Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2320/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 23 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, 104620 saylı akta görə iddiaçıya məxsus mənzildə baxış zamanı su sayğacından kənar d=20mmlik xətt aşkar olunmuş və kənar xətt ləğv olunmuşdur.
2. Abonent kodu **********000 olan iddiaçının abonent kartına əsasən abonentə xx.xx.2023-cü il tarixdə “əlavə sərfiyyat”a görə 420 manat məbləğində borc və 168 manat məbləğində cərimə yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən əsassız hesablanmış 585 manat borcun **********000: ******* saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona məxsus olan sayğaca baxış keçirilən zaman qanunsuz və əsassız olaraq 585 manat borc yazmışlar. Borc yazılarkən qanunun tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları onu dəvət etmədən, ona məlumat verilmədən qanunsuz olaraq hesablama apararaq öz istəylərinə uyğun formada süni borc yaradaraq yazmışlar. O dəfələrlə cavabdehə müraciət esə də, akt ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən hər hansı uygunsuzluq halları və sair hallar aşkar edildikdə abonent həmin halların rəsmiləşdirilməsində iştirak etməli və iştirak edilməsi barədə məlumatlanmalıdır. Lakin buna baxmayaraq Cavabdeh ASC-nin əməkdaşları qeyd abonentin iştirakını təmin etməyərək, ümumiyyətlə ona məlumat verilmədən qeyd edilən qanunsuz sənədləri rəsmiləşdirmişlər. O ödənişlərini vaxtı-vaxtında etmiş, birdən bu qədər borcun hesablanması qanunsuzdur.
5. Məhkəmənin sorğusuna cavab məktubunda ASC tərəfindən göstərilmişdir ki: “ ... istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarına əsasən aparılır. Bu Qaydaların 3.1.1 -ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2015-ci il tarixdə 32239079 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və su xətti üzərində quraşdırılmış SMART CSS-20 markalı, 44154 nömrəli smart kart tipli su sayğacının göstəricisinə əsasən hesabat aparılmışdır. ... Bağlar Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 104620 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən sudan qanunsuz istifadəyə görə 240 m3 sərfiyyat, eləcədə sayğacdan kənar xəttdən istifadə etməklə 1100 m3 (bostan, yaşıllıq və meyvə ağaclarından ibarət) ərazinin, torpaq sahəsinin suvarılması nəzərə alınmaqla 600 m3 əlavə sərfiyyat hesablanmışdır. Hazırda sayğac göstəricisi 1198 m3 olmaqla su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında 579,40 manat borc var. Qeyd edilən borc dəymiş ziyan nəzərə alınmaqla sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir”.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7904-9/8095 saylı ekspert rəyində göstərilmişdir ki, «Sudan istifadə qaydaları»nın 8.7 bəndinə əsasən, əhali qrupu üzrə illik su sərfiyyatı 240 m3 müəyyən edilir. İddiaçı məxsus ünvan 1 ünvanında (abonent kodu - **********000) yerləşən fərdi yaşayış evində sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ödənilməli olan məbləğ 168,00 (240 m3*0,70 manat) məbləğində müəyyən edilir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 yanvar 2024-cü il tarixli 2(001)-300/2024 nömrəli qətnaməsi ilə (Nigar Nəbizadə) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu: **********000) əsassız hesablanmış 420 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində ödənilməli olan dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aşkar edilmiş pozuntular barədə akt tərtib etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. xx.xx.2023cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən kənar xətt çəkilmişdir və bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə də öz əksini tapmışdır. İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni “Sudan istifadə qaydaları”, Mülki Prosessual Məcəllənin 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, həmin ünvanda yaşamır, tərəfindən qanunsuz olaraq hər hansı bir xətt çəkilməmişdir. 168 manatı ekspert müəyyən edir ki, 1 il müddətinə hesablamadır. Hər ay ASC-nin əməkdaşları sayğaca baxış keçirir. Bir il müddətində bu xətt olsa idi onu müəyyən edərdilər.
12. Cavabdeh apellyasiya şikayətində qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, tərtib edilmiş akta əsasən 168 manat dəymiş ziyan hesablanmışdır. Bundan əlavə sayğacdan kənar xətdən istifadə etməklə 1100 kv.m ərazinin, torpaq sahəsinin suvarılması nəzərə alınmaqla 600 m3 (420 manat) əlavə sərfiyyat hesablanmışdır.
b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz ünvanlayaraq, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, öz apellyasiya şikayətini təmin etməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
18. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
19. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur. Həmin Qaydaların 2.1.3-cü bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9.2-ci bəndinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göründüyü kimi iddiaçı tərəfindən sayğacdan kənar xəttdən istifadə edilmişdir.
30. Bunun nəticəsində abonentə xx.xx.2023-cü il tarixdə “əlavə sərfiyyat”a görə 420 manat məbləğində borc və 168 manat məbləğində cərimə yazılmışdır.
31. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində isə fərdi yaşayış evində sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ödənilməli olan məbləğ 168 manat müəyyən edilmişdir.
32. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni olaraq sudan istifadə etməsi faktları öz təsdiqini tapsa da, cavabdeh tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməməlidir.
33. Apellyasiya şikayətləri əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.