Məhkəmə qərarları › İş №2(103)-2292/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2292/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2292/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3381/2021 saylı, 30 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən onun adına hesablanmış 1.698 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd Qapısı, ünvan 1 ünvanda yerləşən, özünə məxsus evdə yaşayır. Ailə üzvləri ilə birlikdə mənzilindəki təbii elektrik enerjisindən istifadə edir. Fərdi istehlakçı kimi onunla müqavilə bağlanmışdır. Onlar həmin ünvanda məcburi köçkün kimi məskunlaşmışlar. Ölkə Prezidentinin sərəncamına əsasən məcburi köçkünlər kommunal xidmətlərdən azad olunduğundan, onlar da bəzən məcburi köçkün kimi onlar üçün müəyyən olunmuş limiti aşdıqları zaman bəzi aylarda istehlak etdikləri elektrik enerjisinə görə borcları yaranırdı və onlar həmin borcu da vaxtında ödəyirdilər. 2017-ci ilin aprel-may aylarında cavabdeh təşkilat ona 2.200 manat işıq pulu borcunun olduğunu bildirmişdir. O, həmin borcun haradan yarandığını aydınlaşdırdığı zaman ona 10.02.2017ci il tarixdə elektrik sayğaclarının dəyişdirildiyini, buna görə də həmin məbləğdə borc yazıldığını öyrənmişdir. Halbuki, ona cavabdeh təşkilat tərəfindən həmin elektrik sayğacının nə vaxt dəyişdirilməsi, həmin borcun nəyin əsasında yazılması barədə məlumat verilməmişdir. Həmçinin, 31.12.2016-cı ildə ölkə Prezidentinin Sərəncamı ilə vətəndaşların bütün əvvəlki kommunal borcları ləğv olunmuş və ona həmin sərəncamdan qısa müddət sonra elektrik enerjisi sərfiyyatına görə 2.200 manat işıq pulu borcunun yazılması absurd olmuşdur. Bundan sonra cavabdeh təşkilatın ona təzyiqləri nəticəsində o, məcbur olub həmin 2.200 manat borcdan 478 manatı ödəmişdir və cavabdeh təşkilat ona 1.698 manat borcunun olduğunu bildirmişdir. Lakin qalan məbləği maddi imkanı olmadığından ödəyə bilməmişdir. O, yaşadığı ünvana dair ondan tələb olunan borcun silinməsi barədə dəfələrlə həm cavabdeh "xxxx" ASC-yə, həm də Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə müraciət etmişdir. Lakin onun bu müraciətləri nəticəsiz qalmış və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3381/2021 saylı, 30 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçının istehlakçı hüquqları pozulmamış, hesabatlılıq pozulmamış, iddiaçıya hesablanmış elektrik enerjisi sərfiyyatı dəqiq göstərilməklə, sayğac məlumatlarına istinad edilmiş və borc məbləği real olaraq istifadə edilmiş elektrik enerjisinə görə hesablanmışdır. Bu səbəbdən iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan abonent saldosunun surəti borcun olduğunu təsdiq edən sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etməməklə yanaşı borcun olması yaxud elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı deyildir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin sənədi hazırlaya bilər. İkincisi, elektrik enerjisindən istifadəyə görə əvəz ödəməsi istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, cavabdeh qurumun da istifadə haqqını vaxtında tələb etmək vəzifəsi olmuşdur. Cavabdeh tərəf iddiaçının iddia ərizəsində göstərdiyi halları təkzib etmək üçün iddiaçının elektrik enerjisindən istifadəyə görə ödənişləri icra etməməsinə yaxud lazımınca icra etməməsinə dair məhkəməyə hansısa bir sənəd təqdim etməmişdir. Demək, iddiaçının cavabdehə elektrik enerjisindən sərfiyyata görə hansısa məbləğdə cari borcu da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablama dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X3 apellyasiya şikayəti təmin edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3381/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli, İddiaçı adına hesablanmış 1.698 manat borc cavabdeh "xxxx" ASC tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3381/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı adına hesablanmış 1.698(min altı yüz doxsan səkkiz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar