Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2332/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 29 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşımaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 fevral 2018-ci il tarixli qətnamədən iş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X3 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili Vəkil1 və apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 29-cu Notariat Kontoru tərəfindən mərhum X1 ölümündən sonra miras qalmış və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 173 nömrəli binada yerləşən 8 saylı mənzilə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilməsi və həmin əmlaklara dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Reyestrdən çıxarışların” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.04.1993-cü il tarixdə iddiaçı ilə X2 rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan onların 2 övladları doğulmuşdur: Aygün və Ağagül. İddia ərizəsində qeyd edilən mənzil və fərdi yaşayış evi birgə nikah dövründə əldə olunmuşdur. Şəmsəddin Yusifov 30.03.2013-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həmin əmlaklar və “xxxx” ASC-də olan 1.709,32 ABŞ dolları miqdarında olan pul vəsaiti miras qalmışdır. 29-cu Notariat Kontoru tərəfindən miras əmlaka dair 02.10.2013-cü il tarixdə mərhumun arvadı olan iddiaçının, mərhumun 2 övladının, mərhumun anası olan Cavabdeh1 adlarına bərabər paylar üzrə irs almalarına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə notarius onu aldatmışlar. Belə ki, mübahisəli mənzil və ev ərarvad olmuş iddiaçı ilə mərhum Şəmsəddin Yusifovun birgə nikah dövründə əldə edildiyindən onların ümumi əmlakı sayılır və belə olan halda həmin əmlaklar tam həcmdə deyil, əmlakların 1/2 hissəsi miras əmlak hesab edilir və yalnız həmin hissə vərəsələr arasında bölünə bilərdi. Göründüyü kimi, mübahisəli əmlakların mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 1/2 hissəsi də, miras əmlak kimi qanunsuz olaraq vərəsələr arasında bölünmüş bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.02.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Sərxan Yusifov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddia ərizəsində qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında çıxış edərək mübahisəli fərdi yaşayış evi üzərində əldə etdiyi payını nəvəsi olan Sərxan Yusifova bağışlamış və bununla bağlı olaraq sonuncunun mülkiyyət hüququ Rayon Məhkəməsinin iş üzrə qətnamə qəbul etməmişdən təxminən 1 il əvvəl qeydə alınmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, həmin ev iddiaçı ilə Şəmsəddin Yusifovun birgə nikah dövründə əldə olunsa da, onların birgə vəsaiti hesabına əldə edilməmişdir. Həmin evi Şəmsəddin Yusifova anası, iş üzrə cavabdeh Malina Yusifova bağışlamışdır. Məhkəmə bildirir ki, apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 01.06.2019-cu il tarixdə ölmüşdür. Bunu müəyyən etmiş Məhkəmə Cavabdeh1 övladını - X5 prosessual hüquq varisi kimi işin baxılmasına cəlb etmişdir. X4 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edən təmsil etdiyi şəxsin apellyasiya şikayəti müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı və onun vəkili apellyasiya baxışının iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh (mərhum) Cavabdeh1 prosessual hüquq varisi Aydın Yusifov apellyasiya baxışından iştirak edərək bildirdi ki, apellyasiya şikayətində qeyd edilən ev valideynlərinə məxsus olmuşdur. Anası evi Şəmsəddin Yusifova bağışlamışdır. Şəmsəddin Yusifovun vəfatından sonra evi Sərxan Yusifova bağışlamasından xəbəri yoxdur, çünki ev ilə maraqlanmırdı. Mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh Notariat Kontoru ərizə ilə Məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, X4 apellyasiya şikayətində Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 31V ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə mübahisələndirir. Odur ki, bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.04.1993-cü il tarixdə verilmiş İV-JQ seriyalı, 331869 saylı “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, iddiaçı X6 ilə X2 03.04.1993-cü il tarixdə nikaha daxil olmuşlar. İşdə olan şəhadətnamələrdən görünür ki, Şəmsəddin Yusifovun övladı var: Aygün və Ağagül. O, 30.03.2013-cü il tarixdə, atası X13 14.05.1993-cü il tarixdə, anası Cavabdeh1 isə 01.06.2019-cu il tarixdə ölmüşlər. 29 saylı Notariat Kontoru tərəfindən verilmiş 02.10.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, 30.03.2013-cü il tarixdə vəfat etmiş Şəmsəddin Yusifovun vərəsələri: anası Cavabdeh1, arvadı İddiaçı, övladları Aygün və Ağagül Yusifovlardır. Miras əmlak Daşınmaz Əəmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi “Çıxarışa” əsasən mərhum Şəmsəddin Yusifova məxsus olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 31V ünvanında yerləşən fərdi yaşayış evidir. Vərəsələrin hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 31V ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı ilə mərhum Şəmsəddin Yusifovun birgə nikahları dövründə əldə olunmuş əmlak olduğundan evin 1/2 hissəsi iddiaçının mülkiyyətini təşkil edir. Belə olan halda evin digər 1/2 hissəsi 4 nəfər vərəsə arasında bölünməli idi. Lakin notarius bunu nəzərə almamış, evi tam həcmdə vərəsələr arasında bölməklə səhvə yol vermişdir. Bu qənaətə gəlmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, cavabdeh 29-cu Notariat Kontoru tərəfindən 02.10.2013-cü il tarixdə həmin fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməli və həmin evə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Reyestrdən çıxarış” ləğv edilməlidir (apellyasiya baxışının predmeti olan nəticə). Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 23.01.2003-cü il tarixli, FM seriyalı, 019011 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, həmin fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. 06.04.2011-ci il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, Cavabdeh1 həmin evi övladı Şəmsəddin Yusifova bağışlamışdır. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 11.05.2011-ci il tarixli, MA seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, həmin ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Şəmsəddin Yusifovun adına qeydiyyata alınmışdır. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırki mülki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli ev üzərində mərhum Şəmsəddin Yusifovun mülkiyyət hüquqları onunla iddiaçının birgə nikahları dövründə əldə olunsa da, həmin əmlak əvəzsiz əqd üzrə Şəmsəddin Yusifov tərəfindən əldə edilmiş əmlakdır və bu səbəbdən də, onunla iddiaçının birgə əmlakı sayılmır. İşə baxmış Rayon Məhkəməsi isə qeyd edilənləri nəzərə almamış və yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmamışdır. Mübahisəli evlə bağlı iddia əsassızdır. Bundan başqa Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi mübahisəli evin onun tərəfindən işə baxılan zaman hüquqi rejimini yoxlamamışdır. Hal bu ki, həmin evlə bağlı cavabdeh 29-cu Notariat Kontoru tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 02.10.2013-cü il tarixdə, yəni qətnamə qəbul edilməmişdən 4 il 5 ay əvvəl verilmiş və ötən zaman ərzində şəhadətnamə ilə müəyyən edilmiş vərəsəlik payı ilə bağlı Cavabdeh1 hər hansı bir əqd bağlaması istisna edilmirdi. 10.11.2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” də görünür ki, Cavabdeh1 qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mübahisəli evdən onun payına düşən 1/4 hissəni nəvəsi Sərxan Yusifova bağışlamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi həmin nəticəsi səhvdir və işin hallarına uyğun gəlmir. Odur ki, 385-ci maddəsinin tələbini, işin hallarını nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmetini təşkil edən iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən X3 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 fevral 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 29 saylı Notariat Kontoruna qarşı irəli sürdüyü iddianın “cavabdeh 29-cu Notariat Kontoru tərəfindən 02.10.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməsi və həmin evə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Reyestrdən çıxarışların” ləğv edilməsi barədə” hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni “cavabdeh 29-cu Notariat Kontoru tərəfindən 02.10.2013cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 173 nömrəli binada yerləşən 8 saylı mənzilə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2332/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2332/2021
31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver