Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-232/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintinin sökülməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "özbaşına tikilmiş qanunsuz tikintinin sökülməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil2 iştirakları ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh oğluna qarşı «özbaşına tikilmiş qanunsuz tikintikinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32A saylı evin ətrafında Cavabdeh tərəfindən inşa edilmiş tikili qanunsuz tikili hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, göstərmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşmə yeri ilə bağlı hər hansı bir sxem məhkəməyə təqdim edilməmiş, bununla bağlı bir araşdırma aparılmamış, ekspertiza təyin olunsa da, müvafiq rəy alına bilməmiş, məhkəmə yalnız formal mülahizələrə əsaslanaraq cavabdehin və bələdiyyənin nümayəndəsinin izahatını əsas götürərək, həmin torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gəlmişdir, məhkəmə xüsusi bilik tələb edilən sahəyə özü münasibət bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi T.Xankişiyev və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, onun istinad etdiyi sənəd torpağa dair hər hansı hüquq müəyyən etmir, cavabdeh özünə məxsus sahədə tikinti işləri aparıb, bu hal ekspert rəyi ilə müəyyən edildiyindən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Qobustan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvan üzrə Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı yerli büdcəsinin vergi ödəyicisi qismində uçota alınmış və bu barədə xx.xx.2021-ci il tarixli 84 № li şəhadətnamə verilmişdir.
10. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamından görünür ki, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır.
11. 10/5185 nömrəli 11 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki,2(002)-2346/2021 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının aparılması və rəy verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssi rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə xx.xx.2021-ci il tarixli 10/5185 saylı vəsatət göndərilmişdir.Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, bina 32 A-nın ətrafında hər hansı tikili inşa edilib-edilmədiyi müəyyən edilsin. Əgər tikinti işləri aparılmışdırsa, həmin tikili şəhərsalma və tikinti qaydalarına uyğun olmuşdurmu?
2. Qeyd edilən sahədə cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçının mülkiyyətindən istifadə hüququna mane olub-olmaması müəyyən edilsin.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 10/8404 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, birinci sual üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32 A saylı binanın ətrafında (binadan 27,0 metr aralı məsafədə) uzunluğu 17,0 metr, eni 9,0 metr olan bir mərtəbəli fərdi yaşayış evi və uzunluğu 10,0 metr, eni 10,0 metr, hündürlüyü 7,0 metr olan iki mərtəbəli yarımçıq tikili inşa edildiyi müəyyən edilmişdir.
14. Qeyd olunur ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 600,0 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi və yaxud bir tipli layihə əsasında yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin sözügedən torpaq sahəsində inşa edilmiş tikililərə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2, 80.3, 80.4, 80.5 və 80.6-cı bəndlərində göstərilən sənədlər mülki iş materiallarına əlavə edilməmişdir. Həmin sənədlər olmadığı təqdirdə, tədqiq olunan tikililərin inşası ilə əlaqədar yuxarıda qeyd olunan bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilir.
15. İkinci sual üzrə, cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçının mülkiyyətindən istifadə hüququna mane olub-olmamasının müəyyən edilməsi, tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhz onun istifadəsində olan sahədə cavabdeh tərəfindən qanunsuz tikili tikilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əalvə məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilsə də, həmin ekspertizanın da keçirilməsi də təmin edilməmişdir. Bununla da məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sahədə tikili tikilməsi və bununla da iddiaçının əmlak hüquqların pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə həmin sahənin mülkiyyətçisi qismində çıxış edən Qobustan Bələdiyyəsinin nümayəndəsinin verdiyi izahatında iddiaçının istifadəsinə verilmiş sahədə cavabdeh tərəfindən hər hansı tikili tikilmədiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir.
38. Həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verən iddiaçının əsas dəlili hazırkı iş üzrə ekspert rəyinin verilmədiyi halda məhkəmənin formal mülahizələrə əsaslanaraq iddianı təmin etməməsi olmuşdur.
39. Həmin dəlillə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
40. Məhkəmə Ekspertizası Mərkəzinin 10/8404 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, birinci sual üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 32 A saylı binanın ətrafında (binadan 27,0 metr aralı məsafədə) uzunluğu 17,0 metr, eni 9,0 metr olan bir mərtəbəli fərdi yaşayış evi və uzunluğu 10,0 metr, eni 10,0 metr, hündürlüyü 7,0 metr olan iki mərtəbəli yarımçıq tikili inşa edildiyi müəyyən edilmişdir.
41. Qeyd olunur ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 600,0 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi və yaxud bir tipli layihə əsasında yaşayış evinin tikintisinə icazə verilmiş, lakin sözügedən torpaq sahəsində inşa edilmiş tikililərə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2, 80.3, 80.4, 80.5 və 80.6-cı bəndlərində göstərilən sənədlər mülki iş materiallarına əlavə edilməmişdir. Həmin sənədlər olmadığı təqdirdə, tədqiq olunan tikililərin inşası ilə əlaqədar yuxarıda qeyd olunan bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilir.
42. İkinci sual üzrə, cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçının mülkiyyətindən istifadə hüququna mane olub-olmamasının müəyyən edilməsi, tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı.
43. Məhkəmə kollegiyası ekspert rəyini mülki iş materailları ilə birlikdə tədqiq edərək qeyd edir ki, ekspert rəyindən cavabdeh tərəfindən inşa edilən tikililərin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600,0 kv.metr torpaq sahəsində tikilməsi müəyyən edildiyindən, qeyd edilən tikililərin nəticə etibarı ilə də iddiaçının hər hansı hüququnu pozmadığı müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası ekspert rəyinin sözügedən torpaq sahəsində inşa edilmiş tikililərə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2, 80.3, 80.4, 80.5 və 80.6-cı bəndlərində göstərilən sənədlərin mülki iş materiallarına əlavə edilməməsi, həmin sənədlər olmadığı təqdirdə, tədqiq olunan tikililərin inşası ilə əlaqədar yuxarıda qeyd olunan bəndlərin tələblərinə riayət olunmadığının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin halın hazırkı mübahisənin həlli baxımından hər hansı hüquqi əhəmiyyəti yoxdur. Çünki hazırkı mübahisə cavabdeh tərəfindən fərdi yaşayış evinin inşası məqsədi ilə onun ərinə ayrılmış torpaq sahəsində inşa edilmiş tikililərin tikinti norma və qaydalarına uyğunluğu ilə bağlı olmayıb, həmin tikilinin inşa edildiyi torpaq sahəsinin kimə məxsus olması ilə bağlıdır. 46.Eyni zamanda, Məhkəmə kollegiyası onu da xüsusi olaraq qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Qaradağ rayonu, ünvan 3 ünvan üzrə Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı yerli büdcəsinin vergi ödəyicisi qismində uçota alınması və bu barədə ona verilmiş xx.xx.2021-ci il tarixli 84 № li şəhadətnamə adlanan sənəd torpaq sahəsinə dair hər hansı hüquq müəyyən etmir.
45. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aparılan məhkəmə araşdırmaları nəticəsində cavabdeh tərəfindən inşa edilən tikililərin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 640 №-li Sərəncamına əsasən, X1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600,0 kv.metr torpaq sahəsində tikildiyi müəyyən olunduğundan, eləcə də həmin torpaq sahəsinə dair iddiaçının hansısa hüququnun olması müəyyən olunmadığından, habelə cavabdehin özünə məxsus torpaq sahəsində apardığı tikinti işləri iddiaçının hər hansı hüquq və qanuni marağına toxunmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Nəticə:
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza xərcinin dəyəri iddiaçıdan tutulmalıdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov