Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi, iddiaçıya hesablanmış 3.324 manat borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 sentyabr 2018-ci ildə Cavabdeh İB tərəfindən iddiaçının evində sayğac quraşdırılmışdır. Çıxarılmış sayğacın üzərində elektron və mexaniki göstərici olmuşdur. İddiaçının 510,7 manat dəyərində qaz sərfiyyatı olmuşdur. İddiaçıya verilən bildirişdə ilin əvvəlində 1923 kub metr qaz sərf etdiyi yazılmışdır və son ödənilən məbləğ 1.266,90 manat göstərilmişdir. Göstərilən qaz sərfinə ödənişə əsasən iddiaçının evində qaz sərfinə heç bir borcu olmamışdır. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçı X1 02.09.2021-ci il tarixli ərizəsinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən iddiaçı əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Əliheydər Nurməmmədov 06.01.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən tərtib edilmiş iddiaçıya aid aktların ləğv edilməsi, Cavabdeh İB tərəfindən qaz sərfinə görə hesablanmış 4.843 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 3.402 (üç min dörd yüz iki) manat cərimənin silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi aşağıdakı əsaslara görə iddianın təmin olunan hissəsində qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Göstərilən ünvanda mövcud olmuş qeyri-qanuni qoşulma halları və sayğaca müdaxilə halları dəfələrlə aşkar edilmiş, aktlar tərtib edilmişdir. Bununla bərabər aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Sayğacdan kənar qoşulma halı müəyyən edildikdən sonra cavabdeh qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmış, lakin bu hal, istehlakçının ünvanına yenidən qaz xəttinə qanunsuz qoşulmasını məhdudlaşdırmır və nəticədə iddiaçı bir neçə dəfə sayğacdan kənar qoşulmaqla qazdan qeyri-qanuni istifadə etmişdir. İş üzrə bütün sübutlar məcmu halda tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə saldolarda iddiaçının sərf etdiyi qaza görə az ödəniş etdiyi aydın şəkildə görünür. Bu isə iddiaçının təbii qazdan sayğacdankənar qeyri-qanuni yolla və sayğaca müdaxilə etməklə istifadə etdiyinə dair sübutdur. Təqdim edilmiş sayğacların saldoları sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən mexaniki və smart tipli sayğaclar üzrə saldolar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. məhkəmə iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, abonentin ödənişləri demək olar yoxdur. Mülki iş ekspertizaya göndərilsə də, ekspert qeyri-real rəy vermişdir. Belə ki, iş üzrə fotoşəkillərin həmin mənzilə aid olub olmaması təhlil edilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı və Cavabdeh İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh İB-nin nümayəndəsi Aygün Quliyeva apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Ona görə də, iddiaçıya təbii qazdan qeyri-qanuni istifadəyə görə yazılmış 3.402 manat borc silinməli, silinməsi tələb olunan digər məbləğ isə iddiaçının istifadə etdiyi qazın ödənilməyən hissəsi olduğundan və bu hissəni iddiaçı ödəməli olduğundan 1.441 manat hissəsi silinə bilməz və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İB-nin nümayəndəsi Aygün Quliyeva qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 30 oktyabr 2019-cu il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30 oktyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 36) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 30 oktyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00000, ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsi 269) ******* saylı, 30 oktyabr 2019-cu il tarixli akta əsasən, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün (1.2 x 6 x 90=648 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün (1.5 x 8 x 90=1080 m3), Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün (0.8 x 18 x 90=1299 m3) qəbul edilməklə cəmi 3024 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 38) İş materiallarında olan, 29 yanvar 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 29 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. (İ.vər. 39) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 29 yanvar 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00000, ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsi 269) ******* saylı, 29 yanvar 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.2 x 24 x 90=2592 m3), QSSQnin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.5 x 24 x 90=3240 m3), Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.4 x 24 x 90=3024 m3) qəbul edilməklə cəmi 8856 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 42) İş materiallarında olan, 26 fevral 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 26 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. (İ.vər. 43) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 26 fevral 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00000, ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsi 269) ******* saylı, 26 fevral 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.2 x 24 x 30=864 m3), QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.5 x 24 x 30=1080 m3), Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün (1.4 x 24 x 30=1008 m3) qəbul edilməklə cəmi 2952 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 46) İş materiallarında olan, 22 aprel 2021-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 19 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı ünvan 1 ünvanına baxış zamanı “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunması” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 33) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 23 aprel 2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********00000, ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsi 269) ******* saylı, 19 aprel 2021-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün (1.2 x 24 x 52=1498 m3), QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün (1.5 x 24 x 52=1872 m3), Dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün (1.4 x 2 x 24 x 52=3494 m3) qəbul edilməklə cəmi 6864 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 32) İş materiallarında olan, abonent İddiaçı adına olan “gasrep” və saldo məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2010-cu ildən 2021-ci ilədək cəmi 3.402 manat borc hesablanmışdır.(İ.vər. 47 - 54) İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli bildiriş xəbərdarlıq qəbzindən görünür ki, abonentə istifadə edilmiş qaz sərfinə görə 4.843 manat məbləğində yekun borc yazılmışdır.(İ.vər. 91) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/5165 nömrəli 26 noyabr 2021ci il tarixli rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, İddiaçı məxsus ünvan 6 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.(İ.vər. 71 - 73) Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazır ki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 yanvar 2021-ci il tarixli, ******* saylı, 26 fevral 2021-ci və ******* saylı, 19 aprel 2021-ci il tarixli aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin aktlar əsasında İddiaçı tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh İB ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 yanvar 2021-ci il tarixli, ******* saylı, 26 fevral 2021-ci il tarixli aktların tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmasını sübut edə bilməmişdir. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Bundan başqa Cavabdeh İB-nin nümayəndəsi Aygün Quliyeva apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh İB-nin nümayəndəsi Aygün Quliyevanın apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 1000 (bir min) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-197/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2324/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2324/2022
29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver