə ki, o Cavabdeh1 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və Cavabdeh1 valideynləri ilə birgə yaşadığı ünvan 2 №-li ünvanda olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1la birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X9, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X10 adında üç uşaqları olmuşdur. Romanla evlilikləri ilk illər yaxşı keçsə də, sonralar cavabdehlərin ona qarşı münasibəti pisləşməyə başlamış və nəticədə Tərtər rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(61)-1084/2019 №-li qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və onlara aliment təyin edilmişdir. Cavabdeh1la aralarında olan nikah pozulmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və X14 onu uşaqlarıyla birgə evdən qanunsuz olaraq çıxarmışdır və o, bununla barışa heç cür barışa bilməmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası məqsədilə cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1858/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, uşaqları həmin mənzildə doğulduqlarından həmin uşaqların həmin evdə yaşamağa təbii hüquqları yaranmışdı, bununla da onun uşaqları ilə birlikdə yaşamaq hüququ olmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, həmçinin, əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırki mənzil şəraiti pis olduğundan cavabdehlərə məxsus evə köçürülməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili isə apellyasiya şiakyətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində istifadədə olan 0.0041877 ha torpaq sahəsində yerləşən 702 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində, 31.82 kv.m ümumi, 23.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1016 nömrəli reyestr kitabının 91416 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2-(061)- 1084/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və ilkin iddia qismən, qarşılıqlı iddia təmin olunaraq, xx xxxx 1987-ci il təvəllüdlü Cavabdeh1 ilə xx xxxxxx 1988-ci il təvəllüdlü X3 arasında xx xxxxxx 2009-cu Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 942 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan xx xxxxxxxx 2010-cu ildə anadan olmuş Roman oğlu, xx xxxxxx 2011-ci ildə anadan olmuş X8 və xx xxxxx 2017-ci ildə anadan olmuş X10 adlı uşaqlar anası X1 himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən “FEMİDA” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Tərtər rayonu, Dəmirçilər kəndində 2.11 ha ümumi birgə payında (X15, X11, X4, X12) JN 0058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş, sözügedən torpaq sahəsinə dair X5 və ailə üzlərinin adlarına ümumi birgə payında xx.xx.2020-ci il tarixdə çıxarış verilmiş və Azərbaycan Respublikasında İddiaçı adına digər daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı köçürülməsini tələb etdiyi evə xx xxxxxx 2009-cu il tarixdə köçüb evin mülkiyyətçisinin oğlu ilə faktiki ər-arvad münasibətində olmaqla orada 2109-cu ilin avqust ayına qədər yaşadığı işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla İddiaçı iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Ramayə Əsgərovanın oğlu arasında olan faktiki ailə münasibətləri 2019-cu ilin avqust ayından kəsilmiş və beləliklə də onunla mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. İddiaçı ilə iddiaçı arasında, sonuncunun mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda iddiaçının, mübahisəsi gedən evin mülkiyyətçisi Cavabdeh2 özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin o, maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də şikayət təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1858/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar