Məhkəmə qərarları › İş №2(103)-2330/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2330/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2330/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.073,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Binəqədi rayonu 2-ci Mədən ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda smart-kart tipli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00050). İddiaçı hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında qazdan sayğacdan kənar istifadəyə görə 2021-ci il üçün 1.272,96 manat, 2022-ci il üçün 1.883,52 manat, cəmi 3.156,48 manat əsassız borc yazılmışdır. Qeyd edilən tarixlərdə tərtib olunmuş aktlar iddiaçının ünvanına yazılsa da, aktlarda iddiaçının adı deyil, digər şəxs Etibar İsmayılovun adına rəsmiləşdirilmişdir. İddiaçı, cavabdeh Birliyə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşduqda, Birliyin əməkdaşları aktları təqdim edərək, təbii qazdan sayğacdan kənar istifadə etməklə istifadəyə görə hesablandığını bildirmişlər. İddiaçı hesab edir ki, aktlar onun adına deyil, digər şəxs Etibar İsmayılovun adına tərtib edilmiş və borc məbləği heç bir əsas olmadan onun (iddiaçının) istehlakçı koduna qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilən zaman iddiaçının iştirakı təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Buna görə də, iddiaçı, əsassız olaraq hesablanmış 2.073,60 manat borcun silinməsini tələb etməkdə haqlıdır. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə müdaxilə edilmiş, bu fakt Birliyin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, araşdırmalar aparılmış və ziyanın məbləği hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iddianı təmin edərək iddiaçıya əsaslı olaraq hesablanmış borcu heç bir əsas olmadan silmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə tərəflər apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, Bakı şəhəri, Binəqədi rayonu 2-ci Mədən ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə smart-kart tipli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00050).

11. Cavabdeh Birlik tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, iddiaçının 2022-ci il üçün 3.156,48 manat borcu vardır.

12. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021 tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlardan görünür ki, aktların tərtib edildiyi tarixlərdə cavabdeh Birliyin əməkdaşları iddiaçının evinə aid qaz sayğacına baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar istifadə olunması faktı aşkar etmişlər.

13. İddiaçının Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun evində kirayə qalmış şəxs 3 ay müddətində kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi 9/8837 saylı xx.xx.2023-cü il tarixli və 9/4176 saylı xx.xx.2023-cü il tarixli rəylərdən görünür ki, cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlarda iddiaçının yaşadığı evdə təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməlidir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi 9/7304 saylı xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iddiaçıya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyi xaricindədir. “Abonentin saldosunda” göstərilən məlumatlarının və tərtib olunmuş aktların (2022-ci ilin mart ayı üzrə 2.952 kub metr) doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, 2021-ci ilin dekabr ayı üzrə 11.232 kub metr, 2022-ci ilin yanvar ayı üzrə 2.952 kub metr, 2022-ci ilin fevral ayı üzrə 2.952 kub metr, 2022-ci ilin mart ayı üzrə 2.952 kub metr, 2022-ci ilin aprel ayı üzrə 2.952 kub metr, 2022-ci ilin may ayı üzrə 1.944 kub metr, 2022-ci ilin iyun ayı üzrə 1.944 kub metr sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 3.156,48 manat məbləğində borcun riyazi hesablamalarla doğruluğu müəyyən edilmişdir.

16. “Zenner Smart sayğaca olan ödənişlər” cədvəlindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək ümumilikdə təbii qazdan istifadəyə görə 425 manat vəsait ödəmişdir.

17. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

18. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

19. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya məxsus olan ünvanında qaz sayğacından bir neçə ay müddətində kənar xətt vasitəsilə təbii qazdan istifadə olunmuşdur. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və iddiaçıya ümumilikdə 3.156,48 manat borc hesablanmışdır.

20. Rayon Məhkəməsi tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz xəttindən istifadə nəticəsində aylıq sərfiyyatın müəyyən edilməsi və sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində hesablanmış 3.156,48 manat borcun doğruluğunun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçıya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyi xaricindədir. Abonentin saldosunda” göstərilən məlumatlarının və tərtib olunmuş aktların doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 3.156,48 manat məbləğində borcun riyazi hesablamalarla doğruluğu müəyyən edilmişdir.

21. İşin materiallarından görünür ki, xx.xx.2022–xx.xx.2023-cü il tarixlər ərzində iddiaçı tərəfindən qaz sərfiyyatına görə Birliyin hesabına hissə-hissə 390 manat vəsait ödənilmişdir, həmin məbləğdən 50%, yəni 195 manat məbləğində tutulmalar olmuşdur.

22. Eyni zamanda, dəymiş ziyanın bərpasına dair tələbnamələrdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə hesabat müddəti 90 gün, xx.xx.2022-ci il tarixdə 30 gün, xx.xx.2022-ci il tarixdə 30 gün, xx.xx.2022-ci il tarixdə 30 gün, xx.xx.2022-ci il tarixdə 30 gün və xx.xx.2022-ci il tarixdə 30 gün qəbul edilməklə (ümumilikdə 240 gün) itirilmiş qazın bərpası üzrə hesabat aparılmışdır. Həmin tələbnamələrdə qaz işlədiciləri sırasında PQ4 və QSQ-dən istifadəyə görə hesabat aparılsa da, iddiaçıya məxsus abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu 2-ci mədən ünvanında yalnız 4 gözlü qaz plitələri (PQ-4) istifadə olunmuşdur.

23. Beləliklə, həmin materiallar üzrə iddiaçının orta hesabla aylıq sərfiyyatı (195:12=16,2; 240:8=30: 16,2x8=129,6) 129,60 manat müəyyən edilir, cavabdeh tərəfindən iddiaçının qaz sərfiyyatından istifadəyə görə ödənişlərindən borca görə 195 manat tutulmalar olmuşdur.

24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 18-ci maddəsinə görə, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

25. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır (maddə 3.). Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər (maddə 18; bənd 1.).

26. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (maddə 13.8-1.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 8-1.).

27. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşdüyü halda, cavabdeh Birlik iddiaçının yaşadığı evə dair hesablanmış 3.156,48 manat məbləğində borcun əsaslı olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

29. Belə olan halda qəbul edilməlidir ki, qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə əsaslı nəticəyə gəlmişdir.

30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və mahiyyəti üzrə düzgündür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar