Məhkəmə qərarları › İş №2(103)-2277/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2277/2022

12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2277/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi (qəyyumu) X2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-307/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 tərəfindən 06 aprel 2010-cu il tarixdə həmin notariat ofisində İddiaçı verilmiş, 06 aprel 2040-cı il tarixə kimi qüvvəsi olan ƏN-İ seriyalı 198855 reyestr nömrəli etibarnamənin cavabdeh 45 saylı notariat ofisi tərəfindən ləğv edilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarına əsasən ləğv edilmiş, lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə edilmiş sorğuya verilmiş cavabdan görünür ki, həmin məhkəmədə X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə heç bir material aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnamə vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılmasına əsasən xitam verilir. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)- 307/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən üçüncü şəxsin qanuni nümayəndəsi X5 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06 aprel 2010-cu il tarixdə X3 bacısı və onun qızı olan İddiaçı hər kəsdən və ailə üzvlərindən xəbərsiz olaraq X3 ruhi xəstə olmasından və hərəkətlərini dərk etməməyindən istifadə edərək, onu Bakı şəhəri 45 saylı notariat ofisinə aparmış və orada X3 adından İddiaçı özünə məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair etibarnamə verilmişdir. X7 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarına əsasən cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2012-ci il tarixli 105 saylı sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X3 üzərində oğlu X8 qəyyum təyin edilmişdir. Daha sonra X3 qəyyumu olan X8 tərəfindən 45 saylı notariat ofisinə müraciət olunaraq İddiaçı verilmiş 06 aprel 2010-cu il tarixli etibarnaməyə xitam verilməsi xahiş edilmiş, notariat ofisi tərəfindən etibarnaməyə xitam verilmişdir. Həmin etibarnaməyə xitam verilməsi barədə X8 tərəfindən İddiaçı müraciət yazılaraq ünvanına sifarişli poçt vasitəsi ilə məlumat göndərilmiş və həmin etibarnamənin qaytarılması tələb edilmişdir. Lakin hələ də həmin etibarnamə qaytarılmamışdır. İddiaçı qeyd edilən etibarnaməyə 2013-cü ildən xitam verildiyini bildiyi halda, həmin etibarnamənin etibarsızlığı ilə bağlı iddia müddətini ötürməklə 7 il sonra iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə kifayət qədər araşdırma aparmadan maddi hüquq normalarını pozaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli 2(103)- 4687/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-307/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(102)- 6143/2021 saylı qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya qaydasında işə baxılarkən üçüncü şəxsin qanuni nümayəndəsi X2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını, İddiaçı vəkili Vəkil1 isə şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisi məhkəmə iclasına üzrlü səbəblər olmadan öz nümayəndəsini göndərmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-307/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 06 aprel 2010-cu il tarixdə Bakı şəhəri 45 saylı notariat kontorunda İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakının idarə edilməsinə və üzərində sərəncam verilməsinə dair 06 aprel 2040-ci il tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası CPM-nin 469.4-cü maddəsinə əsasən cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri 45 saylı notariat kontoru tərəfindən X3 adından İddiaçı verilmiş etibarnamənin hüquqi qüvvəsinə Qaradağ Rayon Məhkəməsinin qərarına istinad edilməklə xitam verilmiş və bu barədə məlumat “Elektron notariat” informasiya sistemində 01 aprel 2012-ci il tarixdə yerləşdirilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2012-ci il tarixli sərəncamı ilə X8 fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2020-ci il tarixli sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03 sentyabr 2012-ci il tarixli sərəncam etibarsız hesab edilmiş, X1 Rayon Məhkəməsinin 25 aprel 2011-ci il tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 01 iyun 1937-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, qətnamə 17 sentyabr 2021-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “...iddia üzrə hüquqi dəyərləndirmə ilk olaraq etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanının hərəkətini mübahisələndirməyə subyektiv hüququnun müəyyən edilməsindən ibarət olmalıdır. Qeyd olunan məsələlər araşdırılmadan təmsil edilən şəxsin fəaliyyət qabiliyyətinə malik olub-olmaması və bunun nəticəsi olaraq etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslılığı məsələlərinin araşdırılmasına zərurət yoxdur.” İşin hallarından göründüyü kimi, hazırkı mübahisə üçüncü şəxs tərəfindən verilmiş etibarnamənin qüvvəsinə notariat orqanı tərəfindən xitam verilməsi ilə bağlıdır. Belə olan halda ilkin olaraq etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanının hərəkətini mübahisələndirməyə iddiaçının subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Hazırkı halda etibarnamə ilə təmsilçi olan iddiaçı ona verilmiş etibarnamənin ləğvini mübahisələndirsə də, notariat orqanının həmin hərəkətinin onun hansı hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmamışdır. Etibarnamənin ləğvi təmsil edilənin hüquq və mənafelərinə toxunursa, onun yeni etibarnamə vermək və ya notariat orqanının müvafiq hərəkətini mübahisələndirmək imkanları vardır. Belə ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfü deyil ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, X7 tərəfindən İddiaçı verilmiş etibarnamənin ləğv edilməsi iddiaçının hər hansı hüquq və mənafeyinin pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, notariat orqanının hərəkətlərinin qanuniliyi və iddia müddətinin buraxılıb-buraxılmaması araşdırılmadan iddia rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)- 307/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı iddiaçıya aid edilsin. Apellyasiya və kassasiya şikayətləri verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı iddiaçıdan alınıb üçüncü şəxsin qanuni nümayəndəsi X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar