Məhkəmə qərarları › İş №2(103)-2325/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2325/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2325/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borc və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “lizinq müqaviləsinin ləğv edilməsi, borc və maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borc və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-ci il tarixli ALY-1939 “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini və xx.xx.2023-ci il tarixli ALY-1939 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat, həmin günə hesablanmış 362.16 (üç yüz altmış iki manat on altı qəpik) manat dəbbə pulunu, lizinq obyekti olan avtomobilə 12204 (on iki min iki yüz dörd) manat dəymiş zərər, ümumilikdə 15298,17 (on beş min iki yüz doxsan səkkiz manat on yeddi qəpik) manat borc və ödənilmiş 146,98 (yüz qırx altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 may 2023-ci il tarixli, ALY-1939 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, Cavabdeh ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli lizinq müqaviləsi üzrə cərimə borcuna görə 1170,94 (min yüz yetmiş manat doxsan dörd qəpik) gecikdirilmiş əsas, 1561,07 (min beş yüz altmış bir manat yeddi qəpik) gecikdirilmiş mükafat, 100 (yüz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 11630 manat dəyərində dəymiş zərər, ümumilikdə 14462,01 (on dörd min dörd yüz altmış iki manat bir qəpik) manat borc və iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 138 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun 47 manatının Cavabdeh, 3 manatı isə İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdeh qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında olan mübahisəyaydınlıq gətirilməmiş, sanki heç bir hadisə baş verməmiş kimi yanaşılmışdır, belə ki, avtomobil oğurlanmış, sonra hissələrə bölünərək satılmışdır, o da əsaslı səbəb gətirməklə ödənişləri ödəməkdən imtina etmişdir. Hazırda bununla bağlı aidiyyəti orqanlarda araşdırma aparılır. Həmçinin o maşını kasko sığorta etdirmişdir. MM-in 748-6.1-ci maddəsinə görə, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Hesab edir ki, məhkəmə həmin normaları nəzərə almamış, düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, maşına görə ödənişi edə bilmirdi, çətinlikləri yaranmışdı, maşını satmaq qərarına gəldi, tanışı maşına baxmaq adı ilə sürüb getmiş, sonradan isə maşını söküb hissə-hissə satmışlar, özü şirkətə məlumat vermiş, polisə şikayət etmiş, hələlik nəticə yoxdur, maşın onun sahibliyində olsa da, maşına ziyanı başqa şəxslər vurublar, həmin ziyanın ondan tutulmasını düzgün hesab etmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onlar saz vəziyyətdə maşın veriblər, maşın hazırda bərbad bir vəziyyətdədir, maşın müqavilə əsasında cavabdehin sahibliyi və istifadəsində olub, maşına üçüncü şəxslərin zərər vurmasına görə də cavabdeh məsuliyyət daşıyır, cavabdeh həmin şəxslərlə arasında olan münasibətləri özü həll etməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

7. ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq alan ümumi məbləği 23750 manat olan və spesifikasiyada göstərilən X4 Cobalt LTZ markalı Minik maşını ilkin 18%-nə hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 488.82 manat, ümumilikdə isə 33829 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür.

8. ALY-1939 nömrəli xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdənqorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.

9. 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsizamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.

10. 5.3-cü bəndinə əsasən lizinq alan tərəfində lizinq obyekti kasko sığorta etdirilmədikdə, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra bir il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti hətta lizinq alanın şəxsən özü tərəfindən idarə olunsa da, müddəti keçmiş etibarnamə ilə idarə edildikdə, b) lizinq obyekti alkoqollu içki və ya psixatrop maddələrin təsiri altında idarə edilərsə, c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə, ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol-nəqliyyat hadisəsindən sonra bir ay ərzində ödənilməzsə, d) “Daxili lizinq” müqaviləsinin imzalanmasından 1 il keçərsə, e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda, ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin təqsiri nəticəsində zədələndikdə. Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir.

11. 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: 5.4.1. Bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 5.4.3. öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlak əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək.

12. Həmin müqavilənin 6.1-ci bəndinə görə, lizinq alan lizinq obyektini daxili lizinq müqaviləsi imzalandıqdan bir il sonra zədələmə, korlama, məhvə olma, talama, oğurlanma risklərindən lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır.

13. xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, X4 Cobalt LTZ markalı avtomobil Cavabdeh təhvil verilmişdir.

14. 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(008)- 113/2024 saylı Qərarından görünür ki,Cavabdeh tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş; Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsasız olduğu üçün ləğv edilmişdir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMCnin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamənin müddəti bitmişdir. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıdığı, yaranmış borcu dərhal ödəməyi və lizinq obyektinə isifadə hüququ verən sənədin alınması tələb edildiyi və “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində bir tərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir.

17. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 08 aprel 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC şirkətinə məxsus olan “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Nəqliyyat vasitəsində əzilmiş hissələr: 4 ədəd disk təkər yoxdur, sağ-sol yan güzgülər yoxdur, 2 ədəd qabaq faralar yoxdur, sağ qapı əzik, arxa stoplar sınıq, 4 ədəd kalonkalar yoxdur, maqnitafon yoxdur(sağ qapı batıq, əzik, avtomobilin kaopkası, sürətlər qutusu yoxdur) akkunlyator yoxdur, avtomobil sökülüb, yararsızdır və evakuatorla nəqliyyat vasitəsilə duracağa gətirilmişdir.

18. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-AT-*** qeydiyyat nişanlı avtomobil Badamdar meydançasında ilkin vizual baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin təmir xərcləri 12204 manat təşkil edir.

19. 16.04.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh gecikdirilmiş əsas borcu 1170,94 manat, gecikdirilmiş mükafat 1561,07 manat və həmin günə hesablanmış cərimə borcu 362,16 manat təşkil edir.

20. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 12204,0 manat müəyyən edilir. O cümlədən: dəyişməli hissələrin qiyməti – 10438,0 manat, Təmir-bərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. “Chevrolet Cobalt” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11630,00 manat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti – 10020,0 manat, Təmirbərpa işlərin qiyməti – 1610,0 manat təşkil edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Cavabdeh apellyasiya şikayətində ondan tutulmalı məbləği mübahisələndirməmiş, yalnız avtomobilin oğurlanmış olmasına istinad etmiş, rayon məhkəməsinin bu halı nəzərə almadığını bildirmiş, həmçinin maşının kasko sığorta olunduğunu bildirmiş, həmçinin MM-in 748-6.1-ci maddəsinə əsaslanmışdır.

38. Məhkəmə kollegiyası ilk növbədə bildirir ki, avtomobilin kasko sığorta edilmədiyi mübahisəsiz qaydada müəyyən edilib, cavabdeh bunun əksi barədə hər hansı sübut təqdim etməyib.

39. Cavabdeh həmçinin MM-in 748-6.1-ci maddəsinə istinad edir ki, həmin normaya görə, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır.

40. Həmin normadan göründüyü kimi, orada lizinq müqaviləsində başqa qayda göstərilmədiyi qeyd edilmiş, yəni müqavilə tərəflərinin başqa bir qayda nəzərdə tutmaq imkanının mümkünlüyü bildirilmişdir.

41. Hazırkı tərəflər arasında bağlanmış müqavilənin həmin müqavilənin 6.1-ci bəndinə görə, lizinq alan lizinq obyektini daxili lizinq müqaviləsi imzalandıqdan bir il sonra zədələmə, korlama, məhvə olma, talama, oğurlanma risklərindən lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır.

42. Tərəflər arasında bağlanmış müqavilədə lizinq obyektini qeyd edilən risklərdən sığortalamaq cavabdehin öhdəliyi olmuşdur.

43. 5.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra bir il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70 faizindən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir.

44. Digər tərəfdən, müqavilənin 5.4-cü bəndinə lizinq obyektinin məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirilməlidir: 5.4.1 bu müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 5.4.2. lizinq müqaviləsi üzrə ödənilməmi. əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olanadək hesablanmaqla ödəmək; 5.4.3. öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək.

45. Göründüyü kimi, lizinq obyekti cavabdehin iddia etdiyi kimi, oğurlanmış olsaydı belə, lizinq alanın üzərinə müəyyən məsuliyyət düşür ki, işin materialları ilə cavabdehin öhdəlikləri və məsuliyyətinə uyğun hərəkət etdiyi müəyyən edilməmişdir. Eyni zamanda da, müəyyən olunmuşdur ki, maşın iddiaçının bildirdiyinin əksinə olaraq, oğurlanmamış, üçüncü şəxsə maşını cavabdeh özü vermişdir.

46. Beləliklə, cavabdeh avtomobilin oğurlanması halında da lizinq müqaviləsi üzrə ödənişləri etməyi müqavilə ilə öz üzərinə götürdüyündən, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır.

47. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi faktlar nöqteyi- nəzərindən əsaslı və mahiyyəti üzrə düzgün qənaətə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir və təmin edilə bilməz.

50. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

51. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar