Məhkəmə qərarları › İş №2(103)-2271/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2271/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2271/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli və xx.xx.2017-ci il tarixli, 2187D/14/S nömrəli müqavilələrə, o cümlədən həmin müqavilələr üzrə öhdəliklərə xitam verilməsi, eyni zamanda "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi olan cavabdeh 'Cavabdeh” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli 2187D/14/S nömrəli müqavilənin və həmin müqavilədən yaranan hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-2339/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli X4 Müqaviləsinə əsasən, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyati haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən - Saatlı şəhəri, X6 küçəsi, ev 62 ünvanındakı ümumi sahəsi 741.2 kv.m əhatə edən 2 mərtəbəli, 8 otaqlı, 0.10 ha torpaq sahəsində yerləşən və reyestr nömrəsi **********117-10301 olan fərdi yaşayış evi girov götürülərək 63 742,99 USD məbləğində pul "xxxx" Lizinq Şirkəti QSC tərəfindən illik 22% olmaqla, 48 ay müddətinə iddiaçıya verilmişdir. Sözügedən Müqavilənin əsasında restruktrizasiya məqsədilə xx.xx.2017-ci il tarixli 2187D/14/S nömrəli X2 bağlansa da, 2 il 6 ay müddətində İddiaçı tərəfindən aylıq 2 008,99 ABŞ dolları məbləğində pul ödənilməsi faktı nəzərə alınmamış və ayda 1 095,00 ABŞ dolları olmaqla toplamda əvvəlkindən də artıq bir məbləğ olan 65 696,00 ABŞ dollarının verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur. Bu müddət ərzində İddiaçı tərəfindən üst-üstə 140 000,00 AZN məbləğində pulun ödənilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən yenidən restruktrizasiya məqsədilə xx.xx.2019-cu il tarixli 2187D/14/S nömrəli X2 bağlanmışdır ki, bununla da, 2 il 1 ay müddətində İddiaçı tərəfindən hər ay 1 095,00 ABŞ dolları məbləğində pul ödənilməsi faktı yenə də nəzərə alınmamış və ayda 1 309,67 AZN olmaqla toplamda 78 580,38 AZN pulun verilməsi öhdəliyi yenidən iddiaçının üzərinə qoyulmuşdur. xx.xx.2014- cü il tarixindən hazıradək 140 000,00 AZN pul ödənildiyi halda, Cavabdeh MMC ödənilmiş 143 000,00 AZN məbləğdən sonra, dəfələrlə yuxarı faiz tətbiq etməklə toplamda 78 580.38 AZN pulun verilməsi öhdəliyinin yenidən iddiaçının üzərinə qoyulması barədə müqavilə bağlamışdır. xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli sonuncu müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış qrafikə əsasən, yekunda ödəniləcək məbləğ 218 580,38 AZN təşkil edir ki, bu da, 2014-cü ilə görə dolların manata münasibətində götürülmüş olan 49 719,53 AZN ekvivalentində pul üçün süni şəkildə şişirdilmiş hesablamadır. Bundan başqa bildirilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli sonuncu Müqavilə iddiaçı tərəfindən imza olunsa da, iddiaçının müqavilənin məzmunundan, o cümlədən onun gələcək nəticələrindən məlumat verilməmişdir. xx.xx.2014-cü il tarixli, 2187D/14/S nömrəli və xx.xx.2017-ci il tarixli, 2187D/14/S nömrəli Müqavilələrə, o cümlədən həmin Müqavilələr üzrə öhdəliklərə xitam verilməsi, eyni zamanda xx.xx.2019-cu il tarixli, 2187D/14/S nömrəli Müqavilənin və həmin Müqavilədən yaranan hüquqi nəticələrin etibarsız sayılması" zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim etmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - “xxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı X3 müqaviləsinin surətinə əsasən Lizinq verən “xxxx” Lizinq Şirkəti QSC 50.000 manat dəyərində lizinq obyektini (Saatlı Lizinq alan İddiaçı 48 ay müddətinə lizinqə (icarəyə) vermiş, İddiaçı isə lizinq obyektini qəbul etməklə öhdəliyə uyğun olaraq 50.000 manat məbləğində pulu illik 22% lizinq mükafatı hesablanmaq şərti ilə 48 ay müddətinə “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməsini öhdəsinə götürmüşdür; - Lizinq ödənişləri cədvəlinə (xx.xx.2014-cü il tarixli, 2187D/14/S saylı müqaviləyə əlavə) əsasən İddiaçı 48 ay ərzində hər ay 2008,29 USD məbləğində ödəniş etməli idi; - “xxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2187D/14/S saylı X3 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşmaya əsasən Tərəflər aralarında bağlanmış olan 2187D/14/S saylı X3 Müqaviləsinə əlavə və dəyişiklikləri etmək barədə razılığa gələrək, illik 15%, 60 aylıq müddətdə USD valyuta məzənnəsi ilə hesablanacaq; - Lizinq ödənişləri cədvəlinə (xx.xx.2017-ci il tarixli, 2187D/14/S saylı razılaşmaya əlavə) əsasən İddiaçı 60 ay ərzində hər ay 1095,00 USD məbləğində ödəniş etməli idi; - “xxxx” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu tarixli, 2187D/14/S saylı X3 müqaviləsinə əlavə restruktrizasiya haqqında razılaşmaya əsasən Tərəflər aralarında bağlanmış olan 2187D/14/S saylı X3 Müqaviləsinə əlavə və dəyişiklikləri etmək barədə razılığa gələrək, illik 16%, 60 aylıq müddətdə AZN valyuta məzənnəsi ilə hesablanacaq; - Lizinq ödənişləri cədvəlinə (xx.xx.2019-cu il tarixli, 2187D/14/S saylı razılaşmaya əlavə) əsasən İddiaçı 60 ay ərzində hər ay 1039,67 AZN məbləğində ödəniş etməli idi; İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, işə baxan məhkəmə əlavə tələb kimi qoyulmuş müqavilələrə, o cümlədən həmin Müqavilələr üzrə öhdəliklərə xitam verilməsi tələbinə münasibət bildirməyi yadından çıxarmışdır. İddiaçı tərəfindən üst-üstə 140 000 AZN məbləğindən çox pulun ödənilməsi iddiada göstərilsə də, hakim iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməməklə, iddiaçının bu qədər pulun yenidən ödənilməsi kimi səhv bir qənaətə gəlmişdir. İddiaçının mübahisələndirdiyi müqavilənin tarixi 2014-cü ildən sonrakı tarixə təsadüf etdiyindən bu münasibətlərin halları belə bir qənaətə gəlməyə əsas verir ki, həmin münasibətlər Fərmanın təsir dairəsinə düşür. Hakim, sözügedən Fərmana ümumiyyətlə əhəmiyyət verməmişdir. Həmçinin, iddiaçı yenidən borc qaytarmalı olduğu haqda məsələni yalnız Cavabdeh MMC-nin Saatlı Rayon Məhkəməsində qaldırdığı iddiadan və həmin iddia üzrə ilk məhkəmə iclasının təyin edildiyi xx.xx.2020-ci il tarixdən sonra bilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərəkj onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi K.Əhmədov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçı ilə bağlanmış lizinq müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Lizinq müqaviləsi və ona əlavələrin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı lizinq müqaviləsi və ona əlavə müqavilələrin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. İşin hallarından görünür ki, lizinq müqaviləsi bağlanan zaman iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur; Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi lizinq müqaviləsinə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanılmadan bəhs etmək mümkün deyildir. Eləcə də, iddiaçının öhdəliklərə xitam verilməsi barədə tələbi öhdəlik tam icra olunmadığından təmin oluna bilməz. Həmçinin, iddiaçı hansı müqavilələri bağlamasından və onların mahiyyətindən asılı olmayaraq məhz lizinq müqaviləsi bağlanan tarixdə, yəni xx.xx.2014cü il tarixdə xəbərdar olmuş, lakin qanunla nəzərdə tutulmuş müddət ərzində həmin müqavilələri mübahisələndirməmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçdiyini də nəzərə alır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. İddiaçı müqavilə üzrə müəyyən müddət ödənişlər aparmış, daha sonra həmin əsas müqavilələrə əlavə razılaşmalar imzalamış, həmin razılaşmaları da müəyyən müddət icra etmişdir. Belə olan halda, müqavilələr bağlanılan vaxt iddiaçının iradə ifadəsi tam sərbəst şəkildə həyata keçirilmiş hesab edilməlidir. Sonra baş verən mübahisələr iddiaçının aldadılması sayıla və müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar