Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2296/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə Açar sözlər: (“əsassız hesablanmış borcun silinməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-173/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Suraxanı rayonu, İ.Şükürov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi X1 istifadə və sahibliyində olmuşdur. Onunla Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00020 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 2 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), 1 ədəd samovar, 1 ədəd qızdırıcı radiator, 1 ədəd kərpiç peçi və 1 ədəd dəmir peçi istifadə edilir. xx.xx.2022-ci il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T Mexaniki” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 8208 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 984,96 manat məbləğində pulun X1 tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda X1 aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Qeyd edilən fərdi yaşayış evi üzrə qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı cavabdehin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ayrıca akt da tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Şükürov küçəsində yerləşən evlərə baxış keçirilmiş və nəticədə bir neçə, o cümlədən mübahisəli evdə təbii qazdan sayğacdan kənar istifadə edilməsi üçün xətlərin quraşdırıldığı aşkar edilmiş və bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. X6 xx.xx.2012-ci il tarixdə “Kaxeksiya. Ağ ciyərin xərcəngi” səbəbi ilə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
2. İddiaçı X6 Cavabdehnə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 984,96 manat məbləğində debitor borcun əsassız hesab edilərək, silinməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz saycağı quraşdırılmışdır. Bir müddət əvvəl cavabdeh tərəfindən həmin evə təbii qazın verilməsi dayandırılmışdır. Bu barədə cavabdehə məlumat verildikdə, cavabdeh qazdan qanunsuz istifadə edilməsi səbəbindən tərtib edilmiş aktlara əsasən 984,96 manat borcun hesablandığını bildirmişdir. Lakin bu barədə hər hansı sənəd təqdim edilməmiş, yalnız məsələ ilə bağlı müraciət edildikdən sonra aidiyyəti sənədlər təqdim edilmiş və borcun silinməsindən imtina edilmişdir. Aktlar tərtib edilərkən, abonentin iştirakı təmin edilməmiş, bu barədə cavabdeh tərəfindən hər hansı məlumat verilməmişdir. Halbuki, cavabdehin əməkdaşları heç vaxt həmin evdə olmamış, heç bir qanunsuz qoşulma halı aşkar etməmişdilər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5683/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-trasoloji ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 3/1355 saylı ekspert rəyinə əsasən təqdimata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
5. İddiaçı ərizəsinə əsasən iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanı üzrə **********00020 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 984,96 manat borcun silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspert tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. (hakim X8).
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır, həmçinin, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 115-ci, 124.1ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 9.1.5ci, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 5.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə, cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Belə ki, təqdim edilmiş iş üçün əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə alınmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədi ilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Bundan əlavə Səmədxan Hüseynovun 2012-ci il tarixdə vəfat etməsinə baxmayaraq, qətnamədə iddianın güya onun tərəfindən verildiyi qeyd edilmişdir. Qətnamənin əvvəlində kobud prosessual səhvə yol verilirsə bu qətnamənin ləğvi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddianın onun tərəfindən imzalandığını, sadəcə olaraq sənədləşmə atası X1 adına aparıldığından onun adından qaldırıldığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyin elə bir müddəası yoxdur ki, iddianın (ərizənin) yalnız fiziki baxımdan mövcud (sağ) olan şəxs tərəfindən qaldırılmasının mümkünlüyünü təsbit etməsin. Qeyd edilən qanunvericilikdə nəzərdə tutulmuş iddiaçının əsl iddiaçı, habelə onun hüquqi varisi ilə əvəz edilməsi əsası və qaydası da iddiaçının fiziki baxımdan bu prosesdə mövcud olmasını ehtiva edir. Belə ki, əvəzləşdirmə birinci halda – yalnız iddiaçının yazılı razılığı (iradə ifadəsi) olduqda, ikinci halda isə yalnız iddiaçı sıradan çıxdıqda (sağ olan iddiaçı öldükdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) mümkündür.
19. Lakin buna baxmayaraq ki, hazırki iddianı xx.xx.2022-ci il tarixdə qaldıran X6 bu hadisədən təxminən 10 il əvvəl, yəni xx.xx.2012-ci il tarixdə “Kaxeksiya. Ağ ciyərin xərcəngi” səbəbi ilə ölmüşdür. Bu halı təsdiq edən xx.xx.2012-ci il tarixli, AZ-İ serialı, 549445 nömrəli Ölüm haqqında şəhadətnamə digər sənədlərlə birlikdə (iş materiallarının 7-ci səhifəsi) iddia ərizəsinə əlavə edilmişdir. Bu da hüquqi nəticə etibarı ilə yolverilməzliyinə görə həmin iddianı qəbul etməkdən imtina edilməsi üçün əsas idi. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin iddianı icraata qəbul etmiş və məhz lazımi qaydada xəbərdar edilməsi əsası ilə xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının 2012-ci ildə ölmüş X4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
20. Həmin iclasda məhkəmə-trasoloji ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 3/1355 saylı ekspert rəyi məhkəmədə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş növbəti məhkəmə hazırlıq iclasında hazırki İddiaçı ərizəsinə əsasən iddiaçı X6 əsl iddiaçı qismində bu şəxslə əvəz edilmişdir. Halbuki, artıq qeyd edildiyi kimi, mülki prosessual qanunvericilikdə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin müəyyən edilmiş əsası və qaydası baxımından, belə bir əvəzləşdirmə yalnız iddianın hüququ olmayan şəxs tərəfindən verildiyi hallarda və yalnız iddiaçının yazılı razılığı əsasında mümkündür. Bununla belə, iddiaçının hüququnun olmaması deyil, özünün fiziki baxımdan mövcud olmaması (ölməsi) və bu baxımdan razılıq verilməsinin qeyri-mümkünlüyü səbəbindən belə bir əvəzləşdirmə aparıla bilməzdi. X1 işə birinci instansiya məhkəməsində baxılan zaman deyil, 2012-ci ildə ölməsi onun hüquqi varisi olan hazırki İddiaçı ilə əvəz edilməsini də hüquqi baxımdan qeyri-mümkün etmişdir. Belə olan halda, iddianın onun oğlu, İddiaçı tərəfindən imzalanması hər hansı hüquqi əhəmiyyət kəsb etmir, o cümlədən iddiaya baxılması üçün əsas yaratmır.
21. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hüquq normasının tətbiqində səhvə yol verərək, 2012-ci il tarixdə ölmüş şəxs tərəfindən verilmiş iddianı icraata qəbul etmiş və sonradan bu əsasla iş üzrə icraata xitam verilməsi əvəzinə, onu əsl İddiaçı ilə əvəz edərək, hüquqi nəticə etibarı ümumiyyətlə məhkəmədə baxılmalı olmayan işə baxmış və qətnamə çıxarmışdır. Bu da öz növbəsində apellyasiya şikayətinin qismən təmin edilməsini və qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini şərtləndirir.
22. Məhkəmə kollegiyası mübahisəli evdə hazırda 2012-ci ildə ölmüş X1 ailə üzvləri, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən əsl iddiaçı qismində əvəz edilmiş onun oğlu, İddiaçı yaşamasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, **********00020 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış cərimə məbləğinin silinməsi həmin evdə yaşayan şəxslər, o cümlədən İddiaçı tərəfindən (bilavasitə iddiaçı qismində öz adından) mübahisələndirilə bilər.
23. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-385-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Bakı şəhəri, Suraxanı rayonu, İ.Şükurov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evində yaşayan şəxslərə, o cümlədən İddiaçı (bilavasitə iddiaçı qismində öz adından) həmin ünvan üzrə **********00020 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.