Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2310/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, miras əmlakın qəbul edilmə müddətinin uzadılması, miras əmlaka, yəni Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı evə dair 9 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onun tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı ev Xədicə Rüstəmovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onun iki övladı olmuş, oğlu Tofiq Rüstəmov, Roza Məmmədova ilə 1956-cı il tarixdə ailə qurmuş, onların birgə nikahlarında 4 övladları olmuşdur (Gülnarə, İradə, Cəmil və iddiaçı). Nənələri Xədicə, ataları, anaları və onlar (iddiaçı və cavabdehlər) mübahisəli evdə yaşamışlar. X4 1968-ci ildə vəfat etmiş, onlar nənələri və anaları ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Miras qoyan nənələri Xədicə Rüstəmova xx.xx.1975-ci ildə vəfat etmiş, onun vəfatından sonra miras əmlakı faktiki olaraq anaları Roza Məmmədova qəbul etmiş və idarə etmişdir. Roza Məmmədova xx.xx.2016-cı il tarixdə vəfat etmiş, həmin vaxt iddiaçı və həyat yoldaşı ona baxmış, qulluğunda durmuş, dəfn mərasimləri miras evdə onun tərəfindən keçirilmiş və Gəncə şəhərində dəfn edilmişdir. Analarının vəfatından sonra miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmiş, onu idarə etmiş, kommunal xərclər onun tərəfindən ödənilmişdir. Cavabdehlər isə, Bakı şəhərində öz evlərində yaşamış, miras əmlakla bağlı notariat orqanına müraciət etməmişlər. 2019-cu il tarixdə iddiaçıya məlum olmuşdur ki, bacısı Gülnarə 9 saylı Notariat Kontoruna müraciət edərək, onun və Xədicə Rüstəmovanın nəvələrinin xəbəri olmadan miras əmlaka qanuni vərəsə kimi özünə, bacısı İradəyə və qardaşı Cəmilə miras payı açdırmış, onların da payını özünə bağışladaraq, miras əmlakın çox hissəsini ələ keçirmişdir. Bunda məqsəd iddiaçını cüzi payla evdən çıxarmaq olmuşdur. Məhkəmə, qətnaməsində qeyd etmişdir ki, miras əmlakın mülkiyyətçisi Xədicə Rüstəmova xx.xx.1975-ci il tarixdə vəfat etdiyindən və mirasın açıldığı vaxt da eyni olduğundan mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə 1109.1964-cü il tarixdə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddaəları tətbiq edilməlidir. Halbuki, miras qoyan Xədicə Rüstəmova xx.xx.1975-ci il tarixdə vəfat etsə və miras həmin tarixdə açılsa da, cavabdehlər mirası qəbul etməmiş, mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişlər. Miras faktiki olaraq anaları Roza Məmmədova tərəfindən qəbul edilmiş və onun tərəfindən idarə edilmişdir. Roza Məmmədova xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra isə miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmişdir. Bu səbəbdədən də, miras 2016-cı il tarixdən açılmalı və yeni qanunvericilik tətbiq edilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Roza Məmmədovanın əri, eyni zamanda X1 Rüstəmov miras qoyandan əvvəl, yəni xx.xx.1968-ci il tarixdə öldüyü üçün, Roza Məmmdova miras əmlak olan evdə yaşasa belə, miras qoyanın vərəsəsi olmamışdır. Vərəsələr iddiaçı və cavbdehlər olmuşdur. Bir daha qeyd edir ki, Roza Məmmədova notariat kontoruna miras əmlakı qəbul etməsi və onu idarə etməsi ilə bağlı müraciət etməsə də, əslində xx.xx.1975-ci il tarixdə vəfat etmiş Xədicə Rüstəmovadan miras qalmış evi faktiki olaraq qəbul etmiş ona sahiblik və idarə etmişdir. Bunu, iddiaçı da, cavabdehlər də bildirmişlər. Bu səbəbdən də, yalnız anaları öldükdən 1 il sonra cavabdehlər gizlincə Bakı şəhərində 9 saylı Notariat Kontoruna miras əmlaka pay əldə etmək üçün müraciət etmişlər. İddiaçının bundan xəbəri olmamışdır. Miras əmlak Gəncədə yerləşdiyi halda, Bakı şəhəri 9 saylı Notariat Kontorunda miras açılmış, vərəsəlik payları müəyyən edilmiş, daha sonra isə İradə və Cəmil öz paylarını Gülnarəyə bağışlamış və Gülnarə ən çox pay əldə etdiyi üçün iddiaçının çıxarılacağını bildirmişdir. Hesab edir ki, miras Gəncə şəhəri Nizami rayonunda açılmalı idi. Daha sonra məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, miras qoyanın ölümündən sonra, yəni xx.xx.1975-ci ildən başlayaraq, iddiaçı hal-hazıradək, cavabdehlər- İradə 1980-ci ilədək, Cəmil 1986-cı ilədək, Gülnarə isə 1992-ci ilədək miras əmlakda yaşamaqla idarə etməklə və sahiblik etməklə onu qəbul etmişlər. Halbuki, miras qoyan xx.xx.1975-ci ildə vəfat edərkən Cəmilin 14, Gülnarənin 17 yaşı olmuş, İradənin isə 18 yaşı tamam olmamışdır. Bu şəxslər mirası qəbul edib, ona sahiblik etmək və idarə etmək iqtidarında olmamışlar. Miras əmlakı anaları Roza Məmmədova qəbul etmiş və idarə etmişdir. O, vəfat edərkən isə cavabdehlər miras evdə qeydiyyatda olmamış və yaşamamışlar. Məhkəmə, həm də, miras qoyanın sonuncu daimi yaşayış yeri Bakı şəhəri olduğundan cavabdehlərin miras qoyanın sonuncu yaşayış yeri üzrə Bakı şəhərində yerləşən 9 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almağa haqlı olduqlarını bildirmiş, bununla da, işə qeyriobyektiv yanaşmışdır. Belə ki, miras qoynanın daimi yaşayış yeri də, mirasın yerləşdiyi yer də Gəncə şəhəridir və miras qoyan Gəncə şəhərində dəfn edilmişdir. Məhkmə, miras qoyanın Bakı şəhərində yaşadığını qeyd etsə də, onun konkret hansı rayon ərazisində yaşamasını göstərməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3, apellyasiya şikayətinə etiraz edərək, həmçinin, bildirmişlər ki, iddiaçı vərəsəlik işindən xəbərsiz olduğuna istinad etsə də, notariat işindən görünür ki, o, da cavabdehlərlə birlikdə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 9 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmiş və vərəsə kimi miras əmlaka ¼ hissədə payı hüququ tanınmışdır. Göründüyü kimi, iddiaçının heç bir hüququ pozulmamış, ona çatacaq payı almışdır. Odur ki, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı ümumi sahəsi 103 kv.m. olan fərdi yaşayış evi və 0,016 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə Xədicə Rüstəmovanın adına dövlət qeydiyyatına alınmışdır. Xədicə Rüstəmova xx.xx.1975-ci il tarixdə ölmüşdür. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras qoyanın nəvələri, yəni onun oğlu Tofiq Rüstəmovun övladlarıdır. Tofiq Rüstəmov miras qoyandan öncə, xx.xx.1968-ci il tarixdə ölmüşdür. Miras qoyanın ölümündən sonra mübahisəli fərdi yaşayış evində iddiaçı, cavabdehlər və onların anası- Roza Məmmədova (Rüstəmova) yaşamışdır. Roza Məmmədova (Rüstəmova) xx.xx.2016-cı il tarixdə ölmüşdür. Sözügedən evdə iddiaçı doğulduğu vaxtdan hal-hazıradək yaşayır, cavabdehlər Cavabdeh1 1992-ci ilədək, Cavabdeh2 1980-ci ilədək, Cavabdeh3 isə1986-cı ilədək yaşamışdır. İddiaçı və cavabdehlər xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx.xx.2017-ci il tarixdə 9 saylı Notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamə ilə miras qoyanın vərəsələri iddiaçı və cavabdehlər olmaqla, hər birinin miras əmlakda payı ¼ hissədə müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli miras payın bağışlanması barədə müqaviləyə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus miras paylarını digər Cavabdeh1 bağışlamışlar. Bundan sonra miras əmlak xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə ¾ hissədə Cavabdeh1 və xx.xx.2018-ci il tarixdə ¼ hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd edilənlər, iddia ərizəsi, tərəflərin izahatları, Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 2V/41 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə notariat işinin təsdiq edilmiş surətləri, Seriya RX, ******* nömrəli, Seriya RX, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xx.xx.2017-ci il tarixli miras payın bağışlanması müqaviləsi, DƏDRX-nin xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, nənəsi Xədicə Rüstəmova öldükdən sonra miras əmlakı vərəsə kimi onun gəlini, yəni tərəflərin anaları Roza Məmmədovanın idarə etdiyini, onun ölümündən (xx.xx.2016-cı il) sonra isə mirası yalnız özünün qəbul etdiyini, cavabdehlərin mirasın faktiki qəbul edilməsinə yönəlmiş hərəkətlər etmədiyini, eləcə də qanunla müəyyən olunmuş müddət keçdikdən sonra notariat orqanına mirası qəbul etmək barədə ərizə verdiklərini, eyni zamanda, miras əmlakın Gəncə şəhərində olmasına, həmçinin, miras qoyanın Gəncə şəhərində yaşamasına baxmayaraq, vərəsəlik işinin Bakı şəhərində açıldığını bildirərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanusuz olduğundan şəhadətnamənin etibarsız hesab edilməsini, miras payın bağışlanması müqaviləsinin, onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlili ilə bağlı ilk növbədə bildirir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə tərəflər arasındakı mübahisəli hüquq münasibəti miras qoyanın öldüyü xx.xx.1975-ci il tarixdə yarandığı üçün iddiaya xx.xx.1964-cü ildə qəbul edilmiş və xx.xx.1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin: 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Göründüyü kimi, miras qoyanın qanun üzrə birinci növbə vərəsələri yalnız uşaqları, əri (arvadı) və valideynləri hesab olunurlar. Nəvə və nəticələr isə miras açılan vaxt vərəsə olan valideynləri öldükdə qanun üzrə vərəsə ola bilirlər. Baxılan işdə tərəflərin anası Roza Məmmədova miras qoyanın Xədicə Rüstəmovanın gəlini olmaqla qanun üzrə, eyni zamanda, vəsiyyət üzrə vərəsəsi olmamışdır. Vərəsəlik açılan vaxt (xx.xx.1975-ci il) miras qoyanın vərəsəsi ola biləcək oğlu Tofiq Rüstəmov isə öldüyü üçün onun övladları olan iddiaçı və cavabdehlər miras qoyanın birinci növbəli vərəsələri kimi miras əmlakdan pay almaq hüququna malik olmuşlar. Kollegiya, bu məqamda vurğulayır ki, miras qoyan Xədicə Rüstəmovanın digər övladı Zərəngiz Rüstəmova xx.xx.1992-ci ildə ölmüş, onun övladları olan Şəhla Feyzullayeva xx.xx.2020-ci il tarixli, Leyla Feyzullayeva isə xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrində nənələri Xədicə Rüstəmovanın miras əmlakından onlara çatası payları faktiki qəbul etmədiklərini, etmək niyətində olmadıqlarını və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Məhkəmə kollegiyası, mirasın açıldığı vaxt iddiaçı ilə bərabər cavabdehlərin də vərəsə olmaq hüququna malik olduqlarını müəyyən etdikdən sonra, onların mirası qəbul edibetməmələrini aşadırır. MM-in 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Həmçinin, diqqətə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Baxılan işdə xx.xx.1975-ci il tarixdə vəfat etmiş miras qoyan Xədicə Rüstəmovanın vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 olmuş və onlar miras əmlakı faktiki qəbul etmişlər. Belə ki, miras qoyanın ölümündən sonra miras əmlak olan fərdi yaşayış evində İddiaçı doğulduğu vaxtdan hal-hazıradək yaşayır, cavabdehlər Cavabdeh1 1992-ci ilədək, Cavabdeh2 1980-ci ilədək, Cavabdeh3 isə 1986-cı ilədək yaşamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Cavabdehlərin yaşadıqdan bir neçə il sonra sözügedən evdən köçərək Bakı şəhərində yaşamaları isə (miras əmlakdan kənarda qalmaları) onların həmin əmlaka olan hüquqlarının kəsilməsinə səbəb ola bilməz. Kollegiya, iddianın və apellyasiya şikayətinin mirasın açıldığı yerlə bağlı dəlilinə münasibətdə bildirir ki, MM-in 529-cu və 561-ci maddələrinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Göründüyü kimi, qanunverici vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciətlə bağlı növbəlilik müəyyən etmişdir. Belə ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsə ilk növbədə miras qoyanın sonuncu daimi yaşayış yeri üzrə, bu mümkün olmadıqda isə miras əmlakın yerləşdiyi yer üzrə notariat kontoruna müraciət etməlidir. İşdə olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, miras qoyan Xədicə Rüstəmovanın sonuncu daimi yaşayış yeri Bakı şəhəri, Dostayevski küçəsi, ev 11 olmuşdur. Bu halda, cavabdehlər miras qoyanın sonuncu yaşayış yeri üzrə Bakı şəhərində yerləşən notariat kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almaqda haqlı olmuşlar. Başqa sözlə, şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, Kollegiya yuxarıda göstərilənləri birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbini və bu hissənin həllindən asılı olan digər tələbləri rədd etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6923/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2310/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2310/2020
19.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver