Məhkəmə qərarları › İş №2(103)-23/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-23/2024

12.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-23/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat ofisinə) qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllə, 34 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər X12 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması, həmin mənzilə dair Daşınmaz əmlakın dövlət reyestrin tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci ıl tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X9 1968-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikadan xx.xx.1973-cü ildə iddiaçı dünyaya gəlmişdir. Ailə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində yaşamışlar. Daha sonra tərəflər arasında rəsmi nikah pozulmuşdur. K.D.İvlev bundan ikinci dəfə X14 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2003 il tarixdə Cavabdeh2 dünyaya gəlmişdir. Mərhum X9 X14 ilə eyni gündə, xx.xx.2020-cı ıl tarixdə dünyasını dəyişmişlər. Göründüyü kimi, cavabdehlə aralarında yaxın qohumluq münasibəti olmaqla, hər ikisi mərhum X3 övladlarıdırlar. K.İvlev dünyasını dəyişdikdən sonra onun tələbi ilə adına 12 saylı notariat kontorunda vərəsəlik işi açılmış və bu barədə cavabdehə məlumat verilmişdir. Məqsəd mərhum atasından qalan əmlakın aralarında məcburi pay altında bölgüsünün təmin edilməsi olmuşdur. Lakin, məlum olmuşdur ki, sözügedən ünvana dair cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixdə qanunsuz ********** qeydiyyat nömrəsi altında çıxarış rəsmiləşdirilmiş, xx.xx.2021-ci il tarixdə isə X12 12 saylı Notariat kontorunda vərəsəlik işinin açıldığını bilə-bilə həmin çıxarışla üzrə mənzili Cavabdeh1 bağışlamışdır. Ona görə də hazırda həmin bağışlama əqdi etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Belə ki, həmin çıxarışın tam paylı Cavabdeh2 adına çıxarılması tamamilə qanunsuzdur. Çünki, o da Cavabdeh2 ilə bərabər hüquqlu vərəsədir və hər ikisinin həmin əmlakda payları bərarbərdir. Hazırda onda olan məlumata əsasən Cavabdeh2 və ona havadarlıq edənlər nəinki qeyrirəsmi yollarla həmin çıxarışın çıxarılmasına nail olmuş, həmin mənzili, ona heç bır hüququ olmayan Cavabdeh1 bağışlamışdır və artıq həmin mənzili satışıa belə çıxarmaqla vicdanlı alıcı sxemi üzrə onu vərəsəlik hüququndan məhrum etmək niyyətindədir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-3351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qanuna zidd və qeyriobyektiv, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini, bu səbəbdən də qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında icraat:

5. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8003/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və sair” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən iddia təmin edilmişdir.

7. Həmin qərardan cavabdeh və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-148/23 nömrəli, 10 may 2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır.

8. Qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin 2-1(102)- 47/24 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişidirilmədən saxlanılmışdır.

9. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-23/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

12. “Paris Kommunası” adına zavodun Mənzil Kommunal Şöbəsi tərəfindən verilmiş xx.xx.1951-ci il tarixli 140 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı evdə yaşayış sahəsi 20 kv.m olan mənzil yaşamaq üçün 5 nəfər ailə üzvü ilə birlikdə X22 verilmişdir.

13. X23 MKTİ-nin xx.xx.1996-cı il tarixli, 473 saylı sərəncamının surətindən görünür ki, X21 ölümü ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 2 otaqlı, 30 kv.m sahədən ibarət 34 saylı evin icarə müqaviləsinin bütün ailə üzvlərinin razılığı ilə 4 nəfər ailə üzvü ilə birlikdə oğlu X3 adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 349/2001 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X6 və İddiaçı cavabdehlər X7, üçüncü şəxslər X1 və X10rşı evin bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı evin sahəsi 20 kv.m olan yaşayış otağı, sahəsi 10 kv.m olan bir yaşayış otağı, 4 kv.m olan mətbəxi, 5 kv.m olan dəhlizi, 4 kv.m olan hamamı, 1 kv.m tualet və 10 kv.m şüşəbənd iddiaçıların istifadəsinə verilməsi, tərəflərə ayrı-ayrı şəxsi hesab açılmasının X23 MKTİ-nə həvalə edilməsi, sahələri 16 kv.m olan 2 otağın və qarşısındakı sahəsi 9 kv.m olan şüşəbəndin iddiaçılara verilməsi, X4 ilə X15 iddiaçıların istifadəsinə verilmiş otaqlardan çıxarılması qət edilmiş, tərəflər arasında və evin həyətyanı torpaq sahəsindən istifadə qaydaları müəyyən edilmişdir.

15. AZ-İİ seriyalı, 104848 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-cı ıl tarixdə vəfat etmişdir.

16. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayəçisi X9 ölümü ilə əlaqədar xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (Əsas: Ölüm haqqmda şəhadətnamə AZ-İİ № 083905, xx.xx.2002-ci il) Hal-hazırda göstərilən mənzildə 2003-cü ildən qeydiyyata alınmış kirayəşinin oğlu Cavabdeh2 yaşayır. Vətəndaş Cavabdeh2 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Sərəncamla Bakı şəhəri, Yasamal rayonu, Sadıq Dadaşov küçəsi, 523-cü məhəllədə yerləşən, yaşayış sahəsi 10,0 kv.metr olan 1 otaqlı 34/1 saylı evin kirayə müqaviləsi Cavabdeh2 adma dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Cavabdeh2 adına yeni şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.

17. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 326 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh1 Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qardaşı xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 himayədar təyin olunmasını xahiş etmişdir. Təqdim olunan sənədlər toplusundan göründüyü kimi, azyaşlının atası X9 və anası X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər, azyaşlı bacısı Cavabdeh1 himayəsində yaşayır və bacısının ona himayədar təyin olunmasına razılığını bildirmişdir. Göstərilənlər nəzərə alənaraq xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 mülkiyyətlərinə hüququ olmadan bacısı Cavabdeh1 himayədar təyin edilmişdir.

18. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağılanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 34, ümumi sahəsi 33.7 kv.m. olan 1 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq olunmuş və reyestrdə 4Ə-322 nömrə ilə qeyd edilmişdir.

19. Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********49 saylı arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 34, 1 saylı mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 326 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına, 143 nömrəli, xx.xx.2020-ci il tarixli Forma 2 arayışına, 140 nömrəli, xx.xx.1951-ci il tarixli orderə əsasən ilkin olaraq xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-322 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

20. AZ-T seriyalı, 149338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X9 qeyd edilmişdir.

21. AZ-İ seriyalı, 344482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X9 qeyd edilmişdir.

22. Bakı şəhəri 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı əhəri 12 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil oİmuş və o vərəsə kimi tanınmışdır. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov (keçmiş 6-cı Xrebtovı) küçəsi, məhəllə 523 ev34 (34/1) fərdi yaşayış evinə dair çıxarışın verilməsi məsələsinə baxılması xahiş olunmuşdur.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

24. Bakı şəhəri 12 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə mərhumun vərəsələri tərəfindən müraciət daxil olmuş və vərəsə kimi tanınmışdırlar. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmləşdirilməsi üçün mərhum X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov (keçmiş 6-cı Xrebtovı) küçəsi, məhəllə 523 ev34 (34/1) fərdi yaşayış evinə dair hər hansı sənədlər, order, çıxarış və sərəncamların olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur.

25. Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı MKİS-nin Bakı şəhəri 12 saylı notariat ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

26. Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 158 saylı MKİS-nin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzillə bağlı Birliyə heç bir rəsmi məlumat daxil olmamışdır. Bundan başqa, qeyd olunan ünvanda yerləşən sıxlaşdırılmış mənzilin bir hissəsi xx.xx.2002-ci il tarixli, ÖM 128Ü97 saylı qeydiyyat vərəqəsi ilə X8 adına rəsmiləşdirilmiş, digər dövlət mənzil fonduna aid 1 otaqlı 10 m2 olan hissəsində isə Cavabdeh2 2003-cü ildən qeydiyyatda olmaqla yaşayır.

27. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd edilən iddia təmin edilmişdir.

28. Həmin qərardan cavabdeh və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-148/23 nömrəli, 10 may 2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır.

29. Qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin 2-1(102)- 47/24 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişidirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.1. Bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi (keçmiş 6-cı Xrebtovıy) 523-cü məhəllədə yerləşən 34 saylı ev dövlət fonduna aid olmuş, yaşayış sahəsi 20 kv.m olan mənzilə dair yaşamaq üçün ilkin olaraq X22 order verilmiş, onun ölümündən sonra mənzil kirayə müqaviləsi oğlu X3 adına, sonuncunun ölümündən sonra isə onun oğlu Cavabdeh2 adına keçirilmişdir. Daha sonra Cavabdeh2 mənzili özəlləşdirərək, bacısı Cavabdeh1 bağışlamışdır. Mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Öldüyü məqamadək X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak olmamışdır.

34. Göründüyü kimi, hazırkı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edən iddiaçı tələbini X3 vərəsəsi olması faktı ilə əsaslandırır, lakin mülki iş materiallarında olan sübutlarla həmin əmlakın X3 miras kütləsinə daxil olmadığı müəyyən edilir.

35. Bu baxımdan, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

36. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 148/23 nömrəli, 10 may 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2-348/2001 saylı qətnaməsinə əsasən ünvan 6 ünvanda yerləşən (hazırda iddiaçı həmin mənzilə münasibətdə bağışlama müqaviləsini mübahisələndirir) 2 otaqlı ümumi sahəsi 48,0 kv.m olan 20,0 kv.m və 10,0 kv.m iki yaşayış otağı, 4,0 kv.m mətbəx, 5,0 kv.m dəhliz, 4,0 kv.m hamam, 1,0 kv.m tualet və şüşəbənddən ibarət mənzil olaraq X13 (idiaçının anası), İddiaçı (hazırkı iddiaçı) və X9 (iddiaçının atası) arasında bölünmüş, bundan sonra X5 məxsus ünvan 7 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 20 kv.m. olan yaşayış evini X11 notariat qaydada satmış və daimi yaşamaq üçün qızı İddiaçı ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Bununla da iddiaçı məhkəmə qətnaməsi ilə hüququ olan mənzil (20 kv.m. hissə) anası tərəfindən notariat qaydada özgəninkiləşdirildiyindən onun mənzilə hüququ itirilmişdir.

37. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməməklə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlindiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə həmin normada təsbit olunmuş tələbin imperativliyini nəzərə alır. Nəticə:

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3351/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar