Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2314/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1859/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx xxxxxx 2010-cu il təvəllüdlü Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqlarına 18.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1859/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları R.Rəhimov və L.Rəhimova ilə birlikdə 18000 manat məbləğində kompensasiya verməklə Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 18000 manat məbləğində kompensasiya verilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı ona və azyaşlı uşaqlarına qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə mənzildə yaşayış huququnun tanınması və mənzilə köçürülməyi barədə Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)- 2172/2016 saylı qətnaməsi ilə onun və uşaqlarının mübahisəli mənzilə Maxsud Əlizadə küçəsi, 32 saylı evə köçürüldülər və istifadə hüquqları tanındı, övladları ilə mübahisəli mənzildə yaşamağa başladı. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı ıl tarixli 2(103)- 6295/2016 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanıldı. Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-cı ıl tarixli 2(102)-950/17 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı ıl tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanıldı. İddiaçı ilə yaşadığı ünvan plana düşdüyündən “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yaşadığı evin sökülməsi, yerində onlara yeni tikilmiş binadan 4 otaqlı mənzil verilməsi müəyyən edilmişdir yaşadığı mənzil əvvəl 3 otaqdan ibarət olmuşdur. Onun övladları ilə birgə sökülən evdə yaşamağı nəzərə alınaraq, onlara hər biri 2 otaq olmaqla 2 mənzil verilmişdir. Eyni zamanda müqavilədə evin tikilib başa çatmasına qədər kirayədə yaşamaq uçun ona ayda 300 manat, iddiaçıya isə ayda 500 manat kirayə haqqı verilməsi müəyyən edilmişdir. 2020-cı ilin mart ayında ev tikilib başa çatdı və onlara hər biri 2 otaq olmaqla 2 mənzil verildi. Eyni zamanda mənzillərin təmiri üçün əlavə olaraq 8978 manat iddiaçıya pul verildi. Pulu şirkətdən İddiaçı götürdü kı, mənzilləri təmir etsin və onlar evlərinə köçsünlər. Həmin gündən də onlara verilən kirayə haqqı kəsildi, iddiaçı mənzillərin qapısını bağlayıb onu evə buraxmadı və o, müvəqqəti kirayədə yaşadığı evin kirayə haqqını verə bilmədiyi üçün məcburiyyət qarşısında qalıb valıdeylərinin yanına köçdü. Pasport qeydiyyatında olduğu mənzil dövlətin mülkiyyətində olduğundan uşaqları ilə həmin mənzilə eyni hüquqa malikdir. Odur ki, iddiaçı İddiaçı ona kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə tələbi əsassız olmuşdur. Göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətində olmadığı halda onun tərəfindən ona cüzi miqdarda kompensasiya verilməklə onun həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuz olmuşdur Qeyd olunan hüquq normasında birbaşa göstərilmişdir ki, kompensasiya verməsi yolu ilə xitam verilməsi hüququ yalnız mülkiyyətçiyə məxsusdur. Tərəfindən məhkəmə təqdim olunmuş 2 saylı forma arayışla da müəyyən edilir ki, qeydiyyatda olduğu mənzil Yerli Sovetlərə məxsus olmuşdur. Lakın məhkəmə tərəfindən qeyd olunan subuta qiymət verilməmiş, iddiaçı qərarda mülkiyyətçi kımı qiymətləndirilmişdir. Məhkəmə araşdması birtərəfli və məqsədli şəkildə aparıldığından qətnamədə göstərilmişdir ki, İddiaçı mənzilin mülkiyyətçisidir. Halbuki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmamış, mülki qanunvericilikdə və Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi iddiaçının adına rəsmi reyestrdə qeydə alınmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən maddı hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, yuxarıda adı çəkilən hüquq normalarının tələblərinə zidd olan qərar qəbul edilmişdir. Bundan başqa, İddiaçı məhkəmə iclasına gəlsə də hər hansı izahat vermədi, onun adından səlahiyyəti olmadığı halda (etibarnaməsi olmadığı bır halda) vəkili çıxış etmişdir ki, qeyd edilən hal prosessual hüquq normalarının pozulması kımı qiymətləndirilməlidir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X2 da şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz bildirdi ki, o, nəvələrinə görə qətnamədə yazılan kompensasiyanı ödəyə bilər. Artıq məbləğ ödəyə bilməz, imkanı yoxdur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil da apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ev artıq mövcud deyil. Cavabdehin mövcud hüquqlarına xitam verilməsini xahiş edirlər. Mübahisəli evin satış qiyməti 50-60.000 manat olmuşdur. İddiaçının digər oğlunun həyətdə tikdiyi tikili olduğu üçün 2-ci mənzil verilib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-950/2017 nömrəli,xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh, onun xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu Rəhimov Raul Söhrab oğlunun və xx xxx 2013-cü il təvəllüdlü Rəhimova Lətifə Söhrab qızının Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüququ tanındığından, həmin qərar qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehə mübahisəli mənzilə istifadə hüququnun olması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-950/2017 nömrəli,xx xxxxxx 2017-ci il tarixli qərarı ilə mübahisəli mənzilə istifadə hüququnun tanınması nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehin kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. İddiaçı İddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün əvvəlcə 15000, daha sonra 18000 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 4-5 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. (18000 manat/48 ay= 375 manat ). Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında orta aylıq kirayə haqqının bazar dəyərinin təxminən 400 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Eyni zamanda cavabdehdən başqa mübahisəli mənzil üzrə daha 3 (üç) nəfər də yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 18000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Mübahisəli mənzil İddiaçı mülkiyyətində olduğundan, Cavabdeh həmin mənzilə istifadə hüququ olduğundan onun həmin ərazidə bir otaqlı mənzil tələb etməsi, iddiaçının real imkanları ilə uzlaşmır. Buna görə də qətnamənin real icrasını təmin etmək məqsədi ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququna görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçının bildirdiyi 18000 manat həcmində müəyyən edilməli və cavabdehin mübahisəli mənzildən istifadə hüququna görə 18000 manat ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, kompensasiya ödənilməsi təklif olunan Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsindəki 32 nömrəli ev iddia irəli sürülərkən və qətnamə çıxarılan vaxt artıq mövcud olmamış və tikinti şirkəti tərəfindən xeyli əvvəl sökülmüşdür. Mövcud olmayan evə görə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi isə əslində iddiaçının sökülmüş evdən cavabdehin qeyd olunan məbləğdə kompensasiya alması nəticəsində həmin evə dair hər hansı bir hüququnun olmamasının təsdiq olunmasına nail olmaq və mübahisəli evin sökülməsinə görə tikinti şirkəti tərəfindən verilmiş iki ayrı yeni mənzillərdə cavabdehin istifadə hüququnu və ya pul kompensasiyası almaq imkanlarını itirmək olmuşdur. Düzdür, ilk baxışda anlaşılan ola bilər ki, istər sökülmüş, istərsə də onun əvəzində verilmiş yeni mənzillər olsun, cavabdehə onsuzda artıq məhkəmə aktına əsasən tanınmış istifadə hüququna görə kompensasiya verilir. Bu cür iddiaya görə istifadə hüququnun hansı mənzildə olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu hüquqa xitam verilsin. Çünki, cavabdehin bu hüququna kompensasiya verilməklə xitam verilməsi artıq onun yeni mənzilə də hansısa hüququnun yaranmayacağına səbəb olacaqdır. Lakin hər bir halda təklif edilən kompensasiyanın məbləği də cavabdehin mövcud olan istifadə hüququnun xitam verilməsinə adekvat olmalıdır. İkincisi, kompensasiya ödənilməsi təklif olunan Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsindəki 32 nömrəli sökülmüş ev iddiaçının mülkiyyətində olmamışdır. Bu ev dövlət mülkiyyətində olmuş və iddiaçının mərhum əri həmin evin kirayəçisi olmuşdur. Cavabdehin də qeyd olunan evə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanındığından, demək həmin evdə yaşayanlarla, o cümlədən iddiaçı ilə bərabər evlə bağlı eyni hüquqlara malik olmuşdur. Ona görə də artıq mövcud olmayan evdən istifadə hüququ olmuş bir şəxsin istifadə hüququ olan digər şəxsə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb etməsi də əsaslı ola bilməzdi. Birinci instansiya məhkəməsi də cavabdehə münasibətdə iddiaçını mülkiyyətçi kimi qiymətləndirməsi anlaşılan olmamışdır. Üçüncüsü, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir qənaəti real və inandırıcı deyildir. Çünki, qeyd olunan məbləğ göstərilən meyarlar çərçivəsində cavabdehin iddiaçının hesabına yaşaması üçün kifayət edən məbləğ deyildir. Bu məbləğin kifayətedici olması meyarı, yalnız fiziki şəxs olaraq cavabdehə münasibətdə deyil, bütövlükdə onun himayəsində iki azyaşlı uşağının olmasına, bundan sonra təkbaşına mənzil əldə etmək imkanının inandırıcı görünməməsi və sair bu kimi hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə, bu halları nəzərə almamışdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1859/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-1859/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2314/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2314/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver