Məhkəmə qərarları › İş №2(103)-2347/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2347/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2347/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əlövsət qızının cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: «mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Əlövsət qızının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Əlövsət qızı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə 1181 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin “C” blokunun 22-ci və 23-cü mərtəbələrində 80 kv.m. və 195 kv.m. sahəsi olan mənzillərə dair podrat müqavilələri bağlanmışdır.

2. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışlarına görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 məhəllədə tikiləcək binanın C blokunun 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 olan 136 saylı yaşayış sahəsi və həmin binanın C blokunun 23-cü mərtəbəsində yerləşən ümumi sahəsi 80 m2 olan 137 saylı yaşayış sahəsi İddiaçı Əlövsət qızına məxsusdur. Mənzillərin dəyəri tam ödənilmişdir.

3. Binanın layihə sənədlərində edilmiş dəyişikliklərə əsasən “C” bloku sonradan “A-1” binası adlandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Əlövsət qızı Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi və mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, A-1 yaşayış binasında (A-1 blokunda) yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və həmin mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzilin (əgər bu mümkün olmadıqda, yəni 22-ci mərtəbədə həmin nömrəli mənzillər olmazsa və s. hallarda inşası tamamlanmış eyni binadan (blokdan) eyni ölçüdə olmaqla müvafiq mənzillərin) İddiaçı Əlövsət qızına təhvil verilməsi, Cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilən mənzillərə dair İddiaçı Əlövsət qızına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, müqavilələri bağladığı vaxtdan üç ildən çox müddət keçmişdir. Hazırda yaşayış binası tam tikilmiş və bəzi mənzillərdə vətəndaşlar tərəfindən təmir işləri aparılır. Sözügedən binada yerləşən mənzillərinə baxmaq istəyərkən cavabdeh tərəfindən iddiaçıya müxtəlif bəhanələrlə maneələr yaradılır və mənzillərə sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinin qarşısı alınır. Qeyd edilən mübahisə ilə əlaqədar mülki iş üzrə yerli baxış keçirilən zaman Cavabdeh MMC-nin direktoru bildirdi ki, hal-hazırda sözügedən mənzillər inşası tamamlanmış yaşayış binasında mövcuddur. Sadəcə sonradan yaşayış binasının girişlərinin adı dəyişib. Yəni, İddiaçı Əlövsət qızı ilə bağlanan 19 aprel 2019-cu il tarixli müqavilədəki “C” bloku “A-1” binası (bloku) adlanır. Həmçinin məhkəmənin sorğusunda cavabdeh tərəfindən verilən cavabda bu öz əksini tapmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh aralarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti məhəllə 1181 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin “C” blokunun 22-ci və 23-cü mərtəbələrində 80 kv.m. və 195 kv.m. sahəsi olan mənzilləri barədə podrat müqaviləsi bağlamışlar. Cavabdeh tərəf məhkəmə prosesi zamanı İddiaçı Əlövsət qızı ilə Cavabdeh MMC arasında bağlanılmış müqavilələr mənzillərin “C” blokunda yerləşdiyi qeyd edildiyinə baxmayaraq, binaların layihə sənədlərində edilmiş dəyişikliklərə əsasən, həmin “C” blokunun sonradan “A-1” binası adlandırıldığını, barəsində müqavilələr imzalanmış mənzillərin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş “A-1” binasının 22-ci mərtəbəsində yerləşdiyini etiraf etmişdir. Müqavilələrin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Bu halda, cavabdeh bağladığı müqavilə üzrə mənzillərin satıcıya təhvil verilməsi öhdəliyini daşıyır. Bu öhdəlik onun şəxsi öhdəliyidir və hər bir öhdəliyi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzillərin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzilləri iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, mənzillər otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında mənzillər yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzillərin ona təhvil verilməsini, həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasın qadağan edilməsini tələb etməkdə haqlıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edərək şikayətində göstərir ki, ilkin iddia ərizəsi üzrə iddiaçının təqdim etdiyi iddia ərizəsində göstərilənlər tamamilə yalandır. Ümumiyətlə onlar İddiaçı Əlövsət qızı ilə heç bir müqavilə bağlamamışlar. Nədəki, 2019-cu il tarixdən bugünə kimi, binaya yaxınlaşaraq orada mənzillərinin olmasını bildirməyib. Belə ki, qeyd olunan mülki işlə bağlı məhkəmə tərəfindən yerli baxış keçirildikdən sonra cavabdeh tərəfindən mülki iş materiallarına əlavə olunmuş müqavilələrə nəzər yetirildikdə məlum olmuşdur ki, həmin müqavilələr Mahmud adlı şəxsə verilmişdir. Belə ki, onların dostu olan Nəbi adlı şəxs Mahmuddan tikinti materialları götürmüş və həmin materialların dəyəri olan 115.000 (yüz on beş min) ABŞ dolları borcu yaranmışdır. Lakin həmin borcu qaytara bilmədiyi üçün Mahmudla Nəbinin arasında narazılıq yaranmışdır. Sonradan cavabdeh Nəbinin dostu olaraq, onun borcu barədə Mahmudla danışıq aparan zaman, Mahmud borcun qarşılığı qismində girov olaraq, yuxarıda qeyd olunan müqavilələri imzalamağı istəmişdir. Nəbi ilə Mahmud arasında olan borc münasibətlərini pərdələmək adı ilə yuxarıda qeyd olunan müqavilələr cavabdeh tərəfindən imzalanmışdır. Razılıq əldə olunub ki, qeyd olunan müqavilələr girov olaraq imzalanır. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, X1 həyat yoldaşıdır. İddiaçı Əlövsət qızının tikintiyə gəlməsi və ona maneələrin yaradılması isə tamamilə yalandır. Bəlkə də, o, ümumiyyətlə, bu müqavilə bağlanan zaman Azərbaycanda olmayıb. Çünki, Mahmudun bildirdiyinə görə o, ailəsi ilə birlikdə Ukraynada yaşayır. Qeyd olunan müqavilələrin dəyərinə nəzərə yetirdikdə də məlum olur ki, həmin müqavilələr 115.000 (yüz on beş min) ABŞ dollarının dəyəri olaraq qiymətləndirilmişdir. Belə ki, hər iki müqavilə üzrə olan mənzillərin dəyəri də manat-dollar ekvivalenti ilə 115.000 (yüz on beş min dollar) məbləğində qeyd olunmuşdur. Halbuki, müqavilələrdə qeyd olunan qiymətə, bu tikintinin yerləşdiyi ərazidə mənzil tapmaq qeyri-mümkündür. Hər bir halda hesab edirik ki, qeyd olunan, "xxxx" MMC ilə İddiaçı Əlövsət qızı arasında olan xx.xx.2019-cu il tarixli müqavilələr digər mülki münasibətləri pərdələdiyinə görə etibarsız sayılmalıdır. Həmçinin məhkəmə qətnaməsinin əsası kimi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə yuxarıda qeyd olunan hallar barədə məlumat verilmiş və həmin hallara görə iddiaçı ilə olan müqavilələrin etibarsızlığı məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, məhkəməyə bu barədə qarşılıqlı iddia tələbi ilə müraciət olunsa da, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6266/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.1 və 157.2. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 387.2 və 387.3. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər Maddə 389.1 və 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 758. Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılır.

21. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

22. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 19 aprel 2019-cu il tarixli müqavilər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilələr mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, həmçinin müqavilələrdə podrat münasibətlərinin elementləri çoxluq təşkil edir..

23. Müqavilələrin şərtlərinə əsasən, cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən, binanın C blokunda, hazırki A-1 yaşayış binasında (A-1 blokunda) 22-ci mərtəbədə yerləşən ümumi sahəsi 195 kv.m. olan 136 saylı və ümumi sahəsi 80 kv.m. olan 137 saylı mənzili inşa edib tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra iddiaçıya verməsini, iddiaçı isə həmin mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır.

24. Belə ki, cavabdeh tərəf bəyan edir ki, iddiaçı ilə bağlanmış müqavilələr Mahmud adlı şəxsə verilmiş, Nəbi adlı şəxs MMC üçün Mahmuddan tikinti materialları götürmüş və həmin materialların dəyəri olan 115.000 (yüz on beş min) ABŞ dolları borcu yaranmış, lakin həmin borcu qaytara bilmədiyi üçün Mahmudla Nəbinin arasında narazılıq yaranmış, Mahmud borcun qarşılığı qismində girov olaraq, yuxarıda qeyd olunan müqavilələri imzalamağı istəmiş, Nəbi ilə Mahmud arasında olan borc münasibətlərini pərdələmək adı ilə yuxarıda qeyd olunan müqavilələr cavabdeh tərəfindən imzalanmış, razılıq əldə olunub ki, qeyd olunan müqavilələr girov olaraq imzalanır, sonradan araşdırma zamanı məlum olmuşdur ki, X1 həyat yoldaşıdır. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı ilə bağlanmış müqavilələri inkar etmir, sadəcə MMC-nin iddiaçının ərinə tikinti materiallarına görə 115.000 (yüz on beş min) ABŞ dolları borcu yarandığına görə qeyd olunan müqavilələrin borc münasibətlərini pərdələmək üçün girov məqsədilə bağlandığını qeyd edir.Təbii ki, bəyan edilən bu hallar sübuta yetirilməlidir. Onları sübut etmək yükü isə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh MMC bəyan etdiyi hallara dair məhkəməyə hər hansı bir, o cümlədən 115.000 (yüz on beş min) ABŞ dolları borcun qaytarılmasına dair sübut təqdim etməmişdir. Bu cür vəziyyətdə qeyd olunan müqavilələri etibarsız saymaq vicdanlılıq prinsipinə zidd və hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadə sayılır. Birdəki, mənzillərin alınması müqabilində pul əvəzi kimi tikinti materiallarının verilməsi də həmin müqavilələrin əvəzsiz olması demək deyildir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də mövcuddur.

25. Cavabdeh tərəf mənzillərin dəyərinin manat- ABŞ dolları ekvivalenti ilə 115.000 (yüz on beş min dollar) məbləğində qeyd olunduğunu göstərsə də bu faktın həqiqi olması belə iddianın əsassız olmasına dəlalət etmir. Eyni zamanda müqavilə şərtində mənzillərin 1 kv. metrinin qiymətinin 720 manat göstərilməsi də şikayətin əsaslı və müqavilələrin etibarsız olduğunu təsdiq edə bilməz. Ritorik də olsa sual oluna bilər ki, cavabdeh iddiaçı ilə mübahisəli mənzillərə dair həqiqi müqavilə bağlamamışdırsa, onda nə üçün bugünədək müqavilədən imtina yaxud etibarsızlıqla bağlı iddiaçıya hansısa təklif göndərməmişdir. Göründüyü kimi, cavabdeh tərəf şikayətində həmin dəlilləri qeyd etsə də yarana biləcək bu “sualların” cavabına da şikayətində aydınlıq gətirə bilərdi, ancaq gətirməmiş, apellyasiya baxışı zamanı da nümayəndəsi məhkəmə iclasında iştirak edərək qeyd olunan halları təkzib etməyə cəhd edə bilərdi, ancaq onu da etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin mövqeyi inandırıcı və ağlabatan olmamaqla, həm də xoş niyyətlə olmadığı da açıqaşkar bəllidir.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3790/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3790/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar