Məhkəmə qərarları › İş №2(103)-2291/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2291/2022

06.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2291/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5425/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə 14 aprel 2014-cü il tarixdə 12 saylı Dövlət Notariat kontorunda 2V-1-132 reyestr nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (vərəsəlik işinin nömrəsi 40/2014), 14 aprel 2014-cü il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 4Ə-01-300 reyestr nömrə ilə qeydə alınmış miras payın bağışlama müqaviləsinin, çıxarışın (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********93-10301) etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının atası Cavabdeh1 Abbas oğlu 25.09.2013-cü il tarixdə ölmüşdür. Atası ölənədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Atası rəhmətə gedəndə vərəsələri anası – X5 və dörd övladı qalmışdır: 1) 1968ci il təvəllüdlü Cavabdeh4, 2) 1969-cu il təvəllüdlü İddiaçı, 3) 1971-ci il təvəllüdlü Cavabdeh5, 4) X3. Atası Cavabdeh1 Abbas oğluna məxsus miras əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən ibarətdir. Atası öldükdən sonra atasına məxsus qeyd edilən torpaq sahəsinə gedib-gəlmiş, oradakı ağaclara qulluq etmiş, həyətdə abadlıq işləri aparmışdır. Bütün bunlara baxmayaraq qardaşı Cavabdeh5 13.03.2014-cü il tarixdə miras əmlakı qəbul etmək üçün 12 saylı notariat kontoruna müraciət etmiş, vərəsələrin dairəsini notariat orqanından gizlətmiş, atasının vərəsələri kimi özünü, bacıları Cavabdeh4 və anaları Bikə Orucovanı göstərmişdir. 14 aprel 2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (reyestr 2V-01-132, vərəsəlik işinin nömrəsi 40/2014). Elə həmin gün Cavabdeh5 özünün, anasının və bacısının miras paylarını öz övladlarının – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir. X6 və bacısı Cavabdeh4 adından etibarnamə əsasında Cavabdeh5 çıxış etmiş və sənədlərin hamısına da Cavabdeh5 imza etmişdir. X1 19.04.2021-ci il tarixdə ölmüşdür. Qeyd edilən miras əmlak notariat qaydasında qəbul edilərkən və qardaşı Cavabdeh5 övladlarının adına keçərkən onun məlumatı olmamışdır. Hansı ki, iddiaçı da atası rəhmətə gedəndən sonra həmin torpaq sahəsini faktiki olaraq qəbul eləmişdir, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsində abadlıq işləri aparmışdır. Belə fikirləşmişdir ki, torpaq sahəsi sənədləşdiriləndə vərəsə kimi ona da məlumat veriləcək. Lakin sonra ona məlum olub ki, qardaşı Cavabdeh5 iddiaçıya xəbərdarlıq etmədən, miras əmlakı öz övladlarının adına keçirtmişdir. Vərəsəlik işini qaldıranda ona məlum olmuşdur ki, Cavabdeh5 notariat orqanına müraciət edərkən onu vərəsələrin siyahısında göstərməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə özünü, bacısı Cavabdeh4 və X8ni qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5425/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və cavabdeh təşkilatların nümayəndələri məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı 2007-ci ildən bir müştəri kimi tanımış, sonradan münasibətləri yaxşılaşmış və o, İddiaçı məxsus Yasamal rayonunda yerləşən həyət evinə gedibgəlmişdir. İddiaçı bacı və qardaşlarını tanımır. 2013-cü ilin oktyabr ayında İddiaçıla Badamdar qəsəbəsində yerləşən bağ sahəsinə getmişdir. Belə ki, İddiaçı onu həmin sahədə ağacların əkilib-əkilə bilməyəcəyi barədə məsləhətləşmək üçün ora özü ilə aparmışdır. O vaxt İddiaçı atası rəhmətə getmişdir. İddiaçı bağ sahəsinin bir hissəsinin ona məxsus olduğunu, digərinin isə üzərində üçmərtəbəli evin yerləşdiyi sahənin atasına məxsus olduğunu bildirmişdir. İddiaçı məxsus sahədə də tikililər var idi. İddiaçı ilə atasına məxsus bağ sahəsi bitişik yerləşir və aralarında o zaman çəpər olmamışdır. Bağ sahələrinə iki giriş var idi. Onlar İddiaçı atasına məxsus torpaq sahəsinə açılan qapıdan içəri daxil olmuşlar. Orada köhnə ağaclar var idi. Lakin sonradan İddiaçı dediyinə görə atasının bağ sahəsi ilə bağlı qardaşı ilə aralarında mübahisə yarandığından atasına məxsus bağ sahəsində ağac əkməmişdir, ona məxsus evdə yaşamamış (ev yaşayış üçün yararsız olmuşdur) və hər hansı iş görməmişdir. 2013-cü ildən sonra həmin bağ sahəsinə getməmişdir. Birinci instansiya məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı atasının ölümündən sonra ondan miras qalmış bağ sahəsinə faktiki sahiblik etməsini və idarə etməsini-həmin torpaq sahəsindəki ağaclara qulluq etməsini, həmin sahədə abadlıq işləri aparmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqdim olunmuş şahid ifadəsindən də görünür ki, iddiaçı atasının ölümündən sonra ondan miras qalmış bağ sahəsinə sahiblik etmək istəsə də, bu qardaşı ilə aralarında yaranmış mübahisə ilə əlaqədar mümkün olmamışdır. İddiaçı tərəfindən miras əmlaka sahiblik etməsi və istifadə etməsi təsdiq edilmədiyindən onun tərəfindən mirasın qəbul edilməsi təsdiq olunmur. Eyni zamanda 2013-cü ildən qardaşı ilə arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq, mirasın qəbul edilməsi üçün notariat kontoruna da müraciət etməmişdir. Göründyü kimi, iddiaçı atasının ölümündən altı ay ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməmiş və miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Bununla da atasından qalmış miras əmlaka vərəsəlik hüququnu itirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onun miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, dindirilmiş şahidin isə qeyri-müəyyən ifadəsi mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli tarazlığa ” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Bundan başqa Məhkəmə kollegiyası, ona da xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən etmişdir. Qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmamışdır. Mülki Məcəllənin 1273-1-ci maddəsində qanunverici təsbit etmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; həmin Məcəllənin 1262-ci və 1263-cü maddələrinə görə isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Göründüyü kimi qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5425/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar