Məhkəmə qərarları › İş №2(103)-2319/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2319/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2319/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1525/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə əldə edilmiş məişət avadanlığının qiymətinin ödənilməmiş hissəsi kimi 500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, tələb olunan 500 manat, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia müddəti tətbiq edilərək iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən olunur ki, cavabdeh iddiaçıdan qiyməti 1.529 manat olan məişət avadanlığı alıb. Tərəflərin arasında sadə yazılı formada bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə görə, 329 manat ilkin ödəniş kimi ödənilib, qalan 1.200 manat 15 ay ərzində hər ay 80 manat olmaqla hissə-hissə ödənilməlidir. İddiaçı iddia edir ki, ödənilməmiş qalan məbləğ 500 manatdır. Cavabdeh apellyasiya şikayətində etiraf edib ki, 500 manat borcu qalıb, lakin həmin borcun tələb edilməsi üçün iddia müddəti keçib. Birinci intansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə icraatı barədə məlumatlandırılıb (iş v. 43, xəbərnamə), lakin o, qətnamə qəbul edilənə qədər iddia müddətinin tətbiqi barədə ərizə verməyib. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, qətnamə qəbul edildikdən sonra verilən ərizə əsasında iddia müddəti tətbiq edilə bilməz. Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1525/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar