Məhkəmə qərarları › İş №2(103)-2314/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2314/2023

13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2314/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1342/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 0423/22/İBİ saylı Qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1342/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah edilmişdir. İddiaçı şikayət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1342/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində hazırki iddia tələbi üzrə Bakı İnzibati Məhkıəməsinə müraciət etsə də, aidiyyat qaydasının pozulduğuna görə imtina edildiyini bildirmiş və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Lakin cavabdehlər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən qənaətini bununla əsaslandırmışdır ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Qeyd edilən qərardada əsasən, icra icraatı çərçivəsində notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. İddiaçı iddia tələbində icra məmuru tərəfindən təyin edilmiş qiymətləndirmə rəyində əmlakına dair verilmiş qiymətlə razı deyil. Hazırkı mülki iş üzrə iddiaçı isə qanunun normalarının tətbiqi təcrübəsinə ilə bağlı bu Qərardadda müəyyən edilmiş hüquqi mövqeyə zidd olaraq, əmlakın qiymətləndirilməsi ilə bağlı iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndirici müəssisəyə qarşı irəli sürmüşdür. Halbuki, bu tələbə qeyd edilən iddia əsasında və qiymətləndirməni həyata keçirmiş müəssisəyə münasibətdə baxıla bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə hərrac keçirilmədiyindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Əvvəla, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsi öz qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququnu izah etmişdir. Lakin İddiaçı bu göstərişlərə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Çünki, bu cür tələbə iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünü birinci instansiya məhkəməsi kifayət qədər aydın və anlaşılan şəkildə öz qərardadında göstərmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1342/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1342/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar