Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-233/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və cavabdeh Birliyin nümayəndəsi X1 açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 11.280 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yeni tikilən evdə yaşayır. İddiaçı 2021-ci ilin sentyabr ayında həmin evə köçmüş, həmin tarixədək qeyd edilən ünvanda yaşayış olmamışdır. Həmin vaxtadək ünvanda yarımtikili olmuşdur. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı xx.xx.2022-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********04603). İddiaçı, kartın bərpası ilə bağlı cavabdeh Birliyə müraciət edərkən ona məlum olmuşdur ki, cavabdeh Birlik tərəfindən ona əlavə sərfiyyat kimi 11.280 manat məbləğində borc hesablanmışdır. Bu qədər borcun haradan yaranması iddiaçıya bəlli deyildir. İddiaçı hesab edir ki, Birliyin ona bu kimi borc hesablaması əsassızdır, çünki o qaz sayğacına müdaxilə etməmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçının **********04603 saylı abonent koduna hesablanmış 8.049,60 manat məbləğində borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsini, cavabdeh Birlikdən 100,50 (yüz manat 50 qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının vermiş olduğu izahatından da göründüyü kimi iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyini qismən olaraq etiraf edərək, ünvana sayğac quraşdırılmamış olan 2021-ci ilədək sayğac olmadığından təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2020-ci ildə sayğacdan kənar təbii qazdan istifadəsi ilə bağlı 3.232,80 manat borc hesablanmışdır. Ona görə də, iddia qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. İddianın qalan hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh Birlik iddiaçının qaz xəttinə qanunsuz qoşulması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 8.049,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutlar Birlik tərəfindən məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış 8.049,60 manat borc məbləği silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddia əsassızdır. İddiaçının yaşadığı ünvanda aşkar edilmiş qanunsuz qaz xətti iddiaçıya aiddir. İddiaçı, qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Qeyd edilən borc da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 6.5ci maddəsinin tələblərinə əsasən hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, cavabdeh tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. e) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik isə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
17. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, hazırki halda sübutetmə yükü üzərinə düşən cavabdeh Birlik tərəfindən iddiaçının evinə qaz sayğacı quraşdırıldıqdan sonra qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
18. İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının olmaması Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə təsdiq olunmuşdur.
19. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilənlərə əsaslanaraq apellyasiya baxışının predmeti olan hissədə iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır.
21. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
22. Cavabdeh Birlik isə apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
23. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.