Məhkəmə qərarları › İş №2(103)-2321/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2321/2025

15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2321/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 cəlb edilməklə) hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər:əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, üçüncü şəxsin Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 cəlb edilməklə) hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(011)-791/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, informasiya oxunmur, plastmas qapağın ətrafında kənar izlər mövcüddür, əsas çap vərəqəsi quraşdırılıb.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub.

3. Cavabdeh İB-nin 28 fevral 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 11.448 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar istifadə olunub.

5. Cavabdeh İB-nin 31 mart 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3816 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

6. Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

7. İddiaçı məxsus **********00102 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin fevral ayı üzrə 1373,76 manat, 2022-ci ilin mart ayı üzrə 457,92 manat, 2022-ci ilin iyun ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1036,80 manat borcu mövcud olmuşdur. Cədvəlin “qeyr ödənişlər” bölməsindən müəyyən edilir ki, ondan borca görə 2022-ci ilin iyun ayında 68,10 manat məbləğində pul tutulmuşdur.

8. Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli, 29/1710-01884-1 saylı “Qaz sayğacının yoxlanılması” barədə aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğacın “LCD” ekranında informasiya oxunmur. Daxildə plastmas qapağın ətrafında kənar izlər mövcüddür, əsas çap vərəqəsi quraşdırılıb. Sayğac istismara yararsızdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında (abonent kodu: **********00102) yerləşən fərdi yaşayış evinə yazılmış 2425,08 manat borcun silinməsi və ödənilmiş puldan tutulmuş 645 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı (abonent kodu: **********00102) fərdi yaşayış evində yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə də ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Ona yazılmış borc qanunsuz və əsassızdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(011)- 791/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00102) İddiaçı 2022-ci ilin fevral ayı üçün hesablanmış 1.373,76 manat və 2022-ci ilin mart ayı üçün hesablanmış 457,92 manat olmaqla, cəmi həmin dövr üçün hesablanmış 1831,68 manat borc məbləğinin 833,28 manat hissəsi silinməsi, həmin dövrə aid borcun silinməsi barədə iddia tələblərinin qalan hissədə rədd, 2022-ci ilin iyun ayı üçün hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, birincisi, abonentin qaz xəttinə kənar xətt vasitəsilə qoşulma halları ilə bağlı iddia tələblərinə münasibətdə (xx.xx.2022-ci il tarixli akt əsasında 1.373,76 manat; xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 457,92 manat) məhkəmə qeyd edir ki, iddiaçının kənar xətdə qoşulması işin mübahisəsiz halıdır. Yuxarıda sadalanmış aydalara əsasən cavabdeh təşkilat tərəfindən 3 ayda 1 dəfə sayğac üzrə yoxlamanın aparılması nəzərdə tutulduğundan, iddiaçının barəsində isə kənar xətti ilə bağlı aktlar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib olunduğundan, 3 aylıq yoxlama müddəti nəzərə alınmaqla, 2021-ci ilin dekabr ayı, 2022-ci ilin yanvar ayı, 2022-ci ilin fevral ayı və 2022-ci ilin mart ayı üzrə - cəmi 4 ay müddətinə hesablama aparılmalıdır. İddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və kombi sistemi aiddır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və kombi sistemi üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 120 gün (4 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.472 m3 təşkil edir. (12x120x1,2=1.728 m3 , 12x120x2,6=3.744 m3 ). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 998,40 manat təşkil edir (1.200 m3 istifadə limiti nəzərə alınmaqla, həmin sərfiyyat üçün ödəniş 144 manat (1 m3 x 0.12 manat); qalan 4.272 m3 sərfiyyat üçün 1 m3 sərfiyyat 0,20 manat hesabı ilə 854,4 manat təşkil edir, 144 + 854,4 = 998,4 manat). Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 2022-ci ilin fevral ayı üçün 1.373,76 manat, 2022-ci ilin mart ayı üçün 457,92 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri nəzərə alınmaqla, iddiaçıya 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan dövr üçün cəmi 998,4 manat borc hesablanmalıdır. Buna görə də iddiaçıya 2022-ci ilin fevral ayı üçün 1.373,76 manat, 2022-ci ilin mart ayı üçün 457,92 manat olmaqla, cəmi hesablanmış 1.831,68 manat borcdan 833,28 manat hissəsi silinməli, həmin dövrə aid iddia tələbləri qalan hissədə təmin edilməməlidir. İkincisi, abonentin sayğaca müdaxilə halı ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 1.036,80 manat hesablansa da, abonentin sayğaca müdaxiləsini təsdiq edən hallar sübuta yetirilməmişdir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1.036,80 manat məbləğində borc silinməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən hesablanmış borca görə cəmi 68,10 manat pulun 2022-ci ilin iyun ayında abonentdən tutulması iş materialları ilə təsdiq olunur. Həmin məbləğin iddiaçıya qaytarılması barədə iddia tələbi təmin edilərək, qalan hissədə iddia təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 13-cü maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.1, 4.2, 4.8, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir

15. Şikayətin dəlillərinə görə iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Üçüncü şəxsin Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi X4 cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirirərək təmin olunmamasını xahiş etmişdir.

18. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

25. Cavabdeh apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. Məhkəmə kollegiyası şikayətin Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut etməsi barədə dəlili ilə razılaşmır.

28. Belə ki, apellyasiya şikayəti ümumi sözlərlə əsaslandırılmış, qətnamə ilə iddianın qismən təmin olunması nəticəsinə gəlinərkən hansı maddi və prosessual normaların pozulmasına istinad etməmiş, hesablamaların düzgün aparılmaması barədə arqument əsaslandırılmamışdır. Buna görə də şikayətin dəlilləri üzrə araşdırma aparılması mümkün deyildir.

29. Məhkəmə kollegiyası onu qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

30. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(011)-791/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(011)-791/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar