Məhkəmə qərarları › İş №2(103)-2322/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2322/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2322/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı İbrahimov Fərman Teymur oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4886/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İbrahimov Fərman Teymur oğlu cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsasən 421,90 manat borc məbləği barədə xx.xx.2015-ci il tarixli aktın və borcun İbrahimov Fərman Teymur oğluna və ünvan 1 ünvanında yerləşən mənzilə aid olmadığını, ləğv edilməsini, İbrahimov Fərman Teymur oğluna “xxxx” ASC tərəfindən, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan, müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlərin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil, Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon MİH tərəfindən 214 nömrəli, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanılmaqla kirayə verilmişdir. İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin iddiaçı faktiki həmin mənzildə yaşaya bilmir. Çünki mənzilə elektrik sayğacı quraşdırılmayıb. O, bununla əlaqədar olaraq aidiyyəti üzrə müraciət etmiş, ona bildirilib ki, həmin mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuş abunəçinin, istehlak etdiyi enerjiyə görə 421,90 borcu var və bununla əlaqədar olaraq onlar onunla abunə müqaviləsi bağlamaqdan, ona müvafiq xidmətləri təqdim etməkdən imtina etdilər. Məhkəməyə təqdim edilmiş “Abunə haqqında arayış”dan görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıdan əvvəl yaşamış və “xxxx” ASC ilə həmin abonent arasında bağlanmış “**********9” nömrəli müqavilə üzrə abunə kodu 5065**********9 olan şəxs barəsində akt tərtib edilmişdir və ona 421,90 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının həmin borc ilə heç bir əlaqəsi yoxdur. Kirayəyə verən və kirayəyə götürən sonrakı subyektlər, əvvəlki kirayənişinin borcları üçün, enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli abunə müqaviləsinə əsasən, məsuliyyət daşımır. Bu məsuliyyəti məişət abonenti daşıyır. Qeyd edilən əsaslar onu bir daha göstərir ki, xx.xx.2015-ci il tarixli akt iddiaçının barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz. Borc məbləğinin ödənilməsi yükünü, öhdəliyini abunə kodu 5065**********9 olan şəxs daşıyır. “**********9” nömrəli müqavilə üzrə abunə kodu 5065**********9 olan məişət abonenti elektrik enerjisindən istifadədə pozuntuya yol verərək istehlak etdiyi enerjinin dəyərini ödəməmişdir və bu faktın yaratdığı məsuliyyəti istehlakçı daşıyır, “ünvan 1 ünvanında yerləşən mənzil” deyil, bu öhdəlik mənzilə bağlı olan yüklülük deyil, “**********9” nömrəli müqavilə tərəfləri abonent və enerjitəchizatı müəssisəsidir, mənzil deyil. Həmçinin “**********9” nömrəli müqavilə üzrə Abunə kodu 5065**********9 olan məişət abonentinin sağ və ya ölü olması barədə məlumatı cavabdeh özü müəyyən etməlidir. Buna görə iddiaçı məsuliyyət daşımır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4886/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 421,90 manat məbləğində borcun iddiaçı İbrahimov Fərman Teymur oğlunun abunə hesabından (abunə kodu 5065**********9) silinməsi, ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlərin yerinə yetirilməsi qət edilmişdir. Qətnamədən “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün araşdırmayaraq əsassız və qanunsuz qətnamə qəbul etməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh təşkilatın ünmayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Z.Bləyevaya məxsus ünvan 2 ünvanına 421,90 manat ETAİS-dən gələn borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 1 Sumqayıt Qarnizonu rəisinin xx.xx.2019-cu il tarixli, 124 nörməli qərarı ilə İbrahimov Fərman Teymur oğlunun Müdafiə Nazirliyində xidmət müddətinə sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 819 saylı, xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, H.Zeynalabdin rayon Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 12, mənzil 7 ünvanda yaşayan Şaparenko Pyotr Nikalayeviç xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin ünvanda xx xxxxxx 2020-ci il tarixdən İbrahimov Fərman Teymur oğlu, həyat yoldaşı İbrahimova Sara, qızı İbrahimova Lidiya yaşayır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Fərman İbrahimov xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında yaşayır. Sözügedən ünvana hesablanmış 421,90 manat borc həmin ünvanda əvvəl yaşayan abonentə məxsusdur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının cavabdehlə elektrik enerjisindən istifadə ilə bağlı müqaviləsi yoxdur. 421,90 manat məbləğində borc iddiaçıdan əvvəlki sahibə yazılmışdır; ona görə də kollegiya birinci isntansiya məhkəməsinin “ünvan 1 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutan müvafiq müqavilələr bağlanması, sayğacın quraşdırılması, elektrik enerjisindən istifadə imkanının tam təmin edilməsi barədə göstərişlərin yerinə yetirilməsi” barədə gəldiyi nəticəni əsaslı hesab edir. Bununla belə kollegiyanın qənaətinə görə, iddiaçının 421,90 manat borcun silinməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi sözügedən borc həmin üvanda yaşayan əvvəlki abonentə hesablanmış və bu barədə akt tərtib edilmişdir. Buna görə də kollegiya hesab edir ki birinci instansiya məhkəməsi borc məbləğini silməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4886/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 421,90 manat məbləğində borcun iddiaçı İbrahimov Fərman Teymur oğlunun abunə hesabından (abunə kodu 5065**********9) silinməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4886/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi “cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış 421,90 manat məbləğində borcun iddiaçı İbrahimov Fərman Teymur oğlunun abunə hesabından (abunə kodu 5065**********9) silinməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar