Məhkəmə qərarları › İş №2(103)-2319/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2319/2023

05.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2319/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2023 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent küçə xəttinin ona məxsus daş hasarın üstündən keçən hissəsindən həyətə tərəf istiqamətdə sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyriqanuni istifadə edir.

2. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2021-ci ildə 942,68 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********10000) əsassız olaraq hesablanmış 942,68 manat borcun silinməsinə silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. 2022-ci ilin yanvar ayında smart kartımın bloka salındığını görmüş. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirdilər ki, guya təbii qazdan qanunsuz, yəni sayğacdan kənar istifadə etdiyi üçün barəsində xx.xx.2021-ci il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək ona 942.68 manat məbləğincə cərimə hesablanıb və həmin borc tərəfindən ödənilmədiyi üçün smart kartı bloka salınmışdır. Bütün bunların absurt və həqiqətə uyğun olmadığını bildirmiş. Bu səbəbdən cavabdeh təşkilat dediklərini araşdırdıqdan sonra həqiqətəndə təbii qazdan qanunsuz istifadə etmədiyini və aktı səhv yazdıqlarını etiraf etdilər. Bu səbəbdən smart kart blokdan açıldı və ona söz verdilər ki, hesablanmış cərimə hesabımdan silinəcəkdir. Xeyli müddət keçdikdən sonra yəni 2022-ci ilin noyabr ayında smart karta ödəniş etdikdə pul tutulmasının aparıldığını görmüş. Təkrar cavabdeh təşkilata müraciət etdikdə borcun silinmədiyini və bu azmış kimi həmin borcun ödənilməsi üçün smart karta etdiyi ödənişlərdən pul tutulmaları aparılmağa başlanmışdır. Daha öncə ona borcun silinəcəyi barədə verdikləri sözü xatırlatdıqda ona bildirildi ki, silinmə ilə bağlı heç bir köməklik göstərə bilməyəcəyik və yalnız məhkəmə qaydasında bu borcu mübahisələndirə bilər. Bu səbəbdən məhkəməyə müraciət edir. Məhkəmənin nəzərini ilk öncə abonent saldosuna çəkmək istəyir. Belə ki abonent saldosuna baxdıqda, aydın görmək olar ki, o heç vaxt təbii qazdan qanunsuz istifadə etməmişəm və istifadə edəcəyi qazın dəyərini daim öncədən ödəmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, cavabdeh təşkilat özü də yazılmış 942,68 manat borcu əsassız hesab etdiyindən smart kartını blokdan açmışdır. Həmin saldoya nəzər yetirsək "Blok comment" bölümünün qarşısında - YÜKLƏMƏ” qeyd edilmişdir. Bu da borcun real sərfiyyatdan artıq yükləndiyi anlamına gəlir. Saxta cərimə aktı nə zaman və kim tərəfindən tərtib olunmasından onun xəbəri olmayıb. Halbu ki, bu cür cərimə aktı tərtib olunan zaman onun iştirakı mütləq təmin edilməli idi. Aktın saxtalığını asanlıqla görmək olar evində mövcud olmayan cihazları əsas götürərək cəriməni süni şəkildə şişirdirilməsinə nail olmaq istəmişlər. Bu da cavabdehin əməllərinin qanunsuz olması qənaətinə gəlmək əsası verir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2023 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməsi, ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10000 olan) hesablanmış 942,68 (doqquz yüz qırx iki manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.6, 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin 8-ci hissəsinə, 13-cü maddəsinin 9- cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələn qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın

12. 6.5-ci bəndi. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

13. 6.7-ci bəndi qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun

14. 13-cü maddəsinin 8-ci hissəsi. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. 13-cü maddəsinin 9-cu bəndi. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2023 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və tələbnamələr təsdiq edilmişdir. Həmin aktlarda iddiaçının sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Həmin aktlara əsasən cavabdehə ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10000 olan) hesablanmış 942,68 (doqquz yüz qırx iki manat altmış səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır. Məhkəmə tərəfindən yerli baxış təyin edilmiş və ünvan 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

26. Göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu hal öz təsdiqini tapmamışdır.

27. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir.

28. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.

29. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.

30. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

31. Göründüyü kimi, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin istinad etdiyi aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

32. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış ümumilikdə 942,68 manat məbləğində borc silinməlidir.

33. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-546/2023 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar