Məhkəmə qərarları › İş №2(103)-2343/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2343/2021

13.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2343/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(010)-2343/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 170 saylı mənzilə dair mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən ötürülməsini müəyyən edərək, ötürülmüş müddətin bərpa edilməsi barədə həmin əmlakın 1/3 payına dair onun vərəsəlik hüququnun müəyyən olunması və bu paya dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ataları X2 24.02.2017-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 170 saylı mənzil atasının mülkiyyətində olmuşdur. O, 06 fevral 2020-ci il tarixdə mirasın qəbulu üçün Cavabdehnə müraciət etmiş, həmin notariat ofisi ona 59 nömrəli imtina cavabında bildirmişdir ki, mirasın qəbulu üçün müddət buraxıldığı və digər vərəsələrlə onun arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum atasının onlardan başqa vərəsələri yoxdur, atası rəhmətə getdikdən sonra mirasın qəbulu üçün 3 ay müddətin olduğunu bilməmiş, buna görə də notariat ofisinə gec müraciət etmişdir. Onun notariat ofisinə gec müraciət etməsi məcburi pay hüququndan imtina anlamına gəlmir. Onun 3 ay ərzində mirası qəbul etməməsinin və ya ondan imtina etməməyi (vərəsənin susması) onun hüququndan imtina kimi qiymətləndirilə bilməz, çünki o, bilikli olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(010)- 2343/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əsassız və qanunsuzdur, atası vəfat etdiyi tarixdən atasına məxsus olan evdə yaşamış və mirası bununla faktiki olaraq qəbul etmişdir. Atası vəfat etdikdən sonra güclü psixi sarsıntılar keçirmiş və gərgin psixoloji vəziyyətdə mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət edə bilməmiş və üzrlü səbəblərə görə miras əmlakın qəbul edilməsinə dair müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, öz evində təmir getdiyi üçün atası rəhmətə gedəndən sonra 1 il 8 ay mübahisəli evdə yaşamışdır, bununla da müəyyən olunur ki, o, mirası faktiki qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Maraqlı şəxs1 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı nə atalarının sağlığında, nə də ölümündən sonra mübahisəli evdə yaşamamışdır, iddiaçı yalan danışır. Mübahisəli mənzildə o və bacısı Maraqlı şəxs2 yaşamışlar və müvafiq olaraq da mirası onlar qəbul etmişlər. İddiaçı mirası nə faktiki, nə də hüquqi cəhətdən qəbul etməmişdir. Halbuki iddiaçı əvvəllər notariat kontorunda işləmişdir və mirasın qəbulu ilə bağlı məsələləri yaxşı bilirdi, vaxtında notariusa müraciət edə bilərdi. Digər cavabdeh Maraqlı şəxs2 ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh (nümayəndə) məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı 06.02.2020-ci il tarixli məktubundan görünür ki, o, 24.02.2017-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış Bakı şəhəri, ünvan 2, mənzil 170 ünvanında yerləşən 4 otaqlı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təqdim etdiyi sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxılmışdır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, müddət buraxıldığı və digər vərəsələrlə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, qara Qarayev prospekti 2517/18 məhəllə, 1 nömrəli evin 89 “a” mənzilində yaşayır. Beləliklə müəyyən edilmişdir ki, X2 24.02.2017-ci ildə vəfat etmiş, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 170 saylı mənzil miras qalmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin iddiaçıya, mirasın qəbul üçün müddət buraxıldığından və digər vərəsələrlə iddiaçı arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının mərhum atasının vəfatından sonra mirası faktiki olaraq qəbul edərək, idarə etməməsinə, həmçinin, miras açıldığı gündən altı ay ərzində bu barədə notariat kontoruna ərizə ilə müraciət etmədiyindən, eləcə də həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilmədiyindən iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və doğrudur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Göründüyü kimi mirasın qəbulu üçün müddət müəyyən olunmuşdur. Belə ki, vərəsə mirası üç ay ərzində qəbul edə bilər, altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Həmin müddət üzrlü səbəbdən gecikdirildiyi halda məhkəmə tərəfindən uzadıla bilər. Həmçinin, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). İddiaçının atasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti üzrlü səbəbdən gecikdirməsi müəyyən edilməmişdir, iddiaçı mirası faktiki qəbul etdiyini qeyd etsə də, bu halı sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2343/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar