Məhkəmə qərarları › İş №2(103)-2330/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2330/2025

02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2330/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1201/2020 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1960-cı ildə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1960-cı il təvəllüdlü RF-da anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X14 apellyasiya şikayəti və ona əlavə olunmuş ərizələr (maraqlarına toxunan şəxs kimi tanınması və müddətin bərpası barədə) verərək, qətnamənin onun maraqlarına toxunduğundan müvafiq məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanınaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1201/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X14 marağına toxunan şəxs olaraq tanınması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7046/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1201/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1201/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin X9 maraqlarına toxunub-toxunmaması məsələsinin həlli, həmçinin X14 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə yenidən baxılması məqsədilə mülki işin Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1201/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən X14 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, X14 tərəfindən verilmiş “maraqlı şəxs qismində tanınma barədə” vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X9 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını araşdırmamışdır. Belə ki, qeyd olunan mülki iş üzrə həqiqətən də maraqlı şəxs olmağı birinci instansiya tərəfindən nəzərə alınmamışdır. İştin faktiki halları araşdırılmamış və formal olaraq məhkəmə qərardadı qəbul etmişdir. Azərbaycan Respublikasının MPMnin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanıməhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Bəs nə üçün birinci instansiya məhkəməsi onun konstitusion və mülki hüquqlarını kobudcasına pozur? Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 8.1, və 9.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Ərizəçi nümayəndəsi Nümayəndə2 İsax etiraz ünvanlaraq etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1201/2020 nömrəli qərardadı qanunidir, bu səbəbdən qüvvədə saxlanılmalı, ərizəçi X9 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, əvvəla X14 xx.xx.2024-cü il tarixli, 2(004)-1201/2024 saylı qərardadla maraqlarına toxunan şəxs olaraq tanına bilinməz, çünki ərizəçi dedikdə (Ərizəçi nəzərdə tutulur), xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəməyə müraciət edən şəxs başa düşülür. Maraqlı şəxs isə xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəmənin çıxardığı qərarla üzərinə müəyyən vəzifələr qoyula biləcək yaxud həmin qərarı icra etməli olan şəxsdir. AR MPM-də X5 şəxslərin bu kimi işlərdə maraqlı şəxs olması nəzərdə tutulmayıb. Məhkəmə X12 maraqlı şəxs kimi tanımaqla kobud səhvə yol verib. Belə ki, bu işdə X14 nə üzərinə müəyyən vəzifələr qoyula biləcək, nə də məhkəmənin qərarını icra etməli olan şəxsdir. Digər tərəfdən, müddətin buraxılması məsələsinə gəldikdə X14 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/20129 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi icra məmurunun “ icra edilməyən və ya icra edilmiş sənədin məhkəməyə və digər orqanan qaytarılması haqqında” Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2020-ci il tarixli qərarını icra məmurundan dərhal almış və qərardan şikayət verməmişdir, bundan sonra dəfələrlə icra şöbəsinə gələrək narazılığını bildirmişdir. Bu barədə hələ 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında məlumatımız olmuşdur. Sual olunur ki, X14 dörd ilə yaxın müddət ərzində 2(004)- 1305/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinin icra olunmaması səbəbini bilmirdimi ki, vaxtında şikayət verərdi ? AR Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “ Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərədə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan belə vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsi yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. AR Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5№li Qərarına əsasən prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. X13 Hüquqlar Xartiyasının 47-ci maddəsinə əsasən Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 568 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X10 damar mənşəli dərin demensiya (ağıl zəifliyi) psixotik daxil olmalarla müəyyən edilir, öz hərəkətlərinin mənasını dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. X7 demensiya, yəni yaddaş unutqanlığından əziyyət çəkməsi barədə onun oğlu və hazırda qəyyumu Ərizəçi tərəflər arasında bundan əvvəl olmuş məhkəmə çəkişmələri zamanı sədrlik edən hakimə bildirmiş və bu xx.xx.2019-cu il tarixli, 1305/2019 saylı qətnamədə öz əksini tapmışdır, eyni zamanda anasının fəaliyyət qabiliyyətinin olmadığını lakin bunu təsdiq edən sənədi təqdim edə bilmədiyini bildirmişdir. Sədrlik edən hakim X7 fəaliyyət qabiliyyətsizliyə görə məhkəməyə müraciət edilibmi sualına da oğlu yox cavabı vermişdir. Bundan sonra onlar həkimə müraciət etmişlər və göndəriş əsasında psixiatrik xəstəxanada müalicə almasına baxmayaraq demensiya xəstəliyi getdikcə ağırlaşmışdır. X10 hələ 1980-ci illərdə iş yerində nərdivandan arxası üstə yıxılması nəticəsində 23 gün komada olmuşdur ki, bunun fəsadları ilbəil onun səhhətinin, psixikasının pisləşməsi ilə nəticələnmişdir. O X8 heç zaman pul almamışdır, onu tanımırdı, onun arvadı Bənnurədən aylıq 5 faizə pul götürəndən sonra illərlə ona faiz ödəməsinə rəğmən Bənnurə onu daima təzyiq və hədə altında saxladığından onun psixikası tam pozulmuşdur. Hədə altında onu notariat ofisinə apararaq orada borcun etirafı müqaviləsinin imzalamasına nail olmuşlar. İllərlə keçirilən stres, gecə yarısı hədə dolu zənglər Tatyana Abbasovanın fəaliyyət qabiliyyətsiz olmasına gətirib çıxarmışdır. X14 ilə məhkəmə çəkişməsi zamanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ( Qərarda göstərilir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz) mövcud olmadığından X9 arvadı Bənnurə (Aynur) Cəfərovadan ( sələmə) fazilə aldığı pulun mübahisəsi, faizin tələbinə dair səs və sms yazıları məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir, X1 Abbasovun evidə satılaraq sələm əvəzi İbrahimovlara ödənilmişdir. Ərizəçi xx.xx.2019-cu il tarixindən AR Müdafiə Nazirliyindən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadından iş üzrə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1201/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin materialları ilə də müəyyən edilir ki, X14 xüsusi icraat qaydasında baxılan bu iş üzrə nə tərəf, nə də üçüncü şəxs olmamışdır. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də malik olması halı müəyyən edilmişdir, lakin bu hal hər kəs üçün deyil, yalnız məhkəmə aktı ilə maraqlarına toxunulan şəxslər üçün nəzərdə tutulmuşdur. Məhkəmə aktlarından (istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya məhkəməsinin aktlarından) şikayət vermək səlahiyyəti olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə bu dairənin qanunvericilik qaydasında məhdudlaşdırılması, qətiyyən təsadüfi olmayıb, düşünülmüş və hüquqi müəyyənlik prinsirinə əsaslanmış bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə mübahisələndirilən məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallara dair konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinin mahiyyəti də aşkar şəkildə bunu tələb edir. Kollegiya qeyd edir ki, şikayətçi mübahisələndirmək istədiyi məhkəmə aktının onun hər hansı maraqlarına toxunduğuna dair heç bir sübut və əsaslandırma verməmişdir. X14 verdiyi şikayətdə göstərmişdir ki, qətnamənin qəbul edilməsi ilə X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi mümkünsüz olmuşdur. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İcra haqqında Qanunun yuxarıda sadalanan normalarından da göründüyü kimi borclunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi halı icra sənədinin qaytarılması və ya icraata xitam verilməsinin əsaslarına aid edilməmişdir. Belə ki, borclunun müvafiq sağlamlıq statusu onun məhkəmə aktına əsasən üzərinə qoyulmuş öhdəlikdən azad olunması üçün əsas deyil. Belə olan halda icra sənədinin icrası fəaliyyət qabiliyyəti olmayan borclunun əvəzinə ona qəyyum təyin edilmiş şəxs tərəfindən təmin edilir. Hazırki halda X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması onun digər icra sənədləri üzrə borclu statusunun xitam edilməsinə əsas olmamışdır. Belə ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1201/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-1201/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar