Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2335/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayarmova Fidan Rafiq qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər “X3 Mərkəzi” MMC və Cavabdeh1 ASC-yə qarşı “hərracın etibarsızlığı və çıxarış ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 ASC ilə “X2 Mərkəzi” MMC arasında hərracın nəticələrinə dair yekun protokolun və xx.xx.2019-cu il tarixli Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 9 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının və həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin hərracın keçirilməsi barədə məlumatları olmamamış, onlara bu barədə hər hansı bir məktub göndərilməmiş və həmin mənzil onlara təklif edilməmişdir. Həmçinin, hərracın nəticələrinə dair xx.xx.2019-cu il tarixdə protokol tərtib edilməklə həmin gün hərrac təşkilatı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanan vaxt mülkiyyətçi kimi nə iddiaçının, nə də ailə üzvlərinin razılığı alınmamış, bununla bağlı dəvət edilməmiş və həmin mənzlin hansı qiymətə satılmasından xəbərsiz olmuşlar. Protokolun surətini Sumqayıt şəhər İcra və Probasiya şöbəsindən aldıqda isə, mənzilin 31.875 manata satıldığını öyrənmişlər, halbuki, Sumqayıt şəhərində hazırda 1 otaqlı mənzilin bazar qiyməti 35.000-40.000 manat civarındadır, qeyd olunan mənzil isə 3 otaqlı olmaqla onun bazar qiyməti təxminən 65.000 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi isə, şikayətə etiraz edərək, rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 47.793,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) borcun və 30 manat dövlət rüsumunun, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı, İlqar Kazımov, Şəlalə Kazımova və Könül Kazımovanın ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 3 otaqlı, 63,38 kv.m. ümumi, 39,6 kv.m. yaşayış sahəsindən ibarət 9 saylı mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq borcun ödənilməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sumqayıt şəhər üzrə İcra şöbəsinin 117/38 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən, ipoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 9 saylı mənzilə dair hərracın keçirilməsi “X3 Mərkəzi” MMC-yə şifariş edilmişdir. “X3 Mərkəzi” MMC tərəfindən qətnamə ilə müəyyən edilmiş məbləğə müvafiq olaraq ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla, sözügedən mənzillə bağlı ilkin hərracın keçirilmə tarixi xx.xx.2019-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetində elan yerləşdirilmişdir. Satılmalı olan əmlakın ilkin satış qiymətindən 15% aşağı olmaqla, ilkin satış qiyməti 42.500 manat müəyyən olunaraq, təkrar hərracın keçirilmə tarixi xx.xx.2019-ci il tarixə, saat 11:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetində elan yerləşdirilmişdir. Qeyd olunanlar barədə İddiaçı və digər mülkiyyətçilərə eyni ünvan üzrə (ünvan 1 “açıq hərracın keçirilməsinə dair” müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmişdir. Hər iki (ilkin və təkrar) hərrac baş tutmadığından, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % aşağı qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. xx.xx.2019-cu il tarixli, Y-235/2 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, “xxxx” ASC, Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 27 yerləşən 9 saylı mənzili 31.875 manata qiymətlə əldə etmiş və həmin əmlak daşınmaz əmlakın dövlət reyestirində xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı, hərrac barədə məlumatının olmadığını, bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini və ipoteka predmetinin real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını bildirərək, hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Qeyd olunan Qanunun 42.1-ci maddəsininə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər Əksinə, işdə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçını iş materiallarında olan rəsmi ünvanına (ünvan 1 göndərilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Kollegiya, iddiaçının ipoteka predmetinin real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması barədə dəlili ilə də razılaşmır, ona görə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdən görünür ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş və hərrac təşkilatı tərəfindən məhz həmin qiymətlə hərraca çıxarılmışdır. Nəzərə alınmalıdır ki, adı çəkilən Qanunun 43.1-43.7-ci maddələrinə görə, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə və hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İş materiallarından görünür ki, “X3 Mərkəzi” MMC tərəfindən qeyd olunan maddənin tələblərinə uyğun olaraq keçirilmiş ilkin (ipoteka predmetinin ilkin satış qiymətilə ) və təkrar (ipoteka predmetinin ilkin satış qiymətindən 15 % aşağı qiymətlə) hərraclar baş tutmadığından ipoteka predmeti olan sözügedən mənzil ipoteka saxlayan tərəfindən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə əldə olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan mənzilin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə bağlanmış əmlakın alqı-satqısı barədə müqavilə və onlar əsasında “xxxx” ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış etibarlı hesab olunur. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Kazımova Gülüzə İnqilab qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3417/2020 saylı iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2335/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2335/2021
10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver