Məhkəmə qərarları › İş №2(103)-2327/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2327/2020

12.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2327/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və cavabdehin evdə yerləşdiyi otağın boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının ailə üzvü olmasa da, guya 25 il onunla birgə yaşamış və birgə təsərrüfat aparmışdır, yəni xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü cümləsinin tələbi baxımından ailə üzvləri hesab edilə bilər. Halbuki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə 25 il fasiləsiz yaşaması cavabdehin özünün qeyri-obyektiv izahatından başqa heç bir sübutla təsdiq edilmir. İş materiallarından açıq-aşkar görünür ki, cavabdeh mübahisəli mənzilə 2002-ci ilin dekabr ayından pasport qeydiyyatına alınmışdır. Məhkəmə cavabdehin həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, Döngə 5, 8A ünvanında yerləşən evə sahib olmaqla yaşamalarını, hətta cavabdehin həyat yoldaşının həmin evə pasport qeydiyyatında olmasını da nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh isə bildirir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olsa da, əslində evi qaynatası alıb. 1993-cü ildən həmin evə köçmüş və ailəsi ilə birlikdə 2012-ci ilə kimi orada yaşamışdır. Həmin vaxtdan Binəqədi rayonunda, ərinə məxsus başqa evdə yaşayırlar. Bu müddət ərzində mübahisə predmeti olan evə köçürülməsinə dair hər hansı iddia qaldırmamışdır. Bununla belə, şikayətin təmin olunmamasını, qətnamənin dəyşdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 24/20 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Cavabdeh, 1991ci ildə iddiaçının qardaşı ilə nikaha daxil olmuş, iki il başqa ünvanda yaşadıqdan sonra 1993-cü ildə mübahisəli evə köçərək, özünə məxsus əşyaları həmin evə gətirmiş və 2012ci ilədək orada yaşamışdır. Cavabdeh, 2012-ci ildən hazırkı vaxtadək əri ilə birlikdə başqa ünvanda yaşayır. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, RX seriyalı № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, cavabdehin uzun müddətdir başqa ünvanda yaşadığını bildirərək, onun istifadə hüquqlarına xitam verilməsini və mübahisəli evin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Kollegiya, mübahisə ilə bağlı ilk öncə bildirir ki, Cavabdeh, mübahisəli evə 1993-cü ildən köçdüyündən mübahisəyə 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “cavabdeh, iddiaçının ailə üzvü olmasa da, (MM-nin 53-cü maddəsinə əsasən) 25 il müddətində onunla birgə yaşamış və birgə təsərrüfat aparmışlar, yəni MMnin 53-cü maddəsinin üçüncü cümləsinin tələbi baxımından ailə üzvü hesab edilə bilər. ...İddiaçı mülkiyyətində olan evə cavabdehin köçməsinə razılıq vermiş, cavabdeh heç bir etiraz və tələblə qarşılaşmadan 25 ildən artıq müddətdə oğlu ilə birlikdə həmin mənzildə mülkiyyətçi ilə birgə təsərrüfat birliyi içərisində yaşamış və bununla da, mülkiyyətçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə malik olmuşlar.” Kollegiya bildirir ki, cavabdehin yuxarıda qeyd olunan normalara əsasən mübahisə predmeti olan mənzildən istifadə hüququ yaransa da, birinci instansiya məhkəməsi bu hüququnun itirilməsini nəzərə almamışdır. Belə ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair xx xxxx 1999-cu il tarixli qərarında vurğulamışdır ki, ...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Konstitusiya Məhkəməsi bu hüquqi mövqeyini xx xxxx 2016-cı il tarixli qərarında da ifadə edərək vurğulamışdır ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Cavabdeh 2012-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən daimi yaşamaq üçün başqa ünvana köçməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi, cavabdeh, yeddi ildən çoxdur ki, başqa ünvanda yaşayır. Bu müddət ərzində Cavabdeh mübahisəli evə köçmək üçün dövlət orqanlarına müraciət etməmiş, məhkəmədə iddia qaldırmamışdır. Bu hallar onu göstərir ki, cavabdeh, uzun illər ərzində və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan evdə yaşamaqla bağlı mənafeyi aradan qalxmışdır. Bu hallar ona dəlalət edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Bu qənaətə gələrkən, Kollegiya onu da nəzərə alır ki, mənzildən istifadə etmək hüququ, ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Belə olan halda, yəni cavabdehin mübahisəli evdən istifadə hüququ itirildiyi üçün ona məxsus əşyaların iddiaçının mülkiyyətində olan həmin evdə qalması onun öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Buna görə də, cavabdehin əvvəl yerləşdiyi otaq boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin olunmaması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, qətnamə ləğv olunaraq iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7920/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilsin və Cavabdeh həmin evdə yerləşdiyi otaq boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar