Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2295/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul etdiyi 03 fevral 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 885,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində yerləşən 13 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000). 2021-ci il fevral ayında Birliyin əməkdaşları iddiaçının məlumatı olmadan akt tərtib edilmişdir ki, guya iddiaçıya məxsus evdə qazdan qeyri-qanuni, yəni sayğacdan kənar qaz xətti vasitəsi ilə istifadə edilir. Buna görə iddiaçıya 885,60 manat borc yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış borcu əsassız hesab edir. Belə ki, birincisi – Birliyin əməkdaşları baxışda və aktın tərtib edilməsində iddiaçının iştirakını təmin etməmişlər; ikincisi – akta əlavə edilmiş fotoşəkil iddiaçının ünvanına aid deyil; üçüncüsü – iddiaçı, sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməyib, onun ünvanında qanunsuz qaz xətti olmamışdır; dördüncüsü – hesabat zamanı orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün kimi nəzərə alınmışdır ki, bu qaydada qazdan istifadə praktiki cəhətdən mümkün deyil. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Buna görə də, iddiaçı, əsassız olaraq hesablanmış 885,60 manat borcun silinməsini tələb etməkdə haqlıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə müdaxilə edilmiş, bu fakt Birliyin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, araşdırmalar aparılmış və ziyanın məbləği hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iddianı təmin edərək iddiaçıya əsaslı olaraq hesablanmış borcu heç bir əsas olmadan silmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə olunmuş aktdan da görünür ki, iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə müdaxilənin edilməsi faktı aşkar edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir.
8. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində yerləşən 13 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00000).
11. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin akt ona görə tərtib edilmişdir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana aid qaz xəttinə baxış keçirərkən həmin ünvanda qazdan qeyri-qanuni, yəni sayğacdan kənar qaz xətti vasitəsi ilə istifadə edilməsi faktını aşkar etmişlər.
12. Birliyin əməkdaşları tərəfindən həmin tarixdə tərtib etdikləri digər aktdan görünür ki, həmin ünvanda qaz təchizatı dayandırılmışdır.
13. Hər iki aktdan görünür ki, həmin aktlar iddiaçı tərəfindən imzalanmamışdır.
14. Bakı Regional Qazın Satışı Departamenti “Təbii qazın dəyərinin hesablanması komissiyası” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesablamadan görünür ki, yuxarıda qeyd edilən aktda göstərilənlərə əsasən iddiaçıya 8.856 kub metr itirilmiş qaza (əlavə sərfiyyat) görə 885,60 manat məbləğində borc hesablanmışdır.
15. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
16. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
17. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktda qeyd edilən faktları təsdiq edə biləcək sübutları (məsələn: video yazısı, faktın aşkar edilməsini təsdiq edə biləcək şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.
18. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, Birliyə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış 885,60 manat məbləğində borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur.
19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və mahiyyəti üzrə düzgündür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.