Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2297/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci tarixli 2(011)-3645/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “pulun geri qaytarılması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun yaşadığı ünvan 1 A ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə dəyişdirildikdən sonra ona 300 manat ödəməli olduğu bildirilmişdir. Buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları o, aybaay gecikdirilmədən ödəmişdir və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-yə onun tərəfindən 300 manat pul ödənilmişdir. Sayğac dəyişdirilərkən onda hər hansı problem onun təqsiri üzündən baş verməmişdir. Cavabdeh İB tərəfindən yenidən qaz sayğacının dəyişdirilərkən qaz sayğacının mənfiyə getməsi ilə əlaqədar 68.20 manat ödəməli olduğu bildirilmişdir. Lakin bu dəfə ödəniş etməmişdir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Qeyd edilənlərə əsasən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 300 manat pulun geri qaytarılmasına və 68.20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 3645/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1A ünvanına hesablanmış 300 manat və 68.20 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 300 manat pul vəsaitinin iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdeh “Cavabdeh” İB-nə həvalə edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21sentyabr 2020-ci il tarixli 2(011)-3645/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində xx.xx.2018-ci il tarixdə G-4 markalı qaz sayğacı əvvəlki qaz sayğacı ilə əvəz edilmişdur. Göstərilən qaz sayğacının əvəz edilməsinə səbəb əvvəl quraşdırılmış qaz sayğacının mənfi rejimdə işləməsi olmuş və istifadə zamanı iddiaçı tərəfindən 368,20 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bu istifadəyə görə ödəniş aparılmamışdır. Abonent saldosuna nəzər yetirilərkən (GASREP) iddiaçı 2018-ci ilin oktyabr ayında 1 manat ödəniş etmiş və sayğac əvəz edilən günədək yəni 8 ay ərzində ödəniş etməmişdir. Mənzildə təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və 368,20 manat borc yaranmışdır. Burada dəymiş ziyan əsasında heç bir borc yaranmamış yalnız istifadə nəticəsində yaranmış borcdan söhbət gedir. 21,09.2020-ci il tarixli 2(011)-3645/2020 saylı qətnamədə heç bir əsas gətirilmədən 368,20 manat pul məbləğinin silinməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx xxxx 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər qeyd olunur ki, “Cavabdeh” istehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Qeyd edir ki, Xətai rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək müddəti ötürülməmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, İddiaçı məxsus ünvanda İtron tipli, G4 markalı sayğac çıxarılmış və yerinəİtron tipli, G4 markalı yeni sayğac quraşdırılmışdır və “sayğacın elektron hissəsinin mənfiyə işlədiyi” qeyd edilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, İddiaçı məxsus ünvanda İtron tipli, G4 markalı sayğac çıxarılmış və yerinə mexaniki G4 markalı yeni sayğac quraşdırılmışdır və “sayğacın mənfiyə işlədiyi” qeyd edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci il üçün 68.20 manat borcu vardır. İş materiallarında olan “e-Manat” vasitəsi ilə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə “Cavabdeh” İB-yə 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli AKX-00550xx/xx-2018 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh “Cavabdeh” İB-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktda iddiaçının evindən çıxarılmış sayğacda “sayğac mənfiyə işləyir” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 300 manat və 68.20 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsi, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 300 manat və 68.20 manat məbləğində borcun silinməsi və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 300 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21sentyabr 2020-ci il tarixli 2(011)-3645/2020 nömrəli nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2297/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2297/2021
11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver