Məhkəmə qərarları › İş №2(103)-2300/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2300/2022

18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2300/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-8237/2021 saylı, 16.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 1.430,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, həmin evdə il ərzində bir neçə ay yaşayır. Cavabdeh İB-nin əməkdaşları onların xəbəri olmadan 19 yanvar 2021-ci il tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yenisini quraşdıraraq akt tərtib etmişlər. Yeni qaz sayğacı quraşdırılarkən iddiaçının köhnə qaz sayğacına borcu olmamışdır. Bir müddət qazdan istifadə etdikdən sonra iddiaçıya 1.430,50 manat borcunun olması bildirilmişdir. Səbəbini soruşduqda Cavabdeh İB-nin əməkdaşları iddiaçıya sayğacın yivli birləşməsinin korroziyaya uğradığı, bu səbəbdən də cərimə ödəməli olduğu bildirilmişdir. İddiaçı qaz sayğacına kartla ödənişlərini vaxtlı-vaxtında etmişdir və sayğaca heç bir müdaxilə etməmişdir.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-8237/2021 saylı, 16.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********05090 saylı abunə koduna hesablanmış 1.430,50 (min dörd yüz otuz manat əlli qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-8237/2021 saylı, 16.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 1-ci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildiririk ki, iş materiallarında yer alan abonent saldosunda qeyd edilən mənfiyə gedən təbii qazın hesabatları İddiaçının qanunazidd hərəkətləri nətəcəsində və qeyd edilmişdir. Bu əsasla da dəymiş ziyanın məbləği 1430.50 manat təşkil etmişdir. Lakin, 1- ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “CƏRİMƏ”borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Həmin maddəyə əsasən Məhkəməişin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mübahisələndirdiyimizqətnamənin “Qət etdi” hissəsinə nəzər yetirsək görərik ki, Cavabdehdən təbii qazdan istifadəyə görə 1430.50 manat borcun silinməsi qət edilmişdir. Qazpaylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Belə ki, İddiaçı iləCavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1096.1cimaddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi İddiaçının zərərvurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-yanəzər salsaq görərik ki, abonentin ödənişləri demək olar yoxdur. İddiaçı GASREPdən çıxarışından göründüyü kimi 2020-ci ilin fevral ayında sonuncu ödəniş olaraq 5 manat həyata keçirib, sonra qüsur aşkar olan vaxta kimi yəni 2021-ci ilin iyun ayına kimi heç bir ödəniş etmədən təbii qazdan 15 ay ərzində istifadə etmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən idiaçı şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 yanvar 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus mənzildə köhnə qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir.

11. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2021-ci ilə 1.430,50 manat borcu yaranmışdır. Hüquqi dəyərləndirmə:

12. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.430,50 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, cavabdeh təşkilat tərəfindən həmin aktlar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.

13. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

14. Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar qaz xətti vasitəsilə istifadə etməklə Cavabdeh İB-yə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlar tərəfindən qanuna müvafiq qaydada aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatları hazırlanmışdır. Məhkəmə cavabdehin şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, cavabdeh təşkilat şikayətində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini bildirsə də, bununla bağlı tərtib edilmiş aktları məhkəməyə təqdim etməmişdir.

15. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir.

16. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

19. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanun vericiliyin tələblərinə uyğun olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-8237/2021 saylı, 16.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar