Məhkəmə qərarları › İş №2(103)-2278/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2278/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2278/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(010)-185/2023 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2609.32 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.09 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4236/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad ilə mülki iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 006/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən,malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və MMC-yə olan borcunun 2609.32 manat hissəsini bu günədək ödəməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(010)- 185/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2609.32 manat ödənilməmiş pul vəsaiti və iş üzrə ödənilmiş 46.09 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərindən biri odur ki, müqavilənin 8-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayonu ərazisidir və gələcəkdə mübahisə yaranarsa işə baxacaq məhkəmə də "xxxx", yəni MMCnin qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, MPM-nin 36-cı maddəsinə əsaslanaraq, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəməyə müraciət etmişlər. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, iş materialları ilə tanış olmadığından məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 8-ci bəndində göstərilmişdir ki, tərəflər qəbul edirlər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə "xxxx" qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış sazişlə müqavilə aidiyyəti qaydalarına uyğun olaraq ərazi aiddiyəti müəyyənləşdirilərək, mübahisə olduğu halda "xxxx" qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılması nəzərdə tutulmuşdur, belə olan halda isə hazırki mülki işə MMC-nin ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Buna baxmayaraq iddiaçı cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə müqavilənin qeyd edilən şərtini nəzərə almamışdır. Kollegiya hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(010)- 185/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar