Məhkəmə qərarları › İş №2(103)-2354/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2354/2024

05.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2354/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı- cavabdehlər Vəkil1 və 27 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair ilkin, iddiaçı Vəkil1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və istifadə hüququna xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iştirakları ilə Səbail Rayon Məhkəməsinin 2(009)-325/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı- cavabdehlər Cavabdeh2 və 27 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, ünvan 2 nömrəli ev iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Belə ki, oğlu X2 vətəndaşı Ruziyə adlı şəxslə tanış olmuş, həmin şəxslə işgüzar münasibətlər qurmuşdur. Bu münasibətlər çərçivəsində Türkiyədə olan universitetlərə İran tələbələrinin qəbul edilməsi və imtahanlarla bağlı digər xidmətlər göstərərək ona köməkliklər edirmiş. Həmin xidmətlər müqabilində oğlu Mövlanverdi Rzuiyə xanımdan hissə-hissə olmaqla pullar almışdır. Qeyd edir ki, imtahanla bağlı xidmətlərin müddəti bir il olmuş və bir il müddət keçəndən sonra həmin sənədlər öz qüvvəsini itirirmiş. Belə olduğu halda Ruziya xanım bir ildən sonra guya 50.000 ABŞ dolları oğluna verməsi barədə şikayət edərək ödədiyi pulları əsassız olaraq oğlundan tələb etmiş, polisə şikayət etmişdir. Nəticədə Səbail rayon Polis İdarəsi tərəfindən oğlu saxlanılmışdır. Həmin idarədə oğlu barəsində araşdırma aparılmışdır. Həmçinin qeyd edir ki, oğlunu da həbs edəcəkləri ilə qorxudaraq ona Ruziyə xanım öz ofislərində guya borclu olması ilə bağlı müəyyən sənədlərə imza etdirmişlər. Ruziyə xanım iddiaçını oğlunu həbs etdirəcəyi ilə hədələmiş və əsassız pullar tələb etmişdir. İddiaçı oğlunun həbs edilməsindən qorxduğundan onun dedikləri ilə, yəni onun mülkiyyətində olan evi oğlu borcunu ödəyənə qədər onun adına girov qoyması barədə təklifi ilə razı oldu. Aradan uzun müddət keçdikdən sonra, yəni 29 oktyabr 2023-cü il tarixdə tanımadığı Cavabdeh2 adlı şəxs onun evinə gələrək evin ona məxsus olmasını və evdən çıxmağını tələb etdi. İddiaçı isə onu tanımadığını, onunla heç bir münasibətinin olmadığını, evi ona satmadığını, oğlunun borcu ilə əlaqədar evini Ruziyə xanıma girov qoydğunu, pulu qaytarandan sonra evinin sənədlərini alacağını bildirdi. Lakin Cavabdeh2 adlı şəxs ona alqı-satqı müqaviləsini təqdim etdi və iddiaçı müqaviləyə baxan zaman etirazı edərək evini satmadığını və burada göstərilən məbləğdə pul almadığını bildirdi. Həmçinin iddiaçı onlara bildirdi ki, yaşlı qadındır və heç bir qanundan və sənəddən anlayışı olmadığından onu aldatmışlar və evini başqa şəxsin adına keçirtmişlər. Bundan sonra Ruziya xanım da gəldi və evin ona məxsus olduğunu bildirdi. İddiaçı da bunun düzgün olmadığını, onlardan heç bir məbləğdə pul almadığından alqı-satqının qanunsuz olduğunu bildirdi. Həmçinin qeyd edir ki, onun evi X6 da adında ona borclu olduğuna görə girovda olmuşdur. Ruziya xanım ona bildirmişdir ki, eyni qayda ilə evi İlqar Eynullayevin adından çıxardıb öz adına girov qoyacaqdır. Həmin məbləği də İlqar Eynullayevə ödəyəcəklər. İddiaçı belə olduğu halda onunla razılaşmışdı ki, borcunu qaytaranda evini ona qaytaracaqdır. Lakin hazırda görür ki, onun evini tanımadığı adamın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. Bu isə onun iradəsinə zidd olmaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 ev satmamışdır və ondan da müqavilədə göstərilən məbləğdə pul almamışdır. Onun oğlunun Ruziya xanıma olan borcuna görə evini ona girov kimi qoymaq adı ilə aldadılmışdır və evini əlindən alıblar.

3. Cavabdeh2 cavabdehlər İddiaçı,X11, X12, X18, X27, X16, X7, X28, X17, X23, X34, X35, X10, X8, X5, X29, X24, X9 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 3 evə olan istifadə hüquqlarına xitam verilməklə məcburi çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılılı iddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında olan 25 saylı evi alqı-satqı yolu ilə alaraq mülkiyyət hüquqi əldə etmişdir, buna baxmayaraq öz mülkiyyətindən sərbəst istifadə edə bilmədiyi üçün, aşağıda göstərilən şəxsləri və həmin ünvanda qeydiyyatda olan X11, X12, X18, X30, X27, X16, X7, X28, X17, Həbibova fərvin Azər qızı, X34, X35, X10, X8, X5, X29, X24, X1 çıxmadıqları üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli (2-1(112)-9693/2023) qərarı ilə onlar ona məxsus evdən qeydiyyatdan çıxarılmışdır və yaşayış üzrə qeydiyyat haqqında arayışlardan məlum olur ki, həmin şəxslər ona məxsus evdən çıxarılmışdır və hal-hazırda həmin ünvanda heç kim qeydiyyatda yoxdur, ancaq yuxarıda adları çəkilən şəxslər onun mülkündən çıxmaqda imtina edirlər, bu da bir başa vətəndaşın konstitusion hüquqlarını pozmaq deməkdir.

5. Səbail Rayon Məhkəməsinin 2(009)-325/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər müqavilə bağlayarkən əsl iradələrini ifadə etmədən əsl niyyəti pərdələmək məqsədi ilə əqdi razılaşdırmışdırlar. Belə ki, tərəflərin hər ikisinin izahatlarından da görünür ki, tərəflər müqavilə bağlayarkən əsl niyyətləri evin alqı-satqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olmuşdur. Lakin bu tamamilə yalnış fikirdir və cavabdeh Azər Nuriyev belə bir fikir səsləndirməmişdir. Məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, evi alqı-satqı edərək alınmış pul məbləğini hazırki İddiaçı oğlunun borclu olduğu Ruziyə adlı şəxsə vermişdir. Yəni pul məbləğini Cavabdeh2 tərəfindən ödənilmiş, İddiaçı tərəfindən alındıqdan sonra isə Ruziyə adlı şəxsə ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi Cavabdeh2 fikrini təhrif edərək, guya evin girov qoyulduğunu bildirmişdir. Buna münasibətdə cavabdeh məhkəmədə bildirmişdir ki, tutaq ki, girov qoyulmuşdursa nəyə görə pulu bəs qaytarmırdın, bu suala isə İddiaçı heç bir cavab tapa bilməmişdir. Hazırki qətnamə Cavabdeh2 vicdanlı alıcı hüququnu və mülkiyyət hüququnu birbaşa pozur. Belə ki, Cavabdeh2 pulu ödəyir və rəsmi şəkildə İddiaçı pulu Cavabdeh2 bank vasitəsilə qəbul edir. Daha sonra həmin pulu Ruziyə adlı şəxsə oğlunun borclu olduğuna görə qaytarır. Lakin hazırki qətnamədən belə çıxır ki, ortada qazanan şəxs Ruziyə adlı şəxs olur, o iddiaçının ona olan borcunu ödəməsindən sonra hazırki iddiaçıya qarşı tələblərindən və şikayətlərindən imtina edir, lakin hazırki cavabdeh öz pulu ilə aldığı evi itirmiş olur. Nəhayət, hazırki qətnamə ilə ev qaytarılmış olsa iddiaçıya, belə çıxır ki, ortada itirən şəxs öz pulu ilə əmlak almış şəxs, vicdanlı alıcı olan Cavabdeh2 olur. Bu isə hazırki cavabdehin mülkiyyət hüquqlarının və vicdanlı alıcı olan Cavabdeh2 olur. Bu isə hazırki cavabdehin mülkiyyət hüquqlarının və vicdanlı alıcı hüquqlarının pozulması deməkdir. İddiaçı öz iradəsi və istəyi ilə evin alqı-satqısı barədə müqaviləni bağlamış, pulu isə alaraq oğlunun borcuna görə Ruziyə adlı şəxsə vermişdir. Bu məsələnin artıq hazırki Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Bu səbəbdən iddia təmin edilə bilməzdi. Məhkəmə nəzərə almamışdır ki, sözügedən AN-İ № ******* saylı alğı-satqı müqaviləsi 2022-ci ildə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır. Deməli iddiaçı özü bilərək, öz iradə ifadəsi ilə və istəyərək bu əqdi bağlamışdır. İddiaçı müqavilə bağlayanda hansı niyyətlə və hansı məqsədlə müqavilə bağladığını bilirdi və hər hansı zorakılıq, təsir, yaxud hədə altında əqdi bağlamamışdır. Əks halda iddiaçı aldandığını hesab edirsə, yaxud uydurma əqd bağlandığını iddia edirsə, o zaman müqavilə bağlanandan dərhal sonra müqaviləni mübahisələndirə bilərdi. Lakin iddiaçı bunu etməmişdir, onu qeydiyyatdan çıxaran zaman hansısa vəkil onları öyrətmiş və belə bir mövqe tutaraq iddia qaldırmağı izah etmişdir. Lakin iddiaçı müqavilənin bağlanmasından uzun müddət keçəndən sonra, yəni yuxarıdakı səbəbdən sonra iddia qaldırması onun haqsız olmağını sübut etmişdir. Halbuki müqavilə tam qanuni şəkildə əqdin qanunla nəzərdə tuutlan forma və şərtlərinə riayət etməklə bağlanmışdır. Ona görə də ilkin ididanın təmin olunması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə MM-nin 337-ci maddəsinə istinadən qeyd edir ki, ilkin tələb üzrə sözügedən müqaviləartıq əhəmiyyətsiz əqd sayıldığından onun heç bir hüquqi nəticələr yaratmaq kimi bir funksiyası olmamışdır. Əqd etibarsız sayıldığından və mövcud vəziyyət əqddən öncəki hala qayıtdığından, iddiaçının hazırki tələbinin də heç bir hüquqi əsası qalmır. Belə olan halda artıq qarşılıqlı iddia tələbi əsassız tələb olur. Məhkəmənin qeyd olunan mövqeyinə qarşı bildirilir ki, ilkin tələb üzrə mübahisələndirilən əqd qanunla nəzərdə tutulmuş əqdin forma tələblərinə riayət etməklə və tərəflərin iradə ifadəsilə bağlandığından qarşılıqlı iddianı irəli sürməkdə cavabdeh haqlı olmuş, qarşılıqlı iddia isə qanuni və əsaslı olmuş, ona görə də təmin edilməli idi. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinin xahiş etdi və əlavə olaraq bildirdi ki, o üçüncü şəxs olan Ruziyyəni tanıyır, Ruziyyə ona bildirmişdir ki, iddiaçının oğlunun ona 56.000 ABŞ dolları borcu var, lakin o borcunu verə bilmir, ondan polisə şikayət etmişdir, polisdə iddiaçı ondan xahiş etmişdir ki, şikayətini geri götürsün, yoxsa oğlunu tutacaqlar, o, evini satıb onun borcunu verəcək, o da Qızlı ilə razılaşmış, hazırda Qızlı onun borcunu qayrtarmaq üçün evini satmaq isəyir, amma sata bilmir. Bu söhbətdən sonra o da gedib evə baxmış, evin qiyməti bir qədər aşağı olduğundan, qiymətlə razılaşmış, bundan sonra iddiaçı bütün qeydiyyatda olanların notariat qaydasında ərizələrini alaraq notariat ofisində qanuni alqısatqı etmişlər, onun tərəfindən evin razılaşdırılmış məbləği olan 95.000 manat bank hesabına köçürülmüş, iddiaçı da həmin vəsaiti şəxsən götürərək Ruziyyə xanıma vermişdir. Cavabdeh əlavə olaraq bildirdi ki, həmin vaxt belə bir söhbət olmuşdur ki, iddiaçı bir ilə pul əldə edəcək və evi yenidən ondan alacaq, lakin həmin vaxtdan iki ildən də artıq vaxt keçmişdir, o indi də əlavə xərcləri ilə birlikdə evi iddiaçıya satmağa razıdır, lakin iddiaçı sadəcə olaraq, evin əvəzsiz qaydada ona qaytarılmasını istəyir ki, bu da mümkünsüzdür.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin və Cavabdeh2 izahatına uyğun izahat verərək şikayətin təmin edilməsinin xahiş etdi və əlavə olaraq göstərdi ki, rayon məhkəməsi hazırkı iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticə də də düzgün olmayan qətnamə qəbul etmiş, rayon məhkəməsi əsassız olaraq mübahisələndirilən əqdin etibarsız olması nəticəsinə gəlmiş, bununla belə, etibarsızlığın nəticələrini tətbiq etməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və mahiyyət etibarı ilə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, həqiqətən də oğlunun Rüziyyəyə borcu olmuş, o, oğlunun tutulmaması məqsədi ilə Ruziyyə ilə ona olan borcu ödəməyə dair razılığa gəlmiş, bu məqsədlə evini girov qoyub pul götürmək istəmiş, əslində oğlunun borcu az olmuş, Ruziyyə həmin məbləği şişirtmiş, o oğlunun tutulmaması üçün məcbur olub evini satmaq qərarına gəlmiş, o, Cavabdeh2 tanımamış, onu Ruziyyə özü ilə gətirmiş, həmin vaxt razılaşmışlar ki, evin pulu qaytarılanda ev yenidən ona qaytarılacaq, onunla razılıq belə olmuşdur ki, Azərin verdiyi pulun müqabilində ev onda girovda olacaq, müqavilənin alqı-satqı olmasından xəbəri olmamış, onu aldatmışlar, əsası isə evə görə ödənilən pul ona çatmamış, o ümumiyyətlə pul almamışdır, hazırda hesab edir ki, oğlu öz əməllərinə görə özü məsuliyyət daşımalıdır, onu tuturlarsa, qoy tutsunlar, o evinin qaytarılmasını istəyir, başqa yaşayış yeri yoxdur, pulun məxaric sənədindəki imza da onun deyil, o belə bir sənədə imza atmayıb, hazırda isə cavabdehin təklifinə əsasən onun xərcləri ilə birlikdə pul ödüyərək evin geri alınmasına münasibətdə isə iddiaçı bildirdi ki, onun pulu yoxdur, o, ümumiyyətlə, cavabdehə hər hansı pul ödəmək fikrində də deyil, çünki evin pulu ona çatmayıb.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, onun təmin olunmamasını xahiş etdi, əlavə olaraq da göstərdi ki, iddiaçının savadsız olmasından istifadə edib onu aldadıblar, mənzil əslində girov kimi sənədləşdirilməli idi, mənzilə görə pul da iddiaçıya çatmayıb, həmin pul Ruziyyəyə çatıb, müqavilədə göstərilən məbləği İddiaçı almamış, o, pulun alınmasına dair hər hansı sənədə imza atmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Apellyasiya şikayətinə baxılması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında bildirdi ki, iddiaçının oğlu Mövlanverdi ilə iş birlikləri olmuş, bu zəmində Mövlanın ona 60.000 ABŞ dollarına yaxın borcu yaranmış, Mövlan onun borcunu verməkdən yayınmış, ona məlum olmuşdur ki, əslində Mövlan dələduzluq edərək onu aldadaraq pullarını ələ keçirmiş, o məcburiyyətdən polisə şikayət etmiş, həmin vaxt Mövlanın real olaraq həbs olunması məsələsi həll olunanda, onun anası gələrək ona və polisə yalvar- yaxar etmişdir ki, evini satıb oğlunun borcunu ödəyəcək, təki oğlu həbs edilməsin, o da iddiaçıya yazığı gələrək onunla razılaşmış, bundan sonra iddiaçı evini sataraq onu borcunu vermək istədiyini, lakin sata bilmədiyini bildirmiş, o bu barədə tanışı Azərə demiş, Azərlə gedib evə baxmışlar, iddiaçı ilə Azər qiyməti razılaşdırıb notariat ofisində evin alqı-satqısını etmişlər, həmin vaxt iddiaçı da, onun ailə üzvləri də evin satıldığını bilirdilər, evə görə ödənilən pulu iddiaçı şəxsən sənədə qol çəkərək almış və ona vermişdir, əslində Mövlanın ona olan borcu daha çox olmuş, lakin o yaranmış vəziyyətdə o həmin, yəni 95.000 manat məbləğlə razılaşmışdır.

12. Cavabdeh 27 saylı Notariat ofisi məhkəmə iclasına onların iştirakları olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

13. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin işə onun iştirakı olmadan baxılmasına dair fikirlərini nəzərə alıb və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

14. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 95,000 manat dəyərində Cavabdeh2 satılmışdır.

15. Mülki işdə olan 27 saylı Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə dair Notariat işindən görünün ki, mübahisəli evə qeydiyyatda olan İddiaçı, Nazilə Əliyeva, Mövlanverdi Həbibov, Aydan Həbibova, Şəbnəm Həbibova, Saçlı Həbibova, X47 Həbibov, Məhərrəm Həbibov, Azər Xudaverdiyev, Elməddin Həbibov, Safura Həbibova, Ruhiyyə Həbibova notarial qaydada ərizə verərək evin satılmasına və evdən qeydiyyatdan çıxmağa razılıq vermişlər (iş/vər. 56-74)

16. Bakı inzibati Məhkəməsinin 2-1(112)-9693/23 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 iddiası təmin edilərək ünvan 2 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları müəyyən edilmişdir.

17. Həmin qərardan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar hazırda qüvvəyə minmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanı üzrə Cavabdeh2 mülkiyyət hüququ əldə etmişdir.

19. 26 oktyabr 2022-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 95,000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən 27 saylı Notariat Ofisinin depozit hesabına köçürülmüşdür.

20. "xxxx" ASC-in GB № 166091 nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzində göstərilmişdir ki, həmin cekdəki məbləğ İddiaçı tərəfindən götürülmüşdür.

21. Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş GB № 166091 nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.

22. "xxxx" LTD MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 14 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesalanmış bazar dəyəri 125000 manat, likvid dəyəri isə 100000 manat olmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

23. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

24. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.... 351.2. Əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edəsə, bunula o, mübahisə etmək hüququnu itirir.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 304.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları:

25. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

26. Hazırkı halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbləri təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmuşdur. Həmin fərdi yaşayış evi 95.000 manat dəyərində AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır.

29. Hazırda iddiaçı Cavabdeh2 ilə arasında bağlanmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələbinin əsası kimi göstərir ki, sözügedən müqavilə onun aldadılması yolu ilə bağlanmışdır və real müqavilə olmamış, əslində borcun müqabilində təminat olaraq bağlanmışdır, iddiaçı eyni zamanda iddia etmişdir ki, o, ümumiyyətlə pulu da almamışdır.

30. Rayon məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər müqavilə bağlayarkən əsl iradələrini ifadə etmədən əsl niyyəti pərdələmək məqsədi ilə əqdi razılaşdırmışdırlar. Belə ki, tərəflərin hər ikisinin izahatlarından da görünür ki, tərəflər müqavilə bağlayarkən əsl niyyətləri evin alqı satqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olmuşdur. Bundan başqa alqı-satqıdan sonra evin dəyəri kimi müqavilədə qeyd olunmuş 95.000 manat məbləğində pul vəsaiti alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçıya ödənilməmiş, notariusun depozit hesabına qoyulduqdan sonra məhz özü tərəfindən də götürülmüşdür. Belə olan halda məhkəmə qeyd etmişdir ki, müqavilə onun etibarlılığı üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə bağlanmadığından etibarsız müqavilədir.

31. Apellyasiya şikayətində ilkin iddia üzrə cavabdeh isə bildirir ki, müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaiti onun tərəfindən notariusun depozit hesabına qoyulmuş və iddiaçı tərəfindən də şəxsən götürülmüşdür iddiaçı bu halı israrla inkar etmişdir.

32. Bu halın hazırkı mübahisənin düzgün həlli baxımından əhəmiyyətini və bununla bağlı tərəflərin yekdil razılığını nəzərə alaraq, məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı qeyd olunan müqavilə üzrə ödənilmiş vəsaitin götürülməsinə dair məxaric qəbzidəki imzanın iddiaçıya məxsusluğunun müəyyən edilməsi məqsədi ilə həmin qəbzin əsli sorğu edilərək götürülmüşdür.

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı həmin qəbzə münasibətdə bir daha bildirmişdir ki, müqavilədə göstərilən məbləği o qəbul etməmiş, məxaric qəbzindəki imza da ona məxsus deyil.

34. Belə olan halda, məhkəmə kollegiyası tərəflərindən iş materiallarında olan GB № 166091 nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzindəki “çekdə göstərilən məbləği aldım” qrafasındakı imzanın– İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra edilməsinin müəyyən olunması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

35. Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş GB № 166091 nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverciliyə əsasən ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Hazırkı işdə qeyd olunan rəylə müəyyən olunmuş halı şübhə altına alan hər hansı sübut müəyyən edilməmişdir.

37. Göründüyü kimi, müqavilə bağlanarkən mənzilin dəyəri kimi razılaşdırılmış 95.000 manat məbləğində pul vəsaiti alıcı qismində iştirak edən Cavabdeh2 tərəfindən notariusun depozit hesabına qoyulmuş və həmin vəsait satıcı İddiaçı tərəfindən götürülmüşdür.

38. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin vəsait satıcı tərəfindən götürüldükdən sonra onun hər hansı üçüncü şəxsə verilməsi hazırkı iş üzrə hər hansı əhəmiyyət kəsb etmədiyindən onun əlavə əsaslandırılmasına lüzum qalmır.

39. Məhkəmə kollegiyası həmçinin mənzilin satış qiyməti ilə bağlı qeyd edir ki, "xxxx" LTD MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 14 oktyabr 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesalanmış bazar dəyəri 125000 manat, likvid dəyəri isə 100000 manat olmuşdur.

40. Kollegiya mütəxəssis rəyində mənzilin likvid dəyərinin 100.000 manat müəyyən edilməsini, eləcə də, MM-in 398.1-ci maddəsinə əsasən, müqavilənin icrasının tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməsi barədə Qanunun mövqeyini nəzərə alaraq qeyd edir ki, mənzilin satıldığı 2022-ci il üçün həmin məbləğ ağılabatan olmuşdur.

41. Rayon məhkəməsi qeyd etmişdir ki, tərəflərin hər ikisinin izahatlarından da görünür ki, tərəflərin müqavilə bağlayarkən əsl niyyətləri evin alqı-satqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə digər bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.

43. Göründüyü kimi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd kimi qiymətləndirilməsi üçün tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların təsdiq edilib – edilməməsi vacib amillərdəndir, lakin hazırki vəziyyətdə rayon məhkəməsi - tərəflərin müqaviləni imzalayarkən iddiaçının oğlunun Ruziyə adlı şəxsə olan borcunu ödəməsi müqabilində evin yenidən iddiaçıya qaytarılması barədə şifahi razılaşmalarının olduğunu bildirsə də, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı aydın şəkildə, ümumiyyətlə, heç kəsə, o cümlədən də cavabdehə pul ödəmək fikrində olmadığını bildirmişdir.

44. Bundan başqa, həmin evdə qeydiyyatda olan şəxslərin (on üç nəfər) müqavilənin bağlanmasına dair açılmış notariat işində olan və notariat qaydasında təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar hamısı ayrı-ayrılıqda məhz evin satılmasına razılıq vermiş və müqavilədə qeyd edilən müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.

45. Qeyd olunanlara əsasən müəyyən edilir ki, tərəflərin müqavilə bağlayarkən əsl niyyətləri evin alqı- satqısı nəticəsində cavabdeh tərəfindən dəyəri ödənilməklə evi əldə etmək deyil, iddiaçının oğlunun borcunun təminatı kimi evi girov saxlamaq olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün bununla bağlı izahatları da ardıcıl olmamışdır, o, bir halda oğlunun borcuna görə evini girov qoyaraq borc aldığını və oğlunun borclusunu razı saldığını, bir halda müəyyən müddətdən sonra pul toplayaraq verdikdən sonra evinin yenidən ona qaytarılacağını, bir halda isə evə görə, ümumiyyətlə, pul almadığını, cavabdehə isə hər hansı məbləğdə pul vermək fikrində olmadığını bildirmişdir.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaklarla bağlı, həm də natoriat qaydasında bağlanmış əqdin yalan əqd olmasının sübut edilməsi iddiaçı təlrəfindən biri digərin tamamlayan, hər hansı şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutların təqdim edilməsini tələb edir. İddiaçı isə məhkəməyə belə sübutlar verə bilməmişdir.

47. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

48. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. Hazırkı halda satılan evin iddiaçıya aid olması, iddiaçıya oğlunun borcunu ödəmək üçün böyük məbləğdə pulun lazım olması, oğlunun borclusu ilə evin satılmasına dair razılğa gəlməsi, həmin evdə qeydiyyatda olan şəxslərin hamısının, həm də notariat qaydasında təsdiqlənmiş yuxarıda qeyd olunan məzmunda razılıq ərizələri verməsi, iddiaçının özünün şəxsən notariat ofisində olmaqla müqaviləni imzalaması, müqavilə ilə müəyyənləşdirilmiş evin qiymətini təşkil edən pul vəsaitini şəxsən alması halları şəksiz olaraq müəyyən edilmişdir.

50. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi əqdin əhəmiyyətsizlik səbəbindən etibarsız əqd olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır.

51. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda evin satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

52. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

53. X30 isə mübahisəli evi özgəninkiləşdirməklə həmin evə dair istifadə hüquqlarını da itirmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdehlər isə evin satılmasına razılıq verərkən, həm də müqavilədə qeyd edilən müddətə mənzildən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Demək ki, qarşılıqlı iddia tələbi həm də onlara münasibətdə əsaslıdır və təmin olunmalıdır.

54. MM-in 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

55. Göründüyü kimi, həmin mənzildə qeydiyyatda olan cavabdehlər evin satılması zamanı mənzildən qeydiyyat çıxacaqlarına dair notarial qaydada öhdəlik götürdüklərindən, onların istifadə hüququna xitam verilməlidir.

56. Digər tərəfdən, mülki iş materiallarından görünür ki, X11, X12, X18, X30, X27, X16, X7, X28, X17, Həbibova fərvin Azər qızı, X34, X35, X10, X8, X5, X29, X24, X3 mübahisəli evdən qeydiyyatdan çıxarılmaları barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9693/2023 nömrəli qərarı ilə təmin edilmiş və onlar mübahisəli evdən qeydiyyatdan çıxarılmışdır və yaşayış üzrə qeydiyyat haqqında arayışlardan məlum olur ki, həmin şəxslər ona məxsus evdən qeydiyyatdan çıxarılmışdır və hal-hazırda həmin ünvanda heç kim qeydiyyatda yoxdur.

57. Həmin qərardan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar hazırda qüvvəyə minmişdir.

58. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə səhv qənaətə gəlmişdir.

59. Odur ki, qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir, cavabdehlər istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmalıdır.

60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

61. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

62. Konstitusiya Məhkəməsinin Plenumu “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

63. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

64. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün tətbiq və təfsir edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir.

65. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia eləcə də apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumu İddiaçı Cavabdeh2 xeyrinə tutulmalı, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda qiymətləndirmə hesabatının tərtib edilməsi üçün çəkilmiş 300 manat xərc İddiaçı tutularaq "xxxx" LTD MMC Qiymətləndirmə Şirkətinin hesabına köçürülməlidir.

66. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-325/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Vəkil1 və 27 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdehlər İddiaçı, X11, X12, X18, X27, X16, X7, X28, X17, X25, X34, X35, X10, X8, X5, X29, X24, X13 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılsınlar. Qarşılıqlı iddia, eləcə də apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndirmə hesabatının tərtib edilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc İddiaçı tutularaq "xxxx" LTD MMC Qiymətləndirmə Şirkətinin H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar