Məhkəmə qərarları › İş №2(103)-2293/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2293/2021

23.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2293/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Fuad Qasımovun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair 2(001)-3538/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin tərtib etdiyi xx xxxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixli aktların etibarsız hesab edilməsi və hesablanmış 2515,15 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı Binəqədi rayonu, Yeni massivdə yerləşən fərdi yaşayış evinin elektrik təchizatı üçün “xxxx” ASC tərəfindən elektrik sayğacı quraşdırılmış (abonent kodu **********05743) və sayğaca əsasən elektrik enerjisinin dəyəri onun tərəfindən ödənilmişdir. Cavabdehlə aralarında heç bir müqavilə bağlanmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehin nümayəndələri tərəfindən onun iştirakı olmadan küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və sayğacda daxili qüsur aşkar edilməsi barədə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğac üzərində laborator müayinələr aparılmış və tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla onun üzərinə 2515,15 manat vəsaitin ödənilməsi vəzifəsi qoyulmuşdur. Elektrik sayğacının zədələnməsinin ilkin və laborator araşdırılmalarında onun iştirakı təmin olunmamış və zədələnmənin məhz onun təqsiri ucbatından baş verməsi sübuta yetirilməmişdir. Həmçinin hesab edir ki, zədələnmənin onun müdaxiləsi nəticəsində baş verməməsi yeni sayğacın cavabdeh tərəfindən quraşdırılması ilə sübut olunur. Buna görə cavabdehin tərtib etdiyi xx xxxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixli aktlarla razı deyil və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, fərdi yaşayış evi ünvanda elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması nəticələrinə dair tərtib edilmiş AKT R № 157756 saylı xx xxxxxxx 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi, İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, Abonent kodu: **********05743) itirilmiş elektrik elerjisinə görə hesablanmış 2137,94 (iki min yüz otuz yeddi manat 94 qəpik) manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, fərdi yaşayış evi ünvanında xx.xx.2012-ci il tarixdə quraşdırılmış 15530790M353008 nömrəli M500.2251 tipli elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "sayğacın daxili qüsurdan işləmir" qüsurunun aşkar olunması səbəbilə xx xxxxxxx 2019-cu il tarixli, AKT R № 157756 saylı akt tətib edilmiş, "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakşılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 20530 kvts itirilmiş elektrik enerjisinin dəyərinin əvəzi olaraq 2137.94 manat məbləğində borc hesablanaraq **********05743 nömrəli abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müşayət olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi və bununlada "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianını təmin olunmuş hissəsində qətnamə yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” ASC-nin əməkdaşları B.Məmmədov, S.Quluzadə, A.İmanov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, AKT R № 157756 saylı aktdan görünür ki, istehlakçıya məxsus obyektdə (Binəqədi rayonu, Yeni massivdə yerləşən fərdi yaşayış evi) elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və yoxlama zamanı abonent kodu **********05743 olan elektrik sayğacının qrif faza xəttinin əriməsi müəyyən olunmuşdur. Elektrik sayğacı yenisi ilə əvəz olunmuş və elektrik sayğacının laboratoriya şəraitində yoxlanılması qərara alınmışdır. İddiaçı aid Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən **********05743 saylı abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən (Abonent kodu: **********05743) ünvana 157756 saylı akta əsasən 210,63 manat və 1927,31 manat borc hesablanmışdır. **********05743 saylı abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, saygacda aşkar edilmiş qrif faza xəttinin əriməsi istehlakçı tərəfindən edilmiş müdaxilə kimi qiymətləndirilmiş və istehlakçı İddiaçı ümumilikdə 2137,94 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 448.2, 560.1 və 560.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 18-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilən “X1 qaydaları”nın 4.1,7.1, 7.6 və 8.3-cü bəndlərinə əsaslanaraq iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilən “X1 qaydaları”nın 4.1-ci bəndinə görə Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaydaların 7.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.3-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçının istifadəsində olan sayğacın ümumi istifadə edilən ərazidə quraşdırılmış olması və bu səbəbdən sayğacın kənar müdaxilələrdən iddiaçı tərəfindən müdafiəsinin qeyrimümkün olması nəzərə alınaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi sübuta yetirilmir. Əksinə **********05743 saylı abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, qeyd edilən sayğacın faza xəttinin hər iki yuvasının yanma səbəbi saygacda aşkar edilmiş qrif faza xəttinin əriməsi olmuşdur. İddiaçının hüquq pozuntusuna yol verdiyi işin halları ilə öz təsdiqini tapmadığından iddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 3538/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar