Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2344/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Babayeva Səmayə Mirallahverdi qızının nümayəndəsi Babayev Azər Bahadır oğlunun, həmçinin onun nümayəndəsi və vəkili Mənsimli Camal Kamil oğlunun, cavabdeh Zeynalova İlahə İlham qızının, onun nümayəndəsi və vəkili Cavadov Vüqar Şahmalı oğlunun iştirakları ilə, İddiaçı Babayeva Səmayə Mirallahverdi qızının cavabdeh Zeynalova İlahə İlham qızına qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Babayeva Səmayə Mirallahverdi qızı cavabdeh Zeynalova İlahə İlham qızına qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə miras qoyan Babayev Rövşən Bahadır oğlu arasında olan nikaha mirasın açılmasından illər əvvəl faktik xitam verildiyi və onların ayrı yaşadıqları səbəbindən cavabdehi Zeynalova İlahə İlhaam qızının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisi olmuş və 2006-cı ildə qeyld olunan mənzili bölərək övladları Babayev Azər Bahadır oğlu və Babayev Rövşən Bahadır oğluna bağışlamışdır. 2006-cı ildə oğlu Babayev Rövşən Bahadır oğlu cavabdeh Zeynalova İlahə İlham qızı ilə ailə qurmuşdur. Zaman keçdikcə oğlu ilə cavabdeh arasında anlaşılmazlıqlar yaranmış və ailə münasibətləri pozulmağa başlamışdır. 2007-ci ildə cavabdeh oğlu ilə faktiki boşanmış və valideynlərin evinə köçmüşdür. Həmin tarixdən cavabdeh Zeynalova İlhamlə oğlu Babayev Rövşənlə faktiki olaraq bir evdə yaşamamış, birgə təsərrüfat aparmamışlar . Yalnız həftə ərzində 1-2 dəfə cavabdeh yaşamalı olduğu evə gəlmiş, bir neçə saat orada olduqdan sonra yenidən valideynlərin yaşadığı evə qayıtmışdır. Oğlu ilə cavabdeh Zeynalova İlahə İlham qızı ilə aralarında olan nikah münasibətlərinə yalnız xalqın mentalitetindən irəli gələn dəyərlər səbəbindən son qoyulmamışdır. Onlar arasında bu münasibətlər nəticəsində nikahlarından olan nəvəsi Rəşadı saatlarla görə bilmişlər. Oğlu cavabdehlə ayrıldıqdan sonra çox darıxdırıcı və özünün qeyd etdiyi kimi «mənasız» həyat yaşamışdır. Hesab etmişdir ki, ailə həyatı ucurlu olsaydı belə həyat yaşamazdır. Hətta cavabdehlə rəsmi nikah münasibətlərinə son verilməsə də Babayev Rəşad öz oğlu ilə yalnız bir neçə saat görüşmüş, son aylar isə ümumiyyətlə görüşə bilmirdi. İddia tələbinin əsaslı olması iddia ərizəsinə əlavə olunan foto və video materiallar, «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğaclı abonent barədə çıxarışla təsdiq olunur. Babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu ildə vəfat etmiş və mülki qanunvericiliyə görə onun varisləri o, cavabdeh və onların övladları Rəşaddır. Lakin 2006-cı ildə baş tutmuş toydan sonra cəmi 7-8 ay sonra evi tərk edən və oğlu ilə daha heç vaxt eyni evdə yaşamayan cavabdeh miras payı almağa hüququ yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübə Tədris birliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan məlum olur ki, Babayev Rövşən Bahadır oğlunun meyiti həmin Birliyin Sabunçu rayon şöbəsində müayinə edilmiş, 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixində verilmiş 071442 № ölüm haqqında şəhadətnamədən məlum olur ki, Babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu il tarixində ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilinin 16,5 kv. Metr hissəsi Babayev Rövşən Bahadır oğlunun, 14.1 kv. metr hissəsi isə Babayev Azər Bahadır oğlunun qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi şahidə hüquq və vəzifələri izah edilsə də onun ifadəsini əsassız olaraq inandırıcı hesab etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə və video yazılarına istinad edərək cavabdehin keçmiş həyat yoldaşı ilə birlikdə vaxt keçirdiyini qeyd etmişdir. Halbuki tərəflərin arasında olan nikah pozulmamış və onlar ildə bir dəfə bayramlarda bir neçə saat birlikdə vaxt keçirmişlər. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının yaşadığı evə məxsus elktrik sağacı və cavabdehin yaşadığını iddia etdiyi evə məxsus elektrik sayğacının sərf etdiyi elektrik enerjisini müqayisə etdikdə cavabdehin iddia etdiyi evdə yaşamadığı müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, həmçinin iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, Rövşən Babayev onlar faktiki ayrıldıqdan sonra cavabdehlə yaşamamış, əksinə Ellada Bondarenko adlı qadınla yaşamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, cavabdehin mərhum həyat yoldaşı Babayev Rövşən Bahadır oğlu ilə münasibətləri tamamilə yaxşı olmuş, mərhum vəfat edənədək bir yerdə yaşamış bir yerdə təsərrüfat idarə etmişlər. Onların ailə münasibətlərinin pozulması, boşanması üçün heç bir səbəb olmamışdır. İddiaçıların nümayəndələrinin onun 2007-ci ildə övladı Babayev Rəşadın doğumundan 1-2 ay öncə evi tərk etməsi əsassızdır. Belə ki, cavabdeh xx.xx.2007-ci il tarixdə doğum evinə mərhum həyat yoldaşı ilə birlikdə yaşadığı ünvan 2 ünvanından onunla birlikdə getmiş, həmçinin həmin ünvan üzrə xx.xx.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçıların nümayəndələrin həftə ərzində 1-2 dəfə yaşamalı olduğu yerə gəlməsi barədə dəlilləri də əsassızdır, çünki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışa əsasən, ümumi sahəsi 30.6 kv.m. olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17-nin 16,5 kv.m. hissəsi xüsusi mülkiyyəti hüququ əsasında mərhum həyat yoldaşına məxsus mənzildə həftədə neçə dəfə yaşaması və yaşamaması onun konstitusion hüququdur. Əslində isə onun atası tərəfindən mərhum əri Rövşən Babayevə məxsus qeyd olunan mənzildə təmir-tikinti işlərinin aparılması üçün maddi yardım göstərilmiş, bu isə Azər Babayevlə onun və mərhum əri arasında narazılıqlara səbəb olmuşdur. Bunun nəticəsi kimi iddiaçı və oğlu Azər Babayev onunla mərhum ərini evdən qovmuş bu evə gəlməmələrini bildirmişlər. Belə olan halda o, əri və övladları Rəşad Babayevlə birlikdə bir qısa müddət atasına məxsus evdə məcbur yaşamalı olmuşlar. Sonradan iddiaçı ilə onlar arasında olan münasibətlər düzəlmiş və yenidən həmin evlərinə qayıtmışlar. İddiaçının məhkəməyə təqdim etdiyi “xxxx” ASC-nin hər hansı bir hesab fakturası ilə sübut etməyə onunla mərhum yoldaşı ilə ayrı yaşamasını sübut etməyə çalışmış, lakin bu dəlil də əsassızdır, çünki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan dəmiryol stansiyası ev 1, mənzil 17 iddiaçıya məxsus olmuş, sonradan iki hissəyə bölərək övladları Rövşən və Azərə bağışlama müqaviləsi əsasında bağışlamışdır. Buna görə də faktiki olaraq bir mənzil olduğundan həmin mənzilə dair işıq sayğıcı bir ədəd olmuşdur. Eyni zamanda sayğacda olan göstəricilər, sayğac məlumatları barədə hesab faktura cavabdehin mərhum həyat yoldaşı ilə həmin evdə yaşamadığını, onların ayrı yaşadığını sübut edən hal deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh Zeynalova İlahə İlham qızı xx xxxxxx 2006-cı il tarixdə rəsmi nikah daxil olmuşlar və Babayev Rövşən Bahadır oğlu xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Babayeva Nailə Aydın qızı ifadəsində göstərmişdir ki, iddiaçı Babayeva Səmayə Mirallahverdi qızının gəlinidir. Cavabdeh Zeynalova İlahə İlham qızı 2006-cı ildə mərhum Babayev Rövşənlə nikaha daxil olmuşdur. O, Bakı şəhəri, Əmircan qəsəbəsi, Dəmiryol ST,ev 1,mənzil 17 ünvanında 2015-ci ildən yaşayır, cavabdehi isə 2020-ci il tarixə qədər həmin evdə cəmi bir dəfə görmüşdür. Bu isə onunla izah olunur ki, cavabdeh mərhum Babayev Rövşənlə ayrıayrı evlərdə yaşamışlar. . Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Bağırlı Sahib Eldar oğlu ifadəsində göstərmişdir ki, 1999-2000-ci illərdə iddiaçı Babayeva Səmayə Mirallahverdi qızına məxsus olan Əmircan qəsəbəsində yerləşən evin yaxınlığında kirayədə yaşamış, həmin vaxtdan cavabdehin övladları ilə səmimi münasibətləri yaranmışdır. İddiaçı Babayeva Səmayə Mirallahverdi qızı ona xoş münasibət göstərmiş, xəstə olduğum dövrdə köməklik etmişdir. Sonrdan başqa yerdə yaşasa da iddiaçının övladları ilə dost münasibətlərində olmuş, hətta Zeynalova İlahə İlham qızına elçiliyə getmişdir. Son illər demək olar ki, bayram günlərində iddiaçı Babayeva Səmayə Mirallahverdi qızının yaşadığı mənzilində olmuş və bir dəfə iddiaçı Babayeva Səmayə Mirallahverdi qızının mərhum Rövşən Babayeva yemək bişirdiyini görüb bu işin nə səbəbdən sonuncunun arvadı İlahə Zeynalova tərəfindən edilmədiyi ilə maraqlandıqda Rövşənin İlahə ilə araları yaxşı olmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Bondorenko Ellada Pavlovna ifadəsində bildirmişdir ki, o, Rövşən Babayevlə 2013-cü il tarixdə tanış olaraq həmin tarixdən ailə kimi birlikdə yaşamağa başlamışlar. O, həftənin 3-4 gününü Rövşənlə bir yerdə yaşamış, qalan günləri isə öz evində yaşamışdır. Bununla belə daima Rövşənlə əlaqə saxlamışdır. O, Rövşənin bacılarını və anasını tanıyırdı. Rövşənin anası xəstə olduğundan o tez-tez anası ilə birlikdə qalırdı. Rövşənin arvadı isə ona məxsus yox, özünə məxsus evdə yaşayırdı. Rövşən arvadından boşanmaq istəsə də, arvadı buna razılıq vermirdi. Son üç ildə isə Rövşən arvadı ilə ümumiyyətlə birlikdə olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2019-cü il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olunmuşdur ki, Mülki Məcəllənin 1164cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur... ...Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Kollegiya təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək bu nəticəyə gəlir ki, özü-özlüyündə həmin xüsusatlar tələbin əsaslı olduğunu təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən Babayeva Nailə Aydın qızı iddiaçının gəlinidir və onun işin nəticəsində dolayısı ilə maraqlı olduğuna əsaslanaraq kollegiya ifadəsini inandırıcı hesab etmir. Şahid Bağırlı Sahib Eldar oğlu isə ifadəsində iddiaçının ona mərhum Rövşən Babayevin cavabdeh Zeynalova İlahə İlham qızı ilə araları yaxşı olmadığını bildirməsini göstərmişdir. Lakin şahidin göstərdikləri, eləcə də “xxxx” ASC-nin abunə haqqında çıxarış, bildiriş-xəbərdarlıqlar, GPG12368596 smart sayğacı abonent barədə məlumatlar cavabdeh Zeynalova İlahə İlham qızının əri olan ailə münasibətlərinə faktiki xitam verildiyinə dəlalət edən hallar kimi qiymətləndirilə bilməz. Apellyasiya baxışında dindirilmiş digər şahid Bondorenko Ellada Pavlovna ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, mərhum R.Babayevin onunla, yəni E.Bondarenko ilə qeyri-rəsmi münasibətdə olması, birgə aylənmələri rəsmi nikahda olan İ.Zeynalova ilə nikahlarına faktiki olaraq xitam verilməsi üçün əsas hesab oluna bilməz. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən, eləcə də bir ədəd DVDdiskdə əks olunmuş görüntülərdən müəyyən edir ki, cavabdeh mərhum əri Babayev Rövşən Bahadır oğlu və azyaşlı övladları ilə 2016, 2017, 2018, 2019-cu illərdə birlikdə müxtəlif şənlik mərasimləri və istirahat yerlərində olmuşlar. Bu kimi halları nəzərə alaraq və iş üzrə tərəflərin təqdim etdikləri sübutları qarşılıqlı şəkildə dəyərləndirərək kollegiya hesab edir ki, Zeynalova İlahə İlham qızının mərhum Babayev Rövşən Bahadır oğli ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də bu halın mirasın açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-2860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2344/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2344/2021
03.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver