Məhkəmə qərarları › İş №2(103)-2325/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2325/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2325/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Həsənovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 3.961,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənişlər aparılmışdır. İddiaçı son günlər smart karta etdiyi ödənişlərdən pul tutulduğunu görüb yerli qaz idarəsinə müraciət etmiş, ona 2011-ci ildən 2013-cü ilədək sayğacsız təbii qazdan istifadə etdiyi, 2016-cı və 2018-ci ildə isə təbii qazdan sayğacdan kənar istifadə etdiyi üçün akt tərtib edilərək 3.961,90 manat məbləğində borc hesablandığı bildirilmişdir. Yazılmış qanunsuz aktlar iddiaçının mərhum babası Məmmədov Məmmədbağır Abas oğlunun adına yazılmış və hər bir aktda onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. İddiaçının babası 40 ilə yaxındır ki, vəfat etmişdir. İddiaçı təbii qazdan heç bir vaxt qanunsuz istifadə etməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 2 ünvanına aid **********00000 saylı abunə koduna hesablanmış 3.961,90 (üç min doqquz yüz altmış bir manat doxsan qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında abonent saldosu iddiaçının babası Məmmədov Məmmədbağır Abas oğlunun adına olmuşdur. Məmmədbağır Məmmədov vəfat etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, ünvan 2 ünvanına baxış zamanı sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2021-ci ilə 3.961,90 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.961,90 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli ekspert rəyindən də görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilməmişdir. Bundan başqa, qazpaylayıcı müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda guya iddiaçının mərhum babasının iştirak etdiyi, lakin həmin aktları imzalamaqdan imtina etməsi göstərilmişdir ki, bu hal həmin aktların mötəbərliyini şübhə altına alır. Həmçinin, qanunsuz qoşulma halları müəyyən edildiyi halda, aşkar edilmiş həmin qanunsuz qaz xəttinin şəbəkədən ayrılması qazpaylayıcı müəssisənin vəzifəsi olduğu halda, onun tərəfindən belə tədbirin görülməsi də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi, bununla da qazpaylayıcısı olan istehsalçıya zərər vurması müəyyən edilmədiyindən cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Baxılan iş üzrə cavabdeh apellyasiya şikayətində sayğaca küçə qaz xəttindən daxil olan, eyni zamanda sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş çıxış borularının sayğacdan tamamilə ayrıldığını, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsilə qoşulma edilməklə təbii qazdan qeyri-qanuni istifadə edildiyini qeyd etsə də, bununla bağlı sübutlar təqdim edilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Rəşad Həsənov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar